Dünya Avropaya qaldı

İyulun 7-də futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşıb. Reaksiya.az xəbər verir ki, Soçidəki “Fişt” stadionunda keçirilən görüşdə qalib gələn Xorvatiya yığması tarixində ikinci dəfə yarımfinala yüksəlib. Balkan təmsilçisi görüşün ilk dəqiqələrindən təşəbbüsə yiyələnsə də, hesabı ev sahibləri açıblar. Matçın 31-ci dəqiqəsində Rusiya yığmasının əks-hücumu zamanı Artyom Dzyuba ilə baxımlı və sürətli kombinasiyanı qüvvətli zərbə ilə tamamlayan Denis Çerişevin uzaq məsafədən vurduğu topu xorvatiyalı qolkiper yalnız seyr etməklə kifayətlənib - 1:0. Bu qoldan sonra təzyiqləri daha da artıran Xorvatiya millisi matçın 39-cu dəqiqəsində hesabı bərabərləşdirib. Mario Mandzukiçin cərimə meydançasına hava ötürməsini başla dəqiq tamamlayan Andrey Kramariç oyunda tarazlığı bərpa edib - 1:1. Komandalar fasiləyə bu hesabla yollanıblar. Xorvatiyalılar matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirsələr də, hesab dəyişməyib və görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki hissədə qapılara iki top vurulub. Birinci hissənin 11-ci dəqiqəsində (101-ci dəqiqə) xorvatiyalıların hücumu zamanı Domaqoy Vida topa başla dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxarıb - 2:1. Lakin ruslar ikinci əlavə vaxtda hesabı bərabərləşdiriblər. Matçın 115-ci dəqiqəsində Dzaqoyevin cərimə zərbəsindən hava ötürməsindən sonra topa başla dəqiq zərbə endirən Mario Fernandes Rusiya yığmasını məğlubiyyətdən xilas edib. Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub. Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn Xorvatiya yığması yarımfinala yüksəlib. Qeyd edək ki, Mario Fernandesin bu matçın 115-ci dəqiqəsində vurduğu qol Rusiya millisinin dünya çempionatlarında (SSRİ də daxil olmaqla) rəqib qapılarından keçirdiyi ən gec qol kimi tarixə düşüb. Yarımfinalda Xorvatiya yığmasının rəqibi İngiltərə millisi olacaq. Digər yarımfinal görüşündə isə Fransa və Belçika milliləri üz-üzə gələcəklər. Xatırladaq ki, hər iki komanda dörddəbir final mərhələsinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlməklə yüksəlib. “A” qrupunda 6 xalla ikinci yeri tutan Rusiya yığması səkkizdəbir finalda İspaniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:3) yerinə yetirərək dörddəbir finala vəsiqə qazanıb. Mundialın qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran üç komandadan biri olan Xorvatiya yığması isə dörddəbir finala vəsiqə uğrunda görüşdə Danimarka millisini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan həmin matçda Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2. Beləliklə, yarımfinal mərhələsinə Avropa qitəsinin 4 təmsilçisiləri çıxıblar. Mundialın yarımfinal mərhələsinin oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Advertisement Banner

Şərhlər