Futbol mündialının üçüncüsü kim olacaq? - Gözlər Peterburqda

İddialı komandalar mundiala  üçüncü yer tutmaq üçün gəlmir, heç ikinci yer də təskinlik vermir...

Bu gün Sankt-Peterburqda XXI dünya çempionatının üçüncülüyü uğrunda İngiltərə və Belçika mililəri qarşılaşacaq.  Görüş Bakı vaxtilə saat 18:00-da başlayacaq.  

İlk dəfə 1986-cı ildə dünya çempionatının yarımfinalına adlayan Belçika millisi Argentinaya 0:2 hesabı ilə uduzmuşdu. 32 il əvvəl üçüncü yer uğrunda görüşdə isə Belçika millisi Fransaya yenilmişdi - 2:4. 2018-ci il mundialında  Fransaya 0:1 hesabı ilə uduzan belçikalılar  yenə arzularına çata bilmədilər. 

2014-cü il mundialında ingilislər qrupda  İtaliya və Uruqvaya məğlub oldu, Kosta-Rika ilə heç-heçə edərək qrupdan erkən evə döndülər.

2016-cı ilin sentyabrından yığmaya rəhbərlik edən yerli məşqçi Qaret Sautqeyt əsasən gənclərdən ibarət komanda ilə mundiala gəlmişdi. Adamın olanı...

Belçika və İngiltərə bu mundialadək iki dəfə bir qrupda mübarizə aparıblar. 1954-cü il mundialında və 1980 Avropa çempionatında.  1954-cü ildə komandalar heç-heçə oynayıb. Avropa çempionatın qrup mərhələsində də oyun 1:1 hesabı ilə başa satıb. 1990-cı il mundialında isə 1/8 finalda İngiltərə 1:0 hesabı ilə qalib gəlib. Bundan başqa, komandalar 18 dəfə yoldaşlıq görüşündə qarşılaşıblar. Ümumilikdə keçirilən 22 qarşılaşmanın 15-də ingilislər qalib gəlib, yalnız 2 görüşdə məğlub olublar, 5 oyunda isə qalib müəyyənləşməyib.

England Belgium ile ilgili görsel sonucu

Məlumdur ki, onlar bu mundialda da G qrupuna düşmüşdülər. Son turda hər iki komanda “pley-off”a vəsiqəni təmin etdikləri üçün əsasən ikinci heyətdə meydana çıxdılar və Belçika bir top vuraraq qrup lideri oldu.     

İngiltərənin mundialın yarımfinalına kimi gəlib çıxması özü bir kiçik möcüzə idi. Çempionatın bütün oyunlarını izləyənlər də təsdiq edər ki, ingilislərin qrup mərhələsindən evə gedən Seneqaldan, 1/8-də mübarizəni dayandıran Meksikadan və Yaponiyadan xüsusi üstünlüyü yox idi. 1/4-də evə gedən Braziliyadan, Uruqvaydan, hətta heç həzm edə bilmədiyim Portuqaliyadan bir addım geridə qalan komanda idi.

England Belgium ile ilgili görsel sonucu

Qrup mərhələsində yazıq Panamanın qapısına 6 top vurub mundiala ilk dəfə gəlmələrinə peşman etdilər, Tunisi zorla uddular. Belçikaya isə uduzdular. İngiltərə bu çempionatda daha çox püşkə minnətdar olmalıdırlar ki, bu gün 3 yer uğrunda oynayır. İngiltərə qarşısına güclü komanda çıxan kimi büdrədi və bu gözlənilən idi. 

Xorvatiya ilə yarımfinal oyunundan əvvəl xeyli “hava vurmuşdular” İngiltərə komandasına. Xüsusilə ingilis mətbuatı bu şişirtmədə fəal olub. Amma nə ilə? Çempionatın bombardiri Harri Keyn, Rahim Sterlinq qaçıb, qaçıb yoruldular. Cavanları qınamaq olmaz, onlar hələ Premyer Liqada ancaq təcrübə toplayırlar.

England Belgium ile ilgili görsel sonucu

İngiltərə bütün göstəricələrə görə Xorvatiyadan geridə qalırdı. İngiltərə isə mənim təxminimə görə, 30 dəqiqə oynadı. Erkən qol vurdular və 20 dəqiqə xorvatların həyəcanından istifadə edib qapıya yol axtardılar. Statistika da bunu təsdiqləyir. İnanmayanlar oyunun yekun statistikasını tapıb baxsın. Bütün göstəricilər qoca xorvatların üstün olduğunu təsdiqləyir.

İngiltərə bu çempionatda standart vəziyyətdən istifadə edə bilən komandalardan biri idi və bunu mübahisəsiz  Xorvatiyadan yaxşı bacarırlar. Yeganə topu da standart vəziyyətdən vurdular, iki top da vura bilərdilər standart vəziyyətdən. Birini Şubasiçin yerinə komanda yoldaşı qapı xəttindən çıxardı, biri qapının yanında keçdi. Vəssalam. İngilis havası belə  “fıs” çıxdı.  

İngilislərin bu oyunla finala çıxması çox ləzzətli çempionatın  dadını qaçırardı. Ədalətsiz olardı, hətta özlərindən çox güclü Fransanı nəsə bir təsadüfi qoldan udub çempion olsaydılar, lap biabırçılıq olardı. Amma Xorvatiya bu biabırçılığa icazə vermədi, qarşısında durdular, ingilislərə xüsusən ikinci hissədə futbolu necə oynamağı başa saldılar.

England Belgium ile ilgili görsel sonucu

O üçlükdə İngiltərə yoxdur, Fransa var, Belçika var... Xorvatiya heç şübhəsiz bu çempionatın ən yaxşı üç komandası sırasında birinci yerdədir. Arqumentləri sadalamaq fikrim yoxdur, bu komandanı izləyənlər, rəğbət bəsləyənlər bilir. Xorvatiyanın finalda olması  ədalətlidir. Final haqda yazanda bu mövzuya yenə qayıdarıq...

Bu gün İngiltərə və Belçika qarşılaşması xüsusi  maraq kəsb etmir. Mundialda yeganə oyundur ki, baxmamaq da olar. Bəli, FİFA reytinqinə birbaşa təsir edən, pul mükafatı olan 3-cü yer qarşılaşması da komandalar üçün çox mühümdür. Amma futbol üzrə dünya çempionatı yeganə çempionatdır ki, iddialı komandalar üçüncü yer tutmaq üçün gəlmir, heç ikinci yer də təskinlik vermir. Çempion!.. Dünya çempionu! Dörd il daşınacaq bir titul! Fikirləşin, Xorvatiya bunu haqq edir, yoxsa Fransa? Finala nə qaldı ki...

 3-cü yerə görə... Məncə, Belçika versin bu oyunu ingilislərə. O gənclər üçün bir motivasiya olar. Belçika da bu çempionata 3-cülük üçün gəlmədiyi dəqiqdir.

Az qala  unutmuşdum.  Bu gün çempionatın bombardirləri sırasında olan  Harri Keyn (6)  və Romelu Lukaku (4) hesablarındakı top sayını artıra bilərlər.

Advertisement Banner

Şərhlər