Şakir Qəribov: "Neftçi"dən çox yaxşı oyun gözləyirdim"

AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun "Report"a müsahibə verib.

Musavat.com həmin müsahibəni təqdim edir.

- "Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda səfərdə Macarıstanın "Uypeşt" klubuna 0:4 hesabı ilə məğlub oldu. Oyunu izləyənlər arasında siz də var idiniz. Həmin qarşılaşmanı necə dəyərləndirirsiniz? 

- Bakıdakı oyundan sonra məndə təəssüratlar çox yaxşı idi. "Neftçi" doğma meydanda çox yaxşı oynadı. Gözləyirdik ki, həmin oyunun ardı səfərdə də gələcək. Biz gözlədiyimiz kimi olmadı. Komandanın səfərdə sərgilədiyi futbol evdə çıxış etdiyi matça bənzəmədi. Biz daha da yaxşı oyun gözləyirdik. Macarıstandakı oyunda hər şey əksinə oldu. Çox futbolçuları tanıya bilmədim. Futbolçular öz oyunlarında aşağı səviyyədə çıxış etdilər. "Neftçi"nin rəqibi bu oyuna motivasiyalı çıxıb. "Uypeşt" çox hazırlıqlı idi. Onlar oyun öncəsində məşq edəndə də hiss elədim ki, komanda oyuna çox yaxşı əhval-ruhiyyə ilə çıxacaq. Oyunda da bunu gördük. Rəqib birinci dəqiqədən üstün idi. Bizi hər epizodda qabaqlayırlar. "Neftçi"də səhvlər də oldu. Müdafiəçilər və qapıçı bəzi səhvlər etdi. "Uypeşt"in belə yüksək səviyyədə oynayacağını gözləmirdim. Bakıdakı oyunda 20-25 dəqiqə yaxşı futbol oynadılar. Öz meydanlarında isə tamam başqa oyun sərgilədilər. Doğma meydanda necə oynamaq lazımdır, rəqib onu göstərdi. "Neftçi"dən çox yaxşı oyun gözləyirdim. Yaxşı oynamaq üçün əllərində hər bir fürsət var idi. "Neftçi" bu məğlubiyyətdən nəticə çıxartmalıdır. 

- "Uypeşt"in baş məşqçisi də bildirdi ki, "Neftçi"nin bu taktika ilə oynamasını gözləmirdik. Bakıdakı oyunda 4 müdafiəçi ilə oynayan komanda, səfərdəki matçda 3 müdafiəçi ilə oyuna çıxır. Cinahlarda elə futbolçulara etimad göstərdi ki, onlar da ümidləri doğrultmadı. Baş məşqçi Robertoi Bordinin bu taktiki sxemi dəyişməsini nə ilə əlaqələndirirsiniz?

- O məşqçinin öz qərarıdır. Bəlkə də "Neftçi" belə taktiki düzülüşdə oynamayıb. Bunu dəqiq deyə bilmərəm. Belə oynadıqlarını görməmişəm. Bəlkə də müdafiə futbolu oynamaq üçün bu addımı atıb. Ola bilsin ki, top buraxmaq istəmirdilər. Bəlkə də cinahlarda oynayan futbolçulara tapşırıq verilmişdi ki, kənarlardan ötürmə olmasın. Lakin biz oyun vaxtı da gördük ki, ötürmələr həm sol, həm də sağ tərəfdən olurdu. Bu da bizim müdafiəçilərimizin və qapıçının inamlı oynamağına mane olurdu. Hesab da göstərdi ki, məşqçilərin seçdiyi taktiki düzülüş düz deyildi. "Neftçi" 2-ci qolu buraxdıqdan sonra taktiki sxem dəyişdi. Bu, baş məşqçinin qərarıdır. Mənim fikrimcə komanda Bakıda necə oynayıbsa, həmin taktiki sxemlə oynasaydı, lap yaxşı olardı. Biz Bakıda üstün idik. Nə müdafiədə, nə də hücumda rəqibə uduzmadıq. Amma bir həftə keçəndən sonra komandanı tanımaq olmadı. Heç bir oyunçunu tanıya bilmədim. "Neftçi"dən çox yaxşı oyun gözləyirdim. Amma alınmadı. Hər şey əksinə oldu. Bu isə hamımızı üzdü. İstəyirdik ki, "Neftçi" səfərdə sərfəli nəticə əldə etsin. Komandanın potensialı var. 

- Sizin fikrinizcə "Neftçi" çempionatda və kubokda çempionluğa oynaya bilərmi? 

- Biz "Neftçi"nin çox az oyununu görmüşük. Komanda Türkiyədə təlim-məşq toplanışı keçib. Komandanın bir neçə oyununu görəndən sonra bu barədə fikir bildirmək olar. Onu deyə bilərəm ki, oyunçuların potensialı var. Komanda yaxşı futbolçulara sahibdir. Komanda mövsümə kimi öz oyununu tapacaq. Kollektiv bir-birinə uyğunlaşacaq. Bəlkə də "Neftçi"yə bir az vaxt lazımdır. 

- "Neftçi" ilə yanaşı, "Qəbələ" və "Keşlə" klubları da Avropa Liqası ilə vidalaşdı. "Qarabağ" isə Çempionlar Liqasında yoluna davam edir. Düşünürsünüzmü bu nəticə çempionatın aşağı səviyyədə olmasının və rəqabətin olmamasının nəticəsidir? 

- Bundan əvvəlki mövsümdə də Azərbaycan Premyer Liqasında 8 komanda var idi. Həmin vaxt komandalar bundan da yaxşı çıxış edirdi. Klublarımız Avropa Liqasındakı ilk oyunları pis oynadı. "Qəbələ" və "Keşlə" yaxşı oyun göstərmədi. "Neftçi" isə ilk matçda yaxşı təsir bağışladı. Birinci oyunlardan çox şey asılıdır. "Qəbələ" Lüksemburqun "Proqres" komandasına evdə 0:2 hesabı ilə məğlub olsa da, səfərdə 1:0 hesabı ilə qələbə qazandı. "Keşlə" də səfərdə Malta "Baltsan"ından 4 qol buraxdı, amma doğma meydanda tam fərqli oyun sərgilədi. Komandalar tam olaraq formaya düşməyiblər. Bəlkə də bu oyunlara hazırlıqları az olub.  

Reaksiya.az

Advertisement Banner

Şərhlər