ÇL: Bu gün “Qarabağ”-“Olimpiya” oyunudur

18.07.2018 15:21     Sport reaksiya     1139

ÇL qrup mərhələsində oynamış klub üçün “Olimpiya” səddini keçmək çətin olmamalıdır

Uşaq vaxtı dünya çempionatı  bitəndən bir müddət sonra  SSRİ çempionatı başlayanda oyunlara baxa bilməzdik. Sanki stadion bizə balaca, oyunçular isə cansız görünərdi.

“Deyəsən, dünya çempionatına baş qarışdı, ”Qarabağ" yadda çıxıb". Dostlardan birinin haqlı iradı girişdə yazdıqlarımı yadıma saldı. “Sabah oynayırlar. Yaddan çıxmaz, ”Qarabağ"..." deyən həmkarıma  ““Qarabağ” yaddan çıxmaz. Amma biz “Qarabağ”ın yadından çıxırıq" cavabını verməyim təsadüfi deyil. Yeri gəlib gileyimi bir-iki cümlə ilə qeyd edim. Ötən Çempionlar Liqasında klubun oyunları haqda az qala hər gün ən tirajlı qəzetdə və ən tirajlı saytda səhifə material yazdım, amma bir dəfə... o klubun mətbuat katibi şəxsim adına bir bilet belə göndərmədi. Sonra liqaya vəsiqə qazananda nəsə tədbir-filan da keçirəndə yada düşmədim. Bir klub adına təşəkkür zənginə sözünüz nə?  Mən zatən, stadionda futbola baxmağı sevmirəm, mətbuat katibi ilə vaxtilə çörək kəsmişəm, məni uzaqdan-uzağa tanımır. Amma söhbət diqqətli olmaqdan gedir... Həm də tək mənə deyil, klubun təəssübünü çəkən bütün jurnalistlərə münasibətdə. Bu, müasir menecmentliyin qızıl qaydasıdır. Bunu bir dost gileyi kimi qəbul etsələr sevinərəm..       

Ä°lgili resim

Qarabağ bizim üçün bir klub adı deyil, Qarabağ bizim vətənimiz, qanımız, canımız, ağrımız, acımızdır. “Qarabağ”ı sağ olsun, ötən mövsüm üzümüzü güldürdü, ürəyimizə məlhəm oldu. Ümid edək ki, bu il də heyətdəki dəyişikliklərə (mən buna itkilər deyərdim) baxmayaraq, Qurban Qurbanovun rəhbərliyi ilə klub azarkeşlərini sevindirəcək.

Məlumdur ki, 2018-2019-cu illər mövsümündə UEFA-nın klub turnirlərində dəyişikliklər qüvvəyə minib. Əsas yenilik budur ki, Çempionlar Liqasının qrup raunduna birbaşa çıxan komandaların sayı 22-dən 26-ya artırılıb. Klub reytinqində 1-4-cü yerləri tutan UEFA üzvlərinin hər birindən 4 komanda, 5-6-cı yerləri tutanların hər birindən 2 komanda, 7-10-cu yerləri tutanların çempionları, eləcə də Çempionlar Liqası və Avropa Liqasının 2018-ci il qalibləri qrup mərhələsinə birbaşa vəsiqə alıb.

Qrupa digər 6 vəsiqənin taleyinə seçmə raundlarda aydınlıq gələcək. 4 vəsiqə çempionlar, 2 vəsiqə çempion olmayan komandalar üçün nəzərdə tutulub.

Çempionlar üçün təsnifat mərhələlərinin sayı 4-dən 5-ə artırılıb. UEFA reytinqində 52-55-ci yerləri tutanların çempionları mübarizəyə ilkin təsnifatdan start verib. 18-51-ci mövqelərdə olan UEFA üzvləri turnirə birinci, 15-17-ci mövqelərdə olanlar ikinci, 13-14-cü mövqelərdə olanlar üçüncü, 11-12-ci mövqelərdə olanlar dördüncü mərhələdən başlayacaq.

Çempion olmayan komandalar qrupadək üç ələmə mərhələsindən keçəcək. 10-15-ci yerlərdə olan UEFA üzvlərinin milli çempionatında gümüş medal almış komandalar Çempionlar Liqasına ikinci, 5-6-cı yerləri tutan UEFA üzvlərinin bürünc mükafatçıları və 7-9-cu yerləri tutanların gümüş mükafatçıları üçüncü mərhələdən start verəcək.

“Qarabağ”-“Olimpiya” oyunu ile ilgili görsel sonucu

Çempionlar Liqasının istənilən seçmə mərhələsindən ələnən komandalar Avropa Liqasına vəsiqə alacaq. Onlar Avropa Liqasında qrupa düşmək üçün bir-biriləri ilə oynayacaq. Bu istiqamət üzrə üç ələmə mərhələsi olacaq. Sırf Avropa Liqasının komandaları isə qrupa düşmək üçün beş mərhələdə yarışacaq. Bu turnirə də ilkin təsnifat raundu əlavə olunub.

Belə bir mürəkkəb oyun sistemi... Bəzi saytlara baxdım və belə başa düşdüm ki, “Qarabağ” bu gün “Olmpiya”nı keçsə, 2-ci təsnifat mərhələsində nisbətən zəif rəqiblə oynayacaq.  3-cü mərhələdə isə  artıq güclü komandalarla üz-üzə gələcəklər. Nə qədər güclü, bunu o mərhələyə gələndə dəqiq biləcəyik.

