"Sumqayıt" Futbol Akademiyasının direktoru: "Futbolu Avropadan buraya gətirdik" - MÜSAHİBƏ

02.11.2019 15:03     Sport reaksiya     972

"Sumqayıt" Futbol Akademiyasının direktoru Hakan Sünalın "Report"a müsahibəsinə istinadən

- Artıq yarım ildir "Sumqayıt" klubundasınız. Gələndə nələri gördünüz və hazırda nələri dəyişməyə nail olmusunuz?

- Mən gələndə ötən mövsüm başa çatmamışdı. Oyunları mövsümün sonunda da olsa, izləyə bildim. Üç həftə ərzində məşqlərdə böyük problemlərin olduğunu müşahidə etdim. Məşqçilərin sayı da az, uşaqların sayı isə yetərincə çox idi. Təxminən, bir məşqçiyə 20 oyunçu düşürdü. Bu durum məşq prinsiplərini gerçəkləşdirmək baxımından çox çətin idi. Komandalarımız da az, sayları 9 idi. Demək istədiyim odur ki, bünövrə yoxdur. 6,7 və 8 yaşlılardan ibarət komandalarımız mövcud deyildi. Biz bütün bunlara qarşı tədbirlər gördük. Öncə məşqçilərə 3 həftə təlim keçdik, fəlsəfəmizi və məşq prinsiplərimizi başa saldıq. Məşqçilərin sayını da iki dəfə artırdıq. Hər kollektivdə iki məşqçimiz var. Buna əlavə olaraq akademiya üçün fitnes məşqçisi gətirdik. Bu mövzu Azərbaycanda işlənməmiş məsələdir. Halbuki Avropada buna önəm verirlər. Bunun üçün bu mövzuya yönəldik, faydalarını da yavaş-yavaş oyunlarda görməyə başladıq. Komandalarda dözümlülük, sürət və gücümüz artdı. Əlavə olaraq 6,7 və 8 yaşlı uşaqlardan ibarət komandalar qurduq, yaş qruplarını böldük. U-10-dan U-12-ə qədər yaş qruplarını əsas bünövrə hesab etdik. U-13, U-14 və U-15 orta qrup oldu. U-16-dan U-19-a qədər isə performans qrupudur. 

- Belə bölgünü aparmağınıza səbəb nə oldu?

- Belə etməklə, hər yaş qrupuna görə özəl idman proqramları düzəltdik. Qruplara koordinator təyin etdik. Onlar baş verən işləri izləyirlər. Akademiyada çox böyük dəyişikliklər oldu. Hazırda 5 meydançamız mövcuddur. Bir dənə də kort qurduq. Orada çox işləyirik. Bundan əlavə, fərdi məşqlər edirik. Məsələn, 90 dəqiqə ərzində bizim hücumçularımız qapıya zərbələr vururlar. Qapıya 100 ilə 120 arası zərbə endirilir. Bunu ona görə edirik ki, həftəsonu oyunlar keçirəndə uşaq tam topa vura bilsin. Bunu müdafiəçilər də məşqlərdə edir. Onlar ən az 200 dəfə başla oynayırlar, yarımmüdafiəçilər ötürmə üzərində işləyirlər. Bütün bunların faydalarını görməyə başlamışıq. 

- Nəticələr yaxşılaşıb?

