Pxençan-2018: Olimpiadanın açılış mərasimi baş tutub

Pxençan-2018: Olimpiadanın açılış mərasimi baş tutub
Tarix: 10.02.2018 14:44
Oxunma sayı: 372
Mənbə: reaksiya.az
Müəllif: Rasim Axundov
Paylaş:
XXIII Qış Olimpiya Oyunlarının Pxençan olimpiya stadionunda keçirilən açılış mərasimi bir sıra özünəməxsus hadisələrlə, parlaq səhnələrlə yadda qalıb. REAKSİYA xəbər verir ki, Oyunların rəsmi açılış mərasimi “Bütün dünyada sülh naminə” devizi altında keçib. Mərasimin gedişində Con Lennonun bütün dünyada sülhü tərənnüm edən “Imagine” mahnısı səsləndirilib. Mərasim iştirakçıları ailə ocağının rahatlığının simvolizə edən şamlar yandırıb, sonra göyərçin formasında düzülüblər. Tədbirin ssenari müəllifləri əsasən müasir texnologiyalardan istifadə ediblər, belə ki, tamaşaçılar qarşısında rəqəmsallaşmış dünyanın obrazı canlandırılıb. Rəqəmsal texnologiyalar vasitəsilə mediamərkəzə çevrilən arenadan dünyanın bütün guşələrinə bu Oyunların əsas mesajı - bütün dünyada sülh mesajı obrazlı şəkildə çatdırılıb. Cənubi Koreyadan olan səkkiz idmançı Olimpiya bayrağını arenaya gətirib. Olimpiya məşəlini yandırmaq şərəfi fiqurlu konkisürən – 2010-cu il Olimpiya çempionu, Soçi-2014 Olimpiadasının gümüş mükafatçısı Kim Yon Aya nəsib olub. Olimpiya alovu teleskopik məşəlin köməyilə yandırılıb. Pxençan-2018 Olimpiadasının açılış mərasiminin unikallığı, həmçinin Cənubi Koreya və KXDR komandalarının idmançıların paradında vahid Koreya bayrağı altında keçməsi olub. Bu, son 12 ildə ilk dəfə baş verib. Vahid Koreya bayrağı əvvəllər Sidney-2000, Afina-2004 və Turin-2006 olimpiadalarında istifadə edilmişdi. Tərəflər arasında soyuqluq yaranması nəticəsində 2006-cı ildən sonra bu ənənə dayandırılmışdı. Olimpiadanın açılış mərasimində Cənubi Koreya Prezidenti Mun Çe-İn ilk dəfə olaraq KXDR liderinin bacısı Kim Yo Çon ilə görüşüb. İki ölkənin nümayəndələri bir-birinin əlini sıxıblar. Xatırladaq ki, Olimpiya Oyunları Pxençan ilə yanaşı, Qanqneunq və Ceonqsen şəhərində, ümumilikdə 12 idman obyektində keçiriləcək. Oyunların proqramına 15 idman növü daxildir və idmançılar 102 dəst medal uğrunda mübarizə aparacaqlar. Pxençan-2018 Olimpiadasında Azərbaycan da təmsil olunur. Ölkəmiz Qış Olimpiya Oyunlarında 1998-ci ildən iştirak edir.

Şərhlər