Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq

20.01.2018 23:04     Sport reaksiya     1284

Yanvarın 19-21-də keçiriləcək Tunis Qran-Prisi cüdoda beynəlxalq mövsümə start verəcək. REAKSIYA “azerijudo.com” saytına istinadla xəbər verir ki, builki təqvim yetərincə gərgindir: on Qran-Pri və beş “Böyük dəbilqə” turniri nəzərdə tutulub. İlin ən gözlənilən hadisəsi isə şübhəsiz ki, Bakıda keçiriləcək dünya çempionatıdır. Beynəlxalq Cüdo Federasiyası (IJF) qarşıdan gələn mundiala “Gərgin il” adlı xüsusi məqalə həsr edib. Portal yazır: “Ötən il Budapeştdə keçirilən parlaq dünya çempionatından sonra, - bu çempionat təkcə 14 çəki dərəcəsində yeni qaliblərinin adlarını deyil, həm də qarışıq komanda yarışlarında qalib titulunun ilk sahibinin (Yaponiya) adını açıqladı, - Bakıdakı planet birinciliyi böyük səbirsizliklə gözlənilir. Bir tərəfdən, idmançılar 2020-ci ildə Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün Olimpiya balları toplayacaqlar, digər tərəfdən, Bakıda Olimpiya tituluna namizədləri görmək, yaxın üç ildə dünya arenasında əsas rol oynayacaq idmançıları müəyyən etmək mümkün olacaq”. Qarşıdan gələn dünya çempionatının böyük maraq doğuran hadisələrindən biri 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizədir. Qeyd edək ki, uzun illər bu çəki dərəcəsində onqat dünya çempionu və ikiqat Olimpiya çempionu, fransalı Teddi Riner lider olub. IJF yazır: “Görəsən T.Riner ağırçəkililərin mübarizəsində öz üstünlüyünü yenidən sübuta yetirə biləcəkmi? Olimpiya çempionu Majlinda Kelmendi yetərincə mürəkkəb olan ötən mövsümdən sonra əvvəlki səviyyəyə qayıda biləcəkmi? 2020-ci ildə öz meydanında - Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşan Yaponiya komandası məğlubedilməzliyini qoruyub saxlaya biləcəkmi? Bakıdakı çempionat məhz bu suallara aydınlıq gətirəcək”.

Şərhlər

Çox oxunanlar