- Hazırda nəticələrə baxmamaq lazımdır. Nəticə pis də ola bilər. Önəmli olan matçda sərgilənən oyuna baxmaqdır. Futbol baxımından komandaların hamısında inkişaf görürəm. Nəticələr isə daha sonra olacaq. Səbr etmək lazımdır. Bir il keçəndən sonra, sistem tam işləyəndə nəticələrə baxa bilərik. İndi isə önəmli deyil. Məşqçilərə də hər zaman bunu deyirəm. Pis nəticələr olduqda heç kimə əsəbiləşmirəm. Çünki hələ yolun başındayıq. Nəticələrə baxsaq, hədəfimizə çata bilmərik. Bu vaxta qədər görülən işlərdən çox məmnunam. Məşqçilərimizdə də böyük inkişaf var. Böyük danışmaq istəmirəm, amma Azərbaycanda ilk olaraq bizdə məşq proqramları, analizlər və oyun planlarını məşqçilər kompüterdə yazır və uşaqlara təqdim edirlər. Uşaqlar belə bir şeyi Azərbaycanda görməmişdi. Bu sistemlə davam etsək, inanıram ki, yaxın zamanda gəmimizi hədəfə yaxınlaşdırarıq. Hamımızın hədəfi Azərbaycan futboluna oyunçu yetişdirməkdir. Hamımız eyni gəmidəyik. Eyni çalışmalıyıq ki, gəmi hədəflədiyimiz istiqamətə doğru getsin. İndi yelkənləri açmışıq, yolumuz yaxşıdır. İnanıram ki, bütün bunları milli komandalarda görə bilərik. Oyunçularımızın sayı da artacaq. Növbəti ildə daha da hazırlıqlı olacağıq.

 

 

 

 

 

- Siz Azərbaycana Almaniyadan gəlmisiniz. Orada, demək olar ki, hər şey üst səviyyədədir. "Sumqayıt"dakı akademiya ilə müqayisə edə bilərsiniz?

- Bu suala gözəl cavab verəcəyəm: hər kəs buradan Avropaya getmək və orada futbol oynamaq istəyir. Biz isə futbolu Avropadan buraya gətirdik. Bunu məşq və oyun prinsiplərində, eləcə də etdiyimiz işlərdə görə bilərsiniz. Uşaqların məşq üçün Avropaya getmələrinə ehtiyac qalmayacaq. Məşqləri burada keçirəcəyik. Avropa yüksək standartlarını görən insanam. 20 ildir ki, məşqçilik edirəm. Bunun 15 ilini ən yüksək səviyyədə etmişəm. "Şalke 04", "Volfsburq" və "Bavariya"nın necə işlədiyini görmüşəm. Buna uyğun olaraq, biz öz fəlsəfəmizi və məşq prinsiplərimizi yazdıq. Hazırda həqiqətən burada Avropadakı kimi ən yüksək səviyyədə işləyirik. Şərait isə Azərbaycanda bir problemdir. Avropada hər bir balaca kənddə belə meydançalar var və komandalar da çoxdur. Burada isə meydança ilə bağlı böyük problemlər var. Mən də onu gördüm. Amma bizim Sumqayıtdakı şəraitimiz superdir. Dəniz kənarında beş meydançamız var. Bu barədə Azərbaycanın digər klublarının çətinliklər çəkdiyini bilirəm. Amma bizdə o problem yoxdur. Bu yöndə daha da inkişaf edəcəyik. Qaçış üçün yer düzəldəcəyik. Gələcək üçün bəzi layihələrimiz var. Filial açmağı planlaşdırırıq. Mən burada işləməyə başlayanda 150 futbolçu var idi. Hazırda isə sayı 9 komandadan 15 komandaya yüksəltdik. Oyunçuların sayı isə 250-300 arasıdır. Bu meydançaya yerləşmirik. Bunun üçün filial açmaq və bir meydança daha qurmaq istəyirik. Bu, uşaqlara daha yaxşı şərait yaradacaq.

- Həmin filialın harada olacağı planlaşdırılıb?

- Filialın yeri hazırdır. Yaxın zamanlarda onun inşasına başlayacaqlar. "Kapital Bank Arena"dan maşınla 5 dəqiqəyə, piyada isə, bəlkə də, 10 dəqiqəyə çatmaq olur. Ona görə də yaxın məsafəni seçmişik. Bir problemimiz var: komanda sayı çoxdur. Son məşq saat 20:00-da başlanır və 21:30-dək davam edir. Oyunçu həmin vaxt axşam yeməyi yeməlidir. Filial olandan sonra planlamamız daha düz ola bilər.

- Hazırda Azərbaycanda ən güclü akademiya "Qəbələ" klubuna məxsusdur. Oradakı şəraitlə maraqlanmısınız?

