Fərid Qayıbov: Avropa Gimnastika İttifaqı idmanın bu növünün inkişafı üçün ciddi tədbirlər həyata keçirir

Fərid Qayıbov: Avropa Gimnastika İttifaqı idmanın bu növünün inkişafı üçün ciddi tədbirlər həyata keçirir
Tarix: 15.04.2018 16:33
Oxunma sayı: 296
Paylaş:
Avropa Gimnastika İttifaqı (UEG) üzv ölkələrdə gimnastikanın inkişafı və təşviqi istiqamətində ciddi tədbirlər həyata keçirir. Hazırda əsas məqsəd gənclərin idmana, xüsusilə gimnastikaya cəlb olunmasıdır. UEG, həmçinin gimnastikaya marağın daha da artırılması üçün ciddi səy göstərəcək. Hazırda məqsədimiz gimnastikanın izləyici auditoriyasını genişləndirməkdir. Bu fikirləri Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov Reaksiya.az-a müsahibəsində deyib. Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı və UEG-in tətbiq etdiyi yeniliklər barədə məlumat verən F.Qayıbov deyib: “Batut gimnastikası üzrə Avropa çempionatı Bakıda ilk dəfə keçirilir. Bu yarış mənim üçün UEG prezidenti kimi ilk qitə çempionatıdır. Belə təsadüf etdi ki, bu çempionat Bakıda keçirildi. Buna görə də üzərimə ikiqat məsuliyyət düşür. Çox istərdim ki, bu turnir yüksək səviyyədə keçsin. Çempionatı Azərbaycan Gimnastika Federasiyası (AGF) təşkil edib. Bildiyiniz kimi, AGF-in təşkil etdiyi turnirlər yenilikləri və mükəmməlliyi ilə fərqlənir. Bu il yarış üçün maskot olaraq maraqlı personaj – “Qur-Qur” seçilib. Maskot seçilmiş qurbağanı canlandırmaq üçün peşəkarlara müraciət olunub. Uzun illər talisman kimi fəaliyyət göstərən və çempionata batut gimnastikasının vətəni ABŞ-dan təşrif buyuran Skot Hesinqton və Berri Anderson dördgünlük yarışlar ərzində gimnastika sevənlər üçün maraqlı şou göstərəcəklər. Hamı bilir ki, ölkəmiz mötəbər beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Bütün bunlar beynəlxalq idman qurumlarının diqqətindən yayınmır və onlar nüfuzlu yarışların təşkilini tərəddüdsüz ölkəmizə həvalə edirlər”. Batut gimnastikasının daha da inkişaf etdirilməsinin UEG-in əsas məqsədlərindən biri olduğunu vurğulayan F.Qayıbov Avropa çempionatına İttifaqın 50 üzvündən yalnız 25-nin qatıldığını diqqətə çatdıraraq deyib: “Azarkeşlərin bu idmana marağı böyükdür. İnsanlar gimnastların çıxışlarına həvəslə və maraqla tamaşa edirlər. Hərçənd ki, bu, tamamilə yeni idman növüdür. Qeyd edim ki, 200-dən çox bilet əcnəbilərə satılıb. Bu, bir növ idman turizmidir. İdman turizmi əsasən futbola görə inkişaf edir. Amma gimnastikanın da burada öz payı var. Çempionatla əlaqədar Avropa Gimnastika İttifaqının fəxri prezidenti Jorj Gelzek, eləcə də Fransa, Portuqaliya və Latviya Gimnastika federasiyalarının prezidentləri Bakıya gəliblər. Rusiyadan xeyli sayda azarkeş gəlib. Qərbi Avropadan da tamaşaçılar var. Xüsusən, xarici KİV-lərin bu çempionata marağı böyükdür. Çempionatın olan böyük marağı görmək çox xoşdur”. Çempionatın bir sıra ölkələrdə yayımlandığını vurğulayan UEG prezidenti bunun gənclərin gimnastikaya cəlb edilməsində önəmini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə yarışlararası fasilələr zamanı azarkeşlər üçün xüsusi əyləncəli proqramlar hazırlanıb. Bundan başqa, ABŞ-dan dəvət olunan peşəkar maskotlar tamaşaçıları əyləndirir, mükafatlandırma mərasimində iştirak edirlər. Əvvəllər Azərbaycanda belə proqramlar olmayıb. Həmçinin müxtəlif fləşmoblar, viktorinalar keçirilir. Gimnastikanın gələcək inkişafından da danışan F.Qayıbov deyib: “UEG İcraiyyə Komitəsi müntəzəm olaraq hansı dəyişikliklərin lazım gəldiyini müzakirə edir. Maliyyə, avadanlıq və s. vasitələrə ehtiyacı olan milli federasiyalara tərəfdaşların da cəlb edildiyi yardım proqramı işə salınıb. Beləliklə, bütün Avropada gimnastikanı inkişaf etdirməyi planlaşdırırıq. Həmçinin yarışların formatının dəyişdirilməsi barədə düşünmək lazımdır. Qısası, görməli olduğumuz çox iş var. Biz bu işləri yerinə yetirmək üçün ciddi çalışacağıq”.

Şərhlər