“Qəbələ” komandasının baş məşqçisi: Lüksemburqlu rəqiblərimiz ilə matçda hədəfimiz qələbədir

Yenidən Avrokubok yarışlarının ab-havasını yaşamaq çox sevindiricidir. Bu, bizim üçün futbol bayramıdır. Komandamızın oyunçularında əhval-ruhiyyə əladır. İyulun 12-də keçiriləcək görüşdən əvvəl son hazırlığımızı görürük. Reaksiya.az xəbər verir ki, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburqun “Proqres” klubu ilə oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib. “Qırmızı-qaralar”ın baş məşqçisi qeyd edib: “Komandanın kapitanı Cavid Hüseynovun sabah keçiriləcək oyunda iştirak etməməsi bizim üçün yaxşı hal deyil. O, güclü futbolçudur. Zədəli olduğu üçün ilk gündən təlim-məşq toplanışına qatıla bilmədi. Ancaq buna baxmayaraq, komandamızda onun yerini dolduracaq futbolçular var. Yeni transfer edilən futbolçulardan Lilay komandaya daha tez qoşulub. Digərləri Sloveniyada komandaya qatılıb və onlar kollektivə tez uyğunlaşıblar”. “Qəbələ” komandasının hər oyunda qələbə qazanmağı hədəflədiyini vurğulayan S.Qurbanov deyib: “Rəqibimiz güclü komandadır. Çalışacağıq həm ev, həm də səfər oyununda qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Rəqibin çempionatdakı və ötənilki avrokubok matçlarını izləmişik. İntizamlı, müdafiədə kompakt oynayıb, hücuma sürətli çıxan komandadır. Onların qazandığı nəticələr də belə oyunla bağlıdır. Biz də buna uyğun hazırlaşmışıq. Çalışacağıq ki, müdafiəni unutmadan hücum futbolu oynayaq. Yoxlama oyunlarının da bizə çox köməyi oldu. Oyunda qol vəziyyətlərindən istifadə etməyə çalışacağıq”. Qeyd edək ki, “Qəbələ” və “Proqres” komandaları arasında ilk oyun iyulun 12-də olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Advertisement Banner

Şərhlər