“Qarabağ”a dəstək vaxtı və Rəşada münasibətdə “nemes” olmayaq...

21.08.2018 15:19     Sport reaksiya     985

Təsəvvür edin ki, hətta  Avropa Liqasının qrupuna düşəcəyi halda bunu yenə klubun uğursuzluğu kimi qiymətləndirənlər var...

Çempionlar Liqasında mübarizəni dayandıran təmsilçimiz “Qarabağ” sabah  Avropa Liqasının pley-off mərhələsində Tiraspolun “Şerif” klubu ilə qarşılaşacaq.  Yada salaq ki, Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Valyur” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.

“Şerif”in Ağdam klubu ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Tiraspol şəhərində keçiriləcək ilk matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün əsas hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər. Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaynedir.

“Qarabağ”ın  rəqibi 17 turdan sonra Moldova çempionatın lideridir. “Qarabağ” isə Azərbaycan çempionatında ilk oyununu keçirib və “Səbail” i Mahir Mədətovun iki qolu ilə məğlub edib.

Ä°lgili resim

Son günlər “Qarabağ”ın ÇL uğursuzluğu  ilə bağlı mediada çoxsaylı  mövqelər dərc edilir. Rəşad Sadıqovla bağlı müzakirələrə qoşulmaq fikrim yoxdur, zamanında Azərbaycan futbolunun bu əfsanəvi müdafiəçisinin getmək zamanı olduğu  haqda yazmışam. Amma o yazı mili komandadakı çıxışına aid idi. Rəşadın “Qarabağ”da qalmasını indiki vaxtda vacib edən səbəbləri görməyə nə var ki?  Adam hətta karyerasında qazandığını yavaş-yavaş “xərcləyir” ki..."Qarabağ"a bir faydası dəysin. Mən Qurban Qurbanova bu məsələdə haqq verirəm. Rəşad hələ “Qarabağ”a lazımdır. İradlar və tənqidləri də, Rəşadın xidmətlərini də gözardı etmək olmaz. BATE ilə oyunda buraxılan səhvləri yalnız Rəşada bağlamaq obyektiv qiymətləndirmə deyil ki, bunu ötən yazılarımda qeyd etmişəm. Məsud Özili almanlar necə urvatsız yola saldılar. Biz də Rəşada münasibətdə “nemes” olmayaq...   

“Rəşad Sadıqov hətta karyerasında qazandığını yavaş-yavaş “xərcləyir” ki...“Qarabağ”a bir faydası dəysin”

Həm “Qarabağ”ın ÇL, həm klublarımızın Avroliqada uğursuz çıxışı ilə bağlı əsas fikir budur ki,  Azərbaycan çempionatın səviyyəsi aşağıdır, azarkeşlər stadiona gəlmir və sair... Bu iradların haqlı olan tərəfləri var. İş elə gətirdi ki, həftəsonu Azərbaycan çempionatı ilə yanaşı, Rusiya və  bir neçə Avropa klublarının oyunlarına baxası oldum.  Avropanın nəhəng klublarının oynadığı İngiltərə, İspaniya və İtaliya çempionatlarının səviyyəsini nə bizimlə, nə Rusiya ilə müqayisə etmək işimizə yaramaz. Stadionlar dolu, ulduzlar meydanda “bərq vurur”. Həm “Qarabağ”ın, həm “Neftçi”- “Qəbələ” matçında isə azarkeşlər az idi və...

