“Pxençan-2018”: 21 ölkənin paralimpiyaçıları medalçılar arasında yer alıblar

“Pxençan-2018”: 21 ölkənin paralimpiyaçıları medalçılar arasında yer alıblar
Tarix: 13.03.2018 11:39
Oxunma sayı: 144
Paylaş:
Martın 12-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının dördüncü günündə 9 dəst medalın sahibləri müəyyənləşib. Reaksiya.az xəbər verir ki, paralimpiyaçılar sərbəst xizəkçilik və snoubord yarışlarında medallar uğrunda yarışıblar. Oyunların dördüncü günündə sonubordun kross növü yarışları keçirilib. Krossun “SB-LL1” kateqoriyasında qadınların mübarizəsində ilk iki pilləni ABŞ idmançıları tutublar. Brenna Hukabi birinci, Emi Purdi ikinci olublar. İlk üçlüyü Fransa təmsilçisi Sisile Hernandez tamamlayıb. Kişilərin “SB-UL” kateqoriyasında Avstraliya təmsilçisi Simon Patmore “Pxençan-2018”in qalibi olub. İtaliya idmançısı Manuel Pozzerle yarışı ikinci, ABŞ atleti Mayk Minor isə üçüncü pillədə başa vurublar.“SB-LL2” kateqoriyasında qadınların yarışlarında Niderland paralimpiyaçıları Bibian Mentel-Spi və Liza Bunşoten ilk iki pillədə yer alıblar. İspaniyalı Astrid Fina Paredes bürünc medal qazanıb. Kişilərin “SB-LL1” kateqoriyasında ABŞ atleti Mayk Şultz fərqlənib. Niderland təmsilçisi Kris Vos ikinci, digər ABŞ idmançısı Noah Elliott isə üçüncü olublar. “SB-LL2” kateqoriyasında kişilərin mübarizəsində finlandiyalı Matti Suur-Hamari Paralimpiya çempionu adını qazanıb. ABŞ idmançısı Keit Qabel gümüş, yaponiyalı Qurimu Narita bürünc medal əldə ediblər. Sərbəst xizəkçilik yarışlarında kişilərin 20 kilometr məsafəyə ayaq üstə mübarizəsində ukraynalı İqor Reptyux 44 dəqiqə 52 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Fransalı Benjamin Daviet və Norveç xizəkçisi Hakon Olsrud ilk üçlüyü tamamlayıblar. Görmə qabiliyyəti zəif olan kişilərin 20 kilometr məsafəyə yarışlarında Kanada idmançısı Brayn MkKiver 46 dəqiqə 2 saniyə nəticə ilə Paralimpiya çempionu olub. Belarus təmsilçiləri Yuri Xolub gümüş, fransalı Tomas Klarion isə bürünc medal qazanıblar. Görmə qabiliyyəti zəif olan qadınların 15 kilometr məsafəyə mübarizəsində belaruslu Svetlana Saxanenko 49 dəqiqə 11 saniyə nəticə ilə çempion adına sahib olub. Ukrayna xizəkçisi Oksana Şişkova gümüş, Paralimpiya bayrağı altında çıxış edən rusiyalı atlet Mixalina Lisova isə bürünc medal əldə ediblər. Qadınların 15 kilometr məsafəyə ayaq üstə mübarizəsində Rusiya idmançıları - Yekaterina Rumyantseva (49 dəqiqə 37 saniyə) və Anna Milenina ilk iki yerdə qərarlaşıblar. Ukraynalı Ludmila Liaşenko isə yarışda üçüncü olub. “Ağ Paralimpiada”nın dördüncü gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 6 qızıl, 5 gümüş və 4 bürünc medal var. Ümumilikdə 21 ölkədən idmançılar medalçılar arasında yer alıblar. Fransa (3-3-3) ikinci, Ukrayna (3-2-4) üçüncü, Rusiya (3-2-1) dördüncü, Kanada (3-1-3) isə beşinci pillədə qərarlaşıb.

Şərhlər