7e5b7e17fc8e46084724-olimpija-qarabag.jpeg (63 KB)

“Qarabağ” “Olimpiya” ilə rəqib meydanında qarşılaşan gecə dünya çempionatında Belçika-Fransa yarımfinalı oynanılırdı. Amma qulağımız həm də Sloveniyadan gələcək xoş xəbəri gözləyirdi. “Qarabağ”-ın Lyublyana şəhərindəki “Stojice” stadionunda “Olimpiya”ya qalib gəlməsi uduzan Belçika komandasının məyusluğunu unutdurdu desəm, yalan olar.

Yada salaq ki, rəqib qapısından yeganə topu Vild-Donald Qerye  keçirib. Ona ötən mövsüm Qurban Qurbanov  çox şans vermədi. Bir-iki oyunda əvəzetmədə meydana çıxdı. Yaxşı sürətli futbolçudur, amma bir az texniki baxımdan kasaddır, bir az da rəqiblə mübarizədə sərt oynayır. Anlaşılan bu ki, “Qarabağ” irəli getmək istəyirsə, mütləq hücum xəttini gücləndirməli, gedənlərin yerinə yeni qüvvə gətirməlidir. “Qarabağ”dan gedənlər oldu, amma mən Pedro Enrikenin gedişinə çox təəssüfləndim. Braziliyalı ÇL-in ötən mövsümündə “Qarabağ” üçün ən uğurlu transfer idi. Adam peşəkar və topla professional davranırdı. İndi o da Almeydanın arxasınca Qazaxıstan “Astana”sına gedib. Deyəsən, Qriqorçuk Qazaxıstanda yeni “Qarabağ” klubu yaratmaq istəyir...

“Qarabağ”ın Sloveniyadakı start heyətinə baxdım və o qədər də narahat edən vəziyyət  yoxdur. Hamısı tanış oyunçulardır:  Maksim Medvedev, Miçel, Mahir Mədətov,  Yakup Jezniçak, Bədavi Hüseynov, Coşğun Diniyev... Filip Ozobiçi “Qəbələ”dən tanıyırıq və “Qarabağ” üçün faydalı oyunçu ola bilər.  

Qara Qarayevin qırmızı kart ile ilgili görsel sonucu

Sloveniyadakı matçın protokolunda Qara Qarayevin qırmızı kart (həm də 90-cı dəqiqədə) almasına təəccübləndim, doğrusu. Qara həm yaxşı müdafiəçidir, həm də kobudluğu ilə seçilən futbolçu deyil. Sonra özünün müsahibəsindən belə başa düşüldü ki, hakim rəqibə qırmızı kart göstərdiyi üçün “Qarabağ”dan da bir nəfəri cəzalandırıb.  Bu qırmızı kartın acısını ötən mövsümdə çəkdik. Afrikalı Dino Ndlovunun (deyəsən, Çin klubuna transfer olub) aldığı qırmız kart “Qarabağ”ı xeyli zora soxdu. Amma bunlar artıq keçmişdir, önümüzə baxaq...

“Qarabağ”ın rəqib meydanından yaxşı nəticə ilə qayıdacağı gözlənilən idi, çünki ÇL qrup mərhələsində oynamış klub üçün “Olimpiya” səddini keçmək çətin olmamalıdır. Amma “Qarabağ”ın rəqibini məndən yaxşı tanıyanlar Sloveniya çempionunun qəliz komanda olduğunu deyirlər. Bu gün həm “Qarabağ”ın, həm “Olimpiya”nın necə oynadığını görəcəyik. Məncə, elə çoxumuz Qarabağ" üçün darıxmışıq...

0269e48f989f71b7574e50aa313cbc8c (1).jpg (51 KB)

Ağasəlim Mircavadov “Qarabağ”ın ikinci təsnifat mərhələsinə asanlıqla keçəcəyini düşünmədiyini deyib. “Hesab 0:0 olsaydı, sizinlə razılaşardım. Niyə? 1:0 uşaqlarda arxayınlıq da yarada bilər. Sona qədər oynamaq lazımdır” deyə, A.Mircavadov bildirib. Qol.az saytının əməkdaşının “”Qarabağ" “Olimpiya”nı keçsə, 2-ci təsnifat mərhələsində də nisbətən zəif rəqiblə oynayacaq. Əgər 3-cü mərhələyə adlasalar, burada artıq güclü komandalarla üz-üzə gələcəklər. Sizcə, hazırkı heyət səviyyəli komandalarla oynamaq üçün kifayət edəcəkmi" sualının cavabında narahatlığını gizlətməyib: “”Qarabağ" axıra kimi getmək istəyirsə, oyunçu seçməlidir. Bunun söhbəti yoxdur. Getdikcə rəqiblər daha da güclənəcək. Mən baxdım, birinci təsnifat mərhələsində “Seltik” kimi komanda oynayır. Hər il olmasa da, çox vaxt qruplara qalırlar. Bu isə o deməkdir ki, kifayət qədər ciddi rəqiblərlə qarşılaşa bilərlər. Nəticə əldə etmək istəyirlərsə, hər şeyə hazır olmaq lazımdır".

“Qarabağ” rəhbərliyi əlbəttə ki, vəziyyəti daha yaxşı qiymətləndirir və yəqin yeni transferlər üçün onlar da DÇ-nin bitməsini gözləyirdilər.

Saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erez Papirə David Elias Bitton və Eliyahu Casapu köməklik edəcək.

“Qarabağ”a Allah kömək, biz isə dəstək olaq...  

Şərhlər