İddiaçılar turniri: qrossmeysterimiz Şəhriyar Məmmədyarov 13-cü turda Rusiya təmsilçisi üzərində qələbə qazanıb

27.03.2018 14:30     Sport reaksiya     1213

Martın 26-da Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 13-cü turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə qarşılaşıb. Reaksiya.az xəbər verir ki, ağ fiqurlarla oynayan Ş.Məmmədyarov 39-cu gedişdə qələbə qazanıb. Bununla da, azərbaycanlı qrossmeyster hesabındakı xallarının sayını 7,5-ə çatdırıb. Azərbaycanlı qrossmeyster bu qələbə sayəsində turnirin lideri Sergey Karyakini qabaqlayaraq ikinci pilləyə yüksəlib. Şahmatçımız hazırda rusiyalı Sergey Karyakinlə xalları bərabərləşdirib. Bu görüşdən sonra hesabında üç qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 7,5 xal var. Növbəti turda Ş.Məmmədyarovun rəqibi Vladimir Kramnik (Rusiya) olacaq. Digər görüşdə turnirin liderlərindən Fabiano Karuana (ABŞ) Levon Aronyana (Ermənistan) qalib gəlib. Tur çərçivəsində keçirilən Sergey Karyakin (Rusiya) – Uesli So (ABŞ), eləcə də Vladimir Kramnik (Rusiya) - Liren Dinq (Çin) qarşılaşmalarında qalib müəyyənləşməyib. Beləliklə, XIII turdan sonra aktivində 8 xal olan Fabiano Karuana turnir cədvəlində liderdir. Şəhriyar Məmmədyarov 7,5 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədədir. Liren Dinq 7 xalla dördüncü, Aleksandr Qrişuk 6,5 xalla beşinci, Vladimir Kramnik 6 xalla altıncı, Uesli So 5,5 xalla yeddinci yerdə qərarlaşıb. Aktivində 4 xalı olan Levon Aronyan isə sonuncudur. İddiaçılar turnirinə martın 28-də yekun vurulacaq. On dörd raunddan ibarət iddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan şahmatçı Londonda dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.

Şərhlər