- Bəli. Buraya gələndə ilk işlərimdən biri o oldu. Qəbələdə turnir var idi. Öncə akademiyanın direktor müavini Nail Kərimovla tanış oldum. Bizi o dəvət etmişdi. Qəbələdəki şəraiti gördüm və orada çox yaxşı işlər görülür. Super meydançaları var. Mənə dedilər ki, milli komandalara 38-ə yaxın oyunçuları yollanır. Onların bir üstünlüyü var ki, istədikləri oyunçuları seçə və "Qəbələ"yə cəlb edə bilirlər. O şans isə bizdə yoxdur. Biz sadəcə Sumqayıt və yaxın ətrafdakı uşaqlarla işləyirik. Buradakı uşaqların da potensialı var. "Qəbələ"də də sumqayıtlı oyunçuların olduğunu gördüm. Onlar yaxşı yoldadır. Ümid edirəm ki, bir gün biz də onların səviyyəsinə çata bilərik. Hədəfimiz Azərbaycan futbolunda akademiya səviyyəsini qaldırmaqdır. Başqa akademiyaları çox gəzə bilmədim. Eşitdiyimə görə, bəzi akademiyalar Avropadan təcrübəli məşqçiləri gətiriblər. "Səbail" klubuna getdim, onların kordinatori ilə münasibətim var. Onun da çox yaxşı planları var. İnanıram ki, həyata keçirəcək. Bunu daha öncə də demişəm: son 10 ildə Azərbaycan futbolunda çox inkişaf var. Bu, uşaq futboluna da şamil olunur. Bundan 3 il öncə U-19 çempionatı olmayıb, yeni təsis olunub. Biz nəticələrə baxmayıb, sakit və səbrli şəkildə çalışsaq, 10 il ərzində yüksək səviyyəyə çata bilərik.

- Vaxtilə "Qəbələ" klubu turnirlər təşkil edirdi. Türkiyədən "Qalatasaray" və "Beşiktaş"ı, eləcə də İspaniya və Hollandiyanın öndə olan klublarını dəvət edirdilər. Belə bir səviyyəli turnir keçirməyi planlaşdırırsınız? 

- Əlbəttə, belnəlxalq turnirlər oyunçuların təcrübə qazanması üçün çox vacibdir. Bunu Avropada Almaniyanın "Ayntraxt" klubunda işləyəndə gördüm. 8 il ərzində Avropanın bir çox ölkəsində turnirlərdə iştirak edirdik. Hətta turnir üçün Bakıya da gəlmişdik. Bu, oyunçuları peşəkar həyata hazırlamaq üçün böyük təcrübədir. Azərbaycanda əsas problem ondan ibarətdir ki, həmişə eyni komandalar ilə oynayırlar. Buna görə də beynəlxalq turnirlərdə iştirak fərqli təcrübə qazandıra bilər. Biz öncə öz işimizə baxmalıyıq. Özümüzü o səviyyəyə gətirməliyik ki, beynəlxalq turnirlərə gedəndə bərbad hala düşməyək. Amma əlbəttə, təcrübə qazanacağıq. Demək istəyirəm ki, yarışda rüsvay olmayaq. Səviyyəni yüksəltdikdən sonra Avropada onun faydasını görə bilərik. Onlarla eyni səviyyədə oynamaq lazımdır. Hazırkı durumda Avropadakı komandalarla başabaş oynaya bilmərik. Güclülərlə oyunlarda 0:6, 0:8 hesabı ilə uduza bilərik, amma bu, futbol olaraq bizə bir şey verməyəcək. Düşünüürəm ki, turnirlər keçirməli və orada təcrübə qazanmalıyıq. "Sumqayıt"ın 70 illiyində turnir keçirməyi planlaşdırırıq. Onun hazırlıqlarını görürük. Azərbaycana yaxın olan ölkələrdən komandalar gətirib burada kiçik turnir keçirməyi planlaşdırırıq.

- Futbolçularda oyun baxımından problemlər ola bilər, bəs psixoloji və ya mental olaraq fərqlər görürsünüzmü?

