"100 ilin finalı" - FOTOLAR

28.05.2018 23:03     Sport reaksiya     1614

"Keşlə" futbol klubu bir ilkə imza atıb

Mayın 28-də futbol üzrə Azərbaycan kuboku uğrunda “Keşlə” və “Qəbələ” komandaları arasında final matçı keçirilib. Reaksiya.az xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan görüşdə “Keşlə”nin start heyətində Kamran Ağayev, Sərtan Taşkın, Denis Silva Kruz, Slavik Alxasov, Vaqif Cavadov, Sezar Meza Kolli, Andre Klennon, Adrian Skarlatake, Tərlan Quliyev, Nemanya Stoyanoviç və Edrima Sohna meydana çıxıblar. “Qəbələ”nin heyətində isə Dmitri Bezotosnı, Voislav Stankoviç, Rasim Ramaldanov, Qismət Alıyev, Baqali Dabo, Cavid Hüseynov, Vitali Vernidub, İlqar Qurbanov, Stiven Jozef-Monroz, Təmkin Xəlilzadə və Famussa Kone yer alıblar. Oyunun baş hakimi Rauf Cabbarovdur. Ona yan hakimləri Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edirlər. “Qəbələ” və “Keşlə” komandaları arasında final oyununun ilk hissəsi tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, heç-heçə yekunlaşıb - 0:0. Oyununun ikinci hissəsində hesab açılıb. Matçın 71-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Vaqif Cavadovun məhsuldar ötürməsindən sonra Pərdis Fərcad-Azad topu qolkiperin başı üzərindən qapıya göndərib - 1:0. Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və matç “Keşlə”nin minimal hesablı üstünlüyü ilə başa çatıb. Görüşün 89-cü dəqiqəsində hakim “Qəbələ”nin futbolçusu İlqar Qurbanovu kobud oyuna görə meydandan kənarlaşdırıb. Beləliklə, Qəbələdə keçirilən final qarşılaşmasında bu şəhərin eyni adlı komandasını 1:0 hesabı ilə məğlub edən “Keşlə” klubu tarixində ilk dəfə Azərbaycan kubokunun sahibi olub. Bu oyunun nəticəsi həm də Azərbaycanın avrokuboklarda sonuncu təmsilçisini də müəyyənləşdirib. “Keşlə” komandası kubokun qalibi olduğu üçün avrokuboklara vəsiqəni təmin edib və Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmək hüququna sahib olub. Qalib komandaya Azərbaycan kuboku və qızıl medallar təqdim edilib. Xatırladaq ki, bu, “Qəbələ”nin Azərbaycan kubokunun finalında ardıcıl ikinci məğlubiyyətidir. Qəbələlilər ötən il final görüşündə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olmuşdular.

Şərhlər