Azərbaycanın qadın voleybolçuları dünya çempionatında Trinidad və Tobaqo yığmasına qalib gəliblər

Bu qələbə sayəsində komandamız növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib

Oktyabrın 3-də qadınlar arasında voleybol üzrə Yaponiyada keçirilən dünya çempionatının ilkin qrup mərhələsində Azərbaycan millisi Trinidad və Tobaqo yığması ilə qarşılaşıb. İnamlı oyun nümayiş etdirən Azərbaycan yığması 3:0 hesabı ilə qalib gəlib. Reaksiya.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda qızlarımız birinci seti 29:27 hesabı ilə başa vurublar. İkinci setdə tam üstünlüyə yiyələnən millimiz 25:16 hesabı ilə qalib gəlib. Üçüncü setdə də rəqibinə heç bir şans verməyən voleybolçularımız 25:17 hesablı qələbə qazanıblar (3:0). C qrupunun digər oyununda Rusiya yığması Koreya Respublikasının voleybolçularını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. ABŞ seçməsi isə saat 14:20-də Tailand millisi ilə qarşılaşacaq. Qaydalara əsasən qrupda ilk dörd yeri tutan komanda növbəti mərhələyə adlayacaq. C qrupunda Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları mübarizə aparırlar. Azərbaycan yığması Trinidad və Tobaqo üzərində qələbə sayəsində növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib. Belə ki, hazırda komandamız 6 xalla qrupda dördüncü sıradadır. Qrupa 12 xalla Rusiya yığması başçılıq edir. Üç oyundan 9 xal toplayan ABŞ millisi ikinci sıradadır. Amerika təmsilçiləri ilə qarşılaşacaq Tailand yığması üç oyundan sonra 6 xal toplayıb. Koreya Respublikası 1 xalla beşinci, aktivində xal olmayan Trinidad və Tobaqo isə sonuncu pillədədir. Qeyd edək ki, ilkin qrup mərhələsinin sonuncu turunda Azərbaycan yığması oktyabrın 4-də Tailand millisi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
Advertisement Banner

Şərhlər