- Mövzuya müsbət fikirlə başlamaq istəyirəm. Bəzi şeylər var ki, azərbaycanlı oyunçularda var, amma Avropada yoxdur. Oyunçunun istəyi, dözümlülüyü futbola yanaşması, oyun ərzində sərtliyi və istəyi Avropada çox görməmişəm. Bunu ciddi deyirəm. Uşaq Avropada ciddi olmayan zədə alsa, yerə yatacaq və oynaya bilməyəcək. Burada isə o yoxdur, əksinə sərtlik və istək var. Futbolçu yıxılır və yenidən qalxır, oyuna davam edir. Bu, mənim çox xoşuma gəlir və əslində çox önəmlidir. İstək olmasa, futbolçu inkişaf edə bilməz. Futbolçuların çatışmazlıqları isə atletik baxımından biruzə verir. Məşq prinsiplərində atletika, texnika və şəxsiyyət çox önəmlidir. Hamısı bir arada olmalıdır ki, futbolçunun inkişafı daha sürətli olsun. Atletik baxımından çox zəifik. Onu düzəltməyə çalışırıq və iki ay ərzində çox böyük inkişaf görürəm. Texnika baxımından isə Avropadakı uşaqlardan heç bir fərqləri yoxdur. Demək olar ki, eyni səviyyədədirlər, bəlkə üstünlüyümüz də var. Çünki burada uşaq futbolu küçələrdə başlayır. Almaniyada və Avropada artıq belə bir şey yoxdur. Bu yaxınlarda Binə qəsəbəsində akademiyamızın U-16 komandasının "Sabah"a qarşı matçını izlədim. Gördüm ki, ora yaxın yerdə məktəbli uşaqlar asfalt üzərində daşdan qapı düzəldərək futbol oynayırlar. Bu, mənim çox xoşuma gəldi. Onların yanına getdim, şokolad verdim. Almaniyada küçə futbolu yoxdur. Bəlkə də onun üçün darıxırlar. Cənubi Amerikadan çıxan böyük futbolçuların hamısı küçə futbolundan gəliblər. Çünki orada qayda yoxdur. Orada fərdi keyfiyyətlərinə uyğun oynayırlar. Ona görə də Azərbaycanda texnik baxımdan problem görmürəm. Problemlər taktikada var. Məşqçilər işi tam bilmədikləri üçün çətinlik çəkirlər. Amma o da yavaş-yavaş düzəlir. Bunun üçün öncə oyunçuları yox, məşqçiləri düzəltmək lazımdır. O səviyyəyə gətirmək lazımdır ki, oyunçular məşqçilərdən götürsün. Taktika, texnika və atletika birlikdə inkişaf edəndə sonda şəxsiyyət məsələsi qalır. Halbuki, şəxsiyyət mövzusu bizim prinsiplərimizdə ən yüksəkdədir. Çünki hər şeyi mükəmməl olan və şəxsiyyəti pis olan şəxsin peşəkar futbolçu olması çox çətindir. Amma bayaq da qeyd etdiyim kimi, burada o istəyi və qərarlılığı görürəm. Çox tərbiyəli uşaqlar var. Bu, mənə qəribə gəlir, otağa iclasa girəndə oyunçuların hamısı ayağa qalxır. Hörmət var. Bu, Almaniyada yoxdur. 

- Nəticələr üçün nə qədər gözləmək lazım gələcək?

- Bu uşaqlarla yaxşı çalışsaq, 10 il ərzində Avropa səviyyəsinə çata bilərik. Düzdür, onlar da inkişaf edəcək. Amma bu sistemlə 5 - 10 ilə nəticəyə nail olmağımız mümkündür. Əslində bu, inkişaf üçün çox tez zamandır. Azərbaycanda istəyirlər ki, bu gün işləyək və sabah bu iş baş tutsun. Təəssüf ki, futbolda bu, mümkün deyil. Bünövrəsini bu gün qoyduqsa, meyvələrini isə 5-10 ilə görə bilərik. Hazırda U-10-da çıxış edən uşaqlar əsas komandaya gələndə bizim qurduğumuz sistem həyata keçəcək. Bu layihə üçün vaxt lazımdır.

- Bəs bu qədər müddət ərzində burada qalmağa vaxtınız olacaqmı?

