UEFA Çempionlar Liqası: “Bavariya” və “Real” klubları yarımfinala yüksəliblər

UEFA Çempionlar Liqası: “Bavariya” və “Real” klubları yarımfinala yüksəliblər
Tarix: 12.04.2018 18:12
Oxunma sayı: 225
Paylaş:
Aprelin 11-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub və sonuncu iki yarımfinalçı da müəyyənləşib. Madridin “Real” və Münxenin “Bavariya” klubları yarımfinala vəsiqəni təmin ediblər. Reaksiya.az xəbər verir ki, günün ən maraqlı qarşılaşması “Real” klubu ilə Turinin “Yuventus” komandası arasında oynanılıb. “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə italiyalılar ev qarşılaşmasında 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün inamlı oyun nümayiş etdiriblər. Matçda hesabı 2-ci dəqiqədə “Yuventus”un heyətində Mario Mandzukiç açıb. Xorvatiyalı hücumçu 37-ci dəqiqədə özünün və komandasının ikinci qolunu madridlilərin qapısından keçirib. Görüşün 61-ci dəqiqəsində Blaisi Matuidi “Real”ı üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur edib. Bu qoldan sonra oyunda təzyiqi artıran Madrid təmsilçisi “Yuventus”un qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. “Real” öz istəyinə matçın əsas vaxtına əlavə edilmiş hissənin son dəqiqəsində çatıb. Hakim “Yuventus”un müdafiəçisi Medhi Benatianın “Real”ın yarımmüdafiəçisi Lukas Vaskesin qarşısını kobudluqla almasına görə qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Real”ın yarımfinala yüksəlməsini təmin edib. Beləliklə, “Real” doğma meydanda 1:3 hesabı ilə məğlub olsa da, təmiz səfər qələbəsi (3:0) sayəsində yarımfinala vəsiqə qazanıb. Günün digər qarşılaşmasında isə Almaniyanın “Bavariya” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəliblər. Münxenlilər “Sevilya”da keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəldiklərindən yarımfinala yüksəlmək üçün heç-heçə də qane edirdi. “Bavariya” doğma meydanda “Alyanz Arena”da qolsuz heç-heçəyə nail olmaqla bu vəzifənin öhdəsindən asanlıqla gəlib və yarımfinala yüksəlib. Xatırladaq ki, ötən gün “Barselona”nı mübarizədən kənarlaşdıran “Roma” ilə və “Mançester Siti”ni hər iki oyunda məğlub edən “Liverpul” komandaları yarımfinala ilk vəsiqələri təmin etmişdilər. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-də atılacaq.

Şərhlər