Erməniləri məyus etmiş boksçumuz Avropa çempionatının finalında

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. 

Azərbaycan millisinin yarımfinala yüksələn üç üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.

Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Çurova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Saranudan (Moldova) üstün olub – 4:1. O, finalda ingiltərəli Co Makqreyli sınağa çəkəcək.

 

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. 1/8 finalda türkiyəli Əmir Büyükdağa, 1/4 finalda belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib.

Allahverdiyev gərgin keçən döyüşdə 3:2 hesabı ilə qələbə qazanıb. Yığma üzvü çempionluq üçün Patrik Mayerslə (İrlandiya) qüvvəsini sınayacaq.

Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağırçəkili idmançımız macarıstanlı Levent Kisə uduzub – 1:4. O, yarımfinalda yarışla vidalaşdığından III yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər