Futbol dünyasının ən ali mükafatının Azərbaycana gətirilməsi münasibətilə tədbir təşkil edilib

10.02.2018 14:42     Sport reaksiya     1297

Futbol üzrə dünya çempionatı ərəfəsində mundialın Kubokunun əslinin dünya turu çərçivəsində FIFA-Coca-Cola və AFFA tərəfindən ilk dəfə olaraq Azərbaycana gətirilməsi münasibətilə fevralın 9-da Bakıda tədbir təşkil edilib. Reaksiya xəbər verir ki, rəsmi şəxslərin, AFFA rəhbərliyinin, yerli və əcnəbi jurnalistlərin iştirak etdikləri tədbirdə futbol üzrə dünya çempionatının Kubokunun xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların və futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambonun müşayiəti ilə Bakıya gətirildiyi bildirilib. Kubokun Bakıya gətirilməsi çərçivəsində yerli KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib. Mətbuat konfransının ardından şəhər sakinlərinə və qonaqlara nümayiş etdirilməsi üçün Kubok “Gənclik Mall” ticarət mərkəzinə aparılıb, futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biliblər. Bu gün iki mindən çox azarkeş futbol dünyasının ən ali mükafatı ilə şəkil çəkdirib. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel Dünya Kubokunun Azərbaycana gətirilməsinin qürurverici olduğunu vurğulayıb. Qeyd edib ki, tədbirin Azərbaycanda da keçirilməsinin futbolun və ölkənin təbliğatı, azarkeşlərin marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanda son illər idman sahəsi inkişaf edir. Azərbaycan böyük idman yarışlarına ev sahibliyi edir. “Coca-Cola” şirkəti və FIFA Kubokun dördüncü dəfə dünya turunu təşkil etməklə müxtəlif ölkələrdəki çoxsaylı azarkeşlərə futbol üzrə 2018-ci il dünya çempionatının bir hissəsi olmaq və bu böyük yarışdan zövq almaq imkanı verir. Kubokun bu gün Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunduğunu qeyd edən Erdinc Güzel dövlət başçısı tərəfindən idmana, idmançılara, futbola yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. O, Kubokun gələcəkdə Azərbaycanda qısa müddətdə yox, daim qalmasını arzulayıb. AFFA-nın baş katibi Elxan Məmmədov diqqətə çatdırıb ki, Dünya Kubokunu hər hansı bir ölkədə görmək üçün üç səbəb ola bilər. Birinci səbəb odur ki, həmin ölkə futbol üzrə dünya çempionatının qalib olmalıdır. İkinci səbəb, həmin ölkə dünya çempionatına ev sahibliyi etməlidir. Üçüncü səbəb isə dünya turnesi çərçivəsində çempionatın Kubokunun həmin ölkəyə gətirilməsidir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə ilk iki səbəbə görə də Kubok ölkəmizə gətiriləcək. Kubokun Bakıya gətirilməsi futbolsevərlər üçün böyük idman bayramıdır. FIFA nümayəndəsi Lukas Rakov təşkilatın nümayəndə heyətini dəvət etdiyinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və AFFA-ya minnətdarlıq edib. O bildirib ki, Kubokun əslinin dünya turu çərçivəsində hər hansı bir ölkədə nümayişi nadir və tarixi hadisələrdəndir. Çünki futbolçuların özləri də məhz dünya çempionatında oynamağı, kuboku əllərində qaldırmağı arzulayırlar. Sonra Dünya Kuboku ictimaiyyət və media nümayəndələrinə nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, ötən ilin sentyabrında Rusiyada start götürən tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək. Doqquz ay ərzində 126 min kilometr məsafə qət edərək Kubok səyahətini futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq. Dünya Kubokunun əsli mundialın qalibi olan komandaya təqdim olunsa da, FIFA-nın sərəncamında qalır. Qızıldan hazırlanmış, 6 kiloqramdan çox ağırlığı olan Kubokun kompozisiyası Yer Kürəsini əlləri üzərində saxlayan iki insan fiqurundan ibarətdir. Reaksiya.az

Şərhlər