Şəhriyar Məmmədyarov FİDE-nin reytinqində ikinci pilləyə yüksəlib

02.02.2018 12:35     Sport reaksiya     1322

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq cədvəlində ikinci yeri tutur. REAKSİYA xəbər verir ki, FİDE 2018-ci il fevralın 1-nə olan reytinq siyahısını açıqlayıb. Şəhriyar Məmmədyarov reytinqdə 2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə, öz mövqeyini yaxşılaşdıraraq fevralda üçüncü yerdən ikinci pilləyə yüksəlib. Şahmatçımız FİDE-nin reytinq siyahısında öz əmsalını 10 xal artıraraq 2814 xala çatdırıb. FİDE-nin məlumatına görə, Norveçdən olan dünya çempionu Maqnus Karlsen 2843 xalla dünyanın ən güclü şahmatçılarının siyahısında liderliyini davam etdirir Üçüncü yeri keçmiş dünya çempionu, rusiyalı Vladimir Kramnik tutur (2800 xal). Digər şahmatçımız Teymur Rəcəbov (2748) yanvar ayı ilə müqayisədə bir pillə yüksələrək 18-ci yerdə qərarlaşıb. Öz əmsallarını və mövqelərini qoruyub saxlayan digər Azərbaycan şahmatçıları Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) 41-ci yeri tuturlar.

Şərhlər