Ä°lgili resim

Bu “və”ni uzatmadan deyim ki, hər iki oyun maraqlı keçdi, xüsusilə Bakı klubunun “Qəbələ” ilə qarşılaşması. Yəni çox pessimist olmağa dəyməz.  Avropa səviyyəsində çempionat  keçirmək üçün bir neçə mühüm şərtlər var ki, bunun nə Azərbaycan futbolçuları, nə məşqçiləri, nə azarkeşlər ilə əlaqəsi yox. Baxın, 8 klubdan yalnız “Qəbələ” ev oyunlarını əyalətdə keçirir. Qalan klublar  Bakı və Sumqayıtda oynayır. Məncə, futbol əyalətlərə yayılmayınca, stadionlar da boş qalacaq. “Xəzər-Lənkəran”ın güclü vaxtını yada salın. Lənkəran stadionunda həmişə anşlaq olurdu. Fərz edək ki, İtaliyada A seriyasında klubların yarıdan çoxu paytaxtı təmsil edir, o oyunlara maraq indiki kimi olardımı? Buraxın əyalət  klublarını yüksək divizionda oynasınlar. Başa düşürük, UEFA-nın şərtləri var klublarla bağlı, stadionlarla bağlı.  Pulları  elə ora yatırın də... Təəssüf ki, yerli biznesmenlər də futbola  pul yatırmır və bunun səbəbini özlərindən soruşsan yüz haqlı səbəb də deyəcəklər. Qınamalı da deyil.

karabakh football club ile ilgili görsel sonucu

Avropada stadiona getmək kimi bir ənənə formalaşıb. Ailələr, dostlar, azarkeşlər və sair toplumlar bunu həm də bir istirahət bilirlər.  Bizim camaatı başa düşün e, tənqid etməklə deyil. Camaatın nə qədər qayğıları var... Sovet adamı da problemsiz deyildi, amma bu qədər qayğısı yox idi. Ona görə stadiona getməyə də vaxt tapırdı. Guya “Neftçi” o vaxt “qan-qan” deyirdi ki... O vaxt da uduzurdu, amma stadiona yenə azarkeş indikindən on dəfə çox gedirdi. Yəni səbəbi təkcə futbolçular da, klublarda, hətta AFFA rəhbərliyində də axtarmaqla heç nə düzələn deyil. Əvvəl dünyamız düzəlməlidir, Qarabağ  qaytarılmalıdır, millət özünə gəlməlidir ki, həm yaxşı klubun, həm dolu stadionun olsun. Gəldik yenə Qarabağın və “Qarabağ”ın üzərinə...                                                   

rəşad sadıqov ile ilgili görsel sonucu

“Şerif”lə ötən il ÇL qarşılaşmalarında bir xeyli həyəcan keçirdik. “Qarabağ” Bakıda qolsuz heç-heçə etsə də, Tiraspolda 2:1 qalib gələ bildi.  “Şerif”in yeni məşqçisi olsa da, klubun “Qarabağ”dan üstün oynadığını düşünmürəm.

“Qarabağ”a son vaxtlar psixoloji bir basqı da var ki, məncə, bunları da dayandırmaq lazımdır. Təsəvvür edin ki, hətta Avropa Liqasının qrupuna düşəcəyi halda bunu klubun uğursuzluğu kimi qiymətləndirənlər var. Bu qədər də olmaz!  Bu iddialara “Qarabağ”ın legioneri Miçelin cavabı xoşuma gəldi. O səbəbdən sitatı olduğu kimi verirəm: “Bunu kim deyir?! Elə dediniz ki, sanki neçə illərdir Çempionlar Liqasının qrupunda oynayırıq və artıq Avroliqada qrupa düşməyi uğur saymırsınız. Cəmi 1 il Çempionlar Liqasında oynamışıq. Bu il alınmadı. Mən belə düşünmürəm. Avropa Liqası da Azərbaycan üçün ciddi yarış sayılmalıdır. Orada da möhtəşəm komandalar var”. Miçel tam haqlıdır və onun dediklərinə qoşuluram. ÇL məlum, bir brenddir. Amma niyə unuduruq ki, “Neftçi”, “Qarabağ”, “Qəbələ” Avroliqa qrupuna  vəsiqə qazananda necə sevinirdik.  Şəxsən mən yenə “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanamasını eyni həyəcanla gözləyirəm. Heç klubları demirəm, Almaniya dünya çempionu titulunu Rusiyada necə biabırçı təhvil verdi?  Olmayınca-olmur da qardaşlar...

“Qarabağ” ÇL qrupuna bu il düşə bilmədi, bunun üçün yetərincə də səbəb vardı. Amma Avropa Liqasına mütləq vəsiqə qazanacaq. İnşallah, iki oyunun nəticəsinə görə də Avropa Liqasının qrupunda azarkeşləri yenə sevindirəcək. (Musavat.com)

Şərhlər