Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu davam edir

Sentyabrın 25-də Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu işini davam etdirib. Reaksiya.az xəbər verir ki, sentyabrın 28-dək davam edəcək forumda 120 gənc lider iştirak edir. Forum Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir. Biznes qurumlarının, hökumətlərin, beynəlxalq təşkilatların nümayəndələri və Xüsusi Olimpiya Hərəkatının məqsədlərinə sadiq olan bir neçə tanınmış idmançı forum çərçivəsində keçirilən tədbirlərdə gənc liderləri ilhamlandırır. Forum çərçivəsində Bakı İdman Sarayında növbəti tədbir keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, veteran futbolçu İsgəndər Cavadov, məşhur karateçi Rafael Ağayev və digər şəxslər iştirak ediblər. Tədbir gənc gimnastların çıxışı ilə başlanıb. Sonra Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri və gimnastika üzrə ikiqat Olimpiya çempionu Nadya Komaniç birgə dərslər keçib. Olimpiya çempionunun önündə gimnastika üzrə gənclərdən ibarət qız və oğlanlar çıxış ediblər. N.Komaniç onlara diplomlar təqdim edib. Daha sonra tanınmış idmançılar və əqli imkanları məhdud gənclər arasında futbol oyunu keçirilib. Turnirdə üç komanda - Azərbaycan, Avropa Xüsusi Olimpiya Hərəkatı və dünya kollektivləri yarışıblar. Heyətində Fərid Mansurov, Rafael Ağayev, Namiq Abdullayev və başqa tanınmış idmançıların olduğu Azərbaycan komandası hər iki rəqibi məğlub edib. Lakin mükafatlandırma mərasimində qonaqpərvərlik əlaməti olaraq qızıl medallar dünya komandasına təqdim edilib. Azərbaycan komandası isə bürünc medallarla təltif edilib. Turnirdən sonra R.Ağayev bildirib ki, futbol karatedən sonra ən sevdiyi idman növüdür: “Gənclərimizi və bütün uşaqları sevindirdik. Mənim üçün gənclərlə birlikdə futbol oynamaq böyük şərəfdir. Bu tədbirin təşkilatçılarına minnətdaram”. N.Abdullayev əqli imkanları məhdud gənclərlə futbol oynamağın çox gözəl olduğunu, dünyaya bir mesaj olduğunu söyləyib. Qeyd edək ki, forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, habelə “Lions Clubs International”, “Stavros Niarchos Foundation” və digər təşkilatlar tərəfindən dəstəklənir.
Advertisement Banner

Şərhlər