- Hazırda müqaviləm iki illikdir. Məni nəyin gözlədiyini bilmədiyim üçün belə bir qərar verdik. Klub və məşqçilər məndən razı qalarsa, burada qalmamağım üçün bir səbəb yoxdur. Əslində layihə çox uzundur. Ən azı 5 il qalmağı düşünürəm. Hər şey yolunda gedərsə, 5 ildən daha çox qala bilərəm. Hazırda bu barədə danışmaq çətindir. Azərbaycan futboluna böyük köməklik etmək istəyirəm. Mən gedəndən sonra, desinlər ki, burada Hakan hoca var idi və bizə bunları öyrətdi. Mənim öyrətdiklərimi isə bu məşqçilər gələcəkdəki məşqçilərə öyrətsin.

- Bir sistem formalaşdırmaq istəyirsiniz?

- Bəli. Avropada da belədir. "Barselona"da sistem işləyir, oyunçu işləmir. Baş məşqçi 16 yaşındakı Ansu Fatiyə şans verir. Adam dayanmadan futbol oynayır. Çünki sistemi bilir, elə yetişib. Bu layihələr aşağı yaşlardan başlamalıdır. Bizim oyunçular əsas komandaya gələndə, əsas komandada yaxşı səviyyə oynayanda belə olacaq. "Barselona"dakı oyunçu 16 yaşında oynayır və qiymətini 25 milyona qaldırıb. Onu sistem oynadır. Bu, Messi və digər oyunçulara da aiddir. 

- "Sumqayıt" klubunda uşaqlar üçün futzal bölməsi hansı məqsədlə yaradılıb?

- Almaniyada peşəkar futbol klublarının yaş qruplarında futzal komandaları yoxdur. Klub prezidenti bunu fikirləşdi və həyata keçirdi. Futzal Cənubi Amerikadan gəlir. Orada da Azərbaycandakı kimi meydança problemləri var. 1950-ci ildə Cənubi Amerikada professorlardan biri fikirləşib ki, biz futbolu məktəblərə necə keçirəcəyik. Hansısa zalda buna başlayıblar. 5X5 futzal oynayıblar. Fərdi keyfiyyətlər futzalda daha qabarıq şəkildə biruzə verir. Mütləq fərdi mübarizələrə qoşulmalısan ki, rəqibini keçib qol vurasan. Ronaldinyo və Ronaldo kimi oyunçuların hamısı futzaldan gəlib. Onların texniki keyfiyyətlərini görürük və gözlərimiz açıq qalır. Almaniyada son beş ildə futzala maraq yaranıb. Başa düşdülər ki, futzalın faydası var. Qış aylarında uşaqlar oyunlarını futzal meydanlarında oynayırlar. Amma orada futzal komandaları yoxdur. Bizim bunu yaratmağımızda məqsəd futzalda daha çox uşaq toplamaqdır. İkincisi isə odur ki, həmin məkandan faydalanmaq istəyirik. Ora da bizim meydanlardan biri olacaq. Burada qış ağır keçir. Meydançalarda oynamaq çətindir. Əsasən də azyaşlılar üçün. Onlara imkan verəcəyik ki, futzal meydanında futzal komandalarına qarşı oynaya biləcəklər və məşq keçirəcəklər. Bunun üstünlükləri çox böyükdür.

- Məşqçiləri hansı keyfiyyətlərinə görə müəyyənləşdirmisiniz?

- Məşqçilərin hamısını sınaqdan keçirmişəm. Hər komandaya bir köməkçi təyin etmişik. Bunların 80 faizi əvvəl futbol oynayan şəxslərdir. Rayon komandalarında çıxış etmiş sumqayıtlı uşaqlar var ki, onlarla işləyəcəyimə dair qərarı 3-4 məşq keçirdikdən sonra verdim. Mən yenə onların istəkli olduqlarını gördüm. Elə şəxslər var ki, onlar heç məşqçilik etməyiblər. Onu da demək istəyirəm. Onları sıfırdan bizim sistemə uyğunlaşacaqları üçün cəlb etmişik. Kənardan başqa bir məşqçi gətirsək, onun öz prinsipləri olacaq və dəyişdirmək də çətindir. Amma bunların beynləri təmiz olduğu üçün bizim yeni sistemi yükləyə bildik.

- Hazırda ən səviyyəli komandanız kimi hansını göstərə bilərsiniz və əsas gücü hansına qoymusunuz?

- Məndən ən çox tələb olunan odur ki, əsas komandaya futbolçu yetişdirim. Özüm 16, 17, 18 və 19 yaşadək futbolçulara daha çox əmək sərf edirəm. Çünki 2-3 il ərzində çıxan oyunçular oradan olacaq. Amma bu o demək deyil ki, mən U-10, U-11 və digər komandalara diqqət etmirəm. Gələcəyin gələcəyi onlardır. Onları buraya elə bağlamaq lazımdır ki, təkliflər gələndə başqa bir yerə getməsinlər. Bizim əsas komandanın üstünlüyü başqa klublara nisbətən azdır. Öz futbolçularımızı yetişdirmək istəyirik. Bu, oyunçular üçün böyük şans ola bilər. Futbolçularımızı öz gücümüzlə yetişdirmək istəyirik. Burada U-17 komandasını çalışdırıram. Qoy, hamı görsün ki, mənim izah etdiyim fəlsəfə hava deyil. İlk 3 həftədə iclaslar zamanı məşqçilər mənə deyirdi ki, hər şey yaxşıdır, amma bunları Azərbaycanda həyata keçirmək çətindir. Həmin komanda mənim ixtiyarımdadır. Hazırda nəticələri tam verə bilməmişik, amma oynadığımız futbol çox yaxşıdır. Hər matçda 4-5 qol epizodu yaradırıq. Onu da burada hər kəs görür. Gəlirlər, idmanlara baxırlar və öz məşqləri üçün nələrsə götürürlər. Mənə dedilər ki, pis vəziyyətə düşərsən və nəticələr pis ola bilər. Göstərmək istəyirəm ki, baxın, hamımız bu işi edə bilərik. Komandir olaraq ən irəlidə mən gedirəm ki, arxamdan gəlsinlər.

- "Sumqayıt" əsasən yerli futbolçulara və əslən azərbaycanlılara üstünlü verən klubdur. Hazırda əsas komanda üçün namizəd futbolçu varmı və kimlərisə əsas komandaya təklif etmisiniz?

- Hazırda əsas komandada akademiyamızın yetirməsi olan Səbuhi Abdullazadə var. O, mənim sistemimdə işləməyən oyunçu olsa da, Premyer Liqada 90 dəqiqə yüksək səviyyədə çıxış edə bilən istedadlı futbolçudur. Akademiyamızda onun kimi oyunçular var. Hazırda ad açıqlamaq istəmirəm. 2 il keçdikdən sonra Səbuhi kimi ən az 2-3 oyunçunu əsas komandaya salmaq mümkün olacaq.

 

 

- Hazırda Premyer Liqada yaşla bağlı limitlər mövcuddur. Bu sistem çempionat üçün faydalıdır?

- Bu qayda təkcə Azərbaycana aid deyil. Avropa və Almaniyada da belə qaydalar mövcuddur. Bütün komandalarda U-19-dan və U-23-dən oyunçular olmalıdır. Bunun faydası oyunçuların tez bir vaxtda təcrübə qazanmaları və orada gedən işi öyrənmələridir. Hamısı 90 dəqiqə meydanda olacaq qədər istedadlı deyil. Amma 1-2 il ərzində peşəkarlığı öyrənmək üçün çox faydalıdır. 

"Sumqayıt" Futbol Akademiyasında görülmüş işlərin qisa xülasəsi

* "Sumqayıt"ın akademiyasında ümumi komanda sayı 9-dan 15-ə qaldırılıb 

* Ötən illərdə akademiyada 160 uşaq var idisə, yeni sistemə əsasən futbolçu sayı 250-yə çatdırılıb 

* "Sumqayıt"ın akademiyasında məşqçi və inzibati heyətin sayı 21-dən 36-ya yüksəldilib 