Qəlbimiz səninlə “Qarabağ”...

İnanırıq ki, Azərbaycanı həmişə  layiqincə təmsil edən  “Qarabağ” Belarusdan yaxşı nəticə ilə qayıdacaq

Bu gün Bakı vaxtilə saat 21:00-da “Qarabağ”  Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat  mərhələsində Belarusun BATE klubu ilə qarşılaşacaq. Bu klublar arasında bir həftə əvvəl Bakıda keçirilən oyunda rəqib 0:1 hesabı ilə qalib gəlib. “Qarabağ” ÇL “pley-off” mərhələsində Hollandiyanın PSV klubu ilə oynamaq üçün bu gün qapısını qorumaqla  1 topluq fərqi qapatmalıdır.  Qeyd edək ki, yalnız əsas vaxtda “Qarabağ” 1:0 qalib gələcəyi halda əlavə vaxt təyin oluna bilər. İstənilən heç- heçə nəticə isə BATE-ni növbəti mərhələyə çıxaracaq. “Qarabağ” mərhələni keçməyəcəyi halda Avroliqanın qrup mərhələsində oynamaq şansını sürdürəcək.

***

BATE-nin Borisovda  Bakıdakından fərqli oyun nümayiş etdirəcəyi o qədər də inandırıcı deyil. Qeyd etdiyimiz kimi, istənilən heç-heçə kluba sərf edir və bu halda qabağa atılaraq riskə ehtiyac qalmır. BATE-li futbolçuların bu gün fərqli oyun nümayiş etdirəcəkləri barədə  açıqlamaları inandırıcı deyil. Gözlənilir ki, 13 minlik stadionda  klubun əsas məqsədi  Bakıdakı  nəticəni qorumaq olacaq. Aydındır ki, Belarus klub rəhbərliyi “Qarabağ”ın hücuma daha çox meyllənəcəyi səbəbindən əks-hücumlara önəm verəcək. Bakıdakı oyunda BATE-nin əks-hücumlarda təhlükəli olduğunu gördük. O oyun epizodlarında qapımıza top vurulmamasında bəxtimiz gətirdi. Yoxsa Qurban  Qurbanovun komandasının işi bu gün daha da çətin ola bilərdi.

***

BATE Qarabağ ile ilgili görsel sonucu

Bəs “Qarabağ”dan bugünkü qarşılaşmada nə gözləmək olar?  Əlbəttə ki, bütün “Qarabağ”sevənlər klubdan yalnız qələbə gözləyir. Çətin olduğunu bilsək də, “Qarabağ”a inanırıq.

“Qarabağ” rəhbərliyi də bu oyuna ciddi önəm verir. Həftəsonu  klub prezidenti Abdulbari Gözəlin “Qarabağ”ın bazasına gedərək həm məşqçilərlə, həm heyətlə görüşməsi də buna sübutdur. Klub prezidentinin oyun öncəsi futbolçulara motivasiyası hər zaman önəmlidir. Sirr deyil ki, ilk oyundakı məğlubiyyət klubdakı əhval-ruhiyyəyə təsirsiz ötüşməyib. Amma belə həlledici məqamlarda rəhbərliyin oyunçulara dəstəyinin önəmi bir ayrı məna daşıyır. “Qarabağ” indi sırf heyətdəki qaçılmaz dəyişikliklər səbəbindən yeni bir dönəm yaşayır. Klub üzərində həm də  psixoloji olaraq  bir basqı hiss olunmaqdadır, mediada da “Qarabağ”a müəyyən tənqidlər var. Məhz belə bir həssas dönəmdən keçən kluba prezident səviyyəsində dəstək vacibdir.

Qeyd edək ki, A. Gözəl “Qarabağ”ın  Avropa və dünya miqyasında  tanıtdığını qeyd edib. Çıxışında BATE ilə sonuncu qarşılaşmaya toxunan klub prezidenti məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə 2-ci hissədə “Qarabağ”ın oyunundan məmnun qaldığını bildirib.  O deyib ki, klubun BATE ilə təkrar  qarşılaşmada uğur qazanacağına inanır.

Komandanın uzun illər Qurban Qurbanovun rəhbərliyi altında sabit çıxış etdiyini bildirən klub rəhbəri “Qarabağ”ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib.

***

BATE Qarabağ ile ilgili görsel sonucu

Bəs “Qarabağ” milyonlarla azarkeşini sevindirmək üçün Borisovda nə etməlidir? Kiməsə ağıl və ya yol öyrətmək bizim işimiz deyil. Sadəcə, istəklərimizi qeyd edə bilərik ki, bu da hər bir azarkeşin doğal haqqıdır.

Öncə “Qarabağ” Bakıdakı sönük oyun taktikasını dəyişməlidir! “Qarabağ” topla yaxşı oynayan klubdur və indi yenə də ən yaxşı bacardığımız iş budur. Amma Rusiyada keçirilən son  dünya çempionatı da göstərdi ki, müasir futbolda topa nəzarət uğur qazanmaq üçün kifayət deyil, əksinə, bəzi hallarda  komandalar üçün qol vurmaq  problemi yaradır. “Qarabağ” topa mərkəzdə  nəzarət etməklə yanaşı, onu rəqib qapısına vurmağa çalışmalıdır. BATE müdafiədə etibarlı klubdur, hündürboy oyunçuları var ki, standart ötürmələrin  cərimə meydançasına düşməsinə, ya da hücumçuların əlverişli mövqe qazanmasına imkan vermirlər. Bu halda isə rəqib müdafiəsini yarmaq üçün yollar tapılmalıdır. Bunun üçün ya cərimə meydançası yaxınlığından güclü zərbələr vurmaq, ya da müdafiəni yarmaq lazım gəlir.

BATE Qarabağ ile ilgili görsel sonucu

 “Qarabağ”da uzaq məsafədən zərbə vura bilənlər var. Sadəcə, bunu oyun ərzində daha tez-tez etmək lazımdır. Qurban Qurbanovun ilk oyundakı heyətdə müəyyən dəyişiklik edəcəyini proqnozlaşdırmaq olar. Məsələn, yarımmüdafiəçi Filip Ozobiçi start heyətdə oynamaq pis olmazdı. Onun həm uzaq məsafədən zərbə vurmaq, həm rəqibin cərimə meydançasında çaşqınlıq yaratmaq bacarığı var.

Standart vəziyyətlərə gəlincə, klub Bakıdakı son iki oyunda xeyli künc zərbəsi qazansa da, heç birini qola çevirə bilmədi. BATE ilə qarşılaşmada demək olar ki, bütün künc zərbələrini vuran Rəşad Sadıqovun da iştirakı ilə əvvəllər standart vəziyyətdən daha yaradıcı istifadə edə bilirdik. İndi isə künc zərbələri zamanı rəqib qapısı özünü çox təhlükəsiz hiss edir. Nəhayət, hücum haqda.

ÇL təsnifat mərhələsində keçirilən Yunanıstanın PAOK və Moskva “Spartak”ın oyununa yəqin ki, çoxları baxıb. 2016-cı ilin noyabrında “Qarabağ”ın Avroliqanın qrup mərhələsində  Salonnikdə məğlub etdiyi PAOK iki top buraxsa da, məhz hücumlar sayəsində elə ilk hissədə 3 top vuraraq qələbə qazandı.

“Qarabağ”ın hücum xəttində rəqibə problem yarada biləcək oyunçular var, amma klub hücuma istənilən səviyyədə meyl etmir. Hücumun olmadığı futbol isə kimin oynamasından asılı olmayaraq cəlbediciliyini itirir, oyunun keyfiyyəti aşağı düşür və təbii ki, nəticəyə də ciddi təsir edir. “Qarabağ”  ötən sezon müdafiədə etibarlı oyunu ilə seçilirdi, amma uğuru məhz hücumlar gətirdi. Vəziyyət indi həm də belədir ki, klub əsasən hücum taktikasını seçməlidir. İnanırıq ki, Azərbaycanımızı həmişə  layiqincə təmsil edən  “Qarabağ” Belarusdan yaxşı nəticə ilə qayıdacaq.

Matçın baş hakimi Latviya Futbol Federasiyasından Andris Treymanis olacaq. Ona həmyerliləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs köməklik edəcək.(Musavat.com)

Advertisement Banner

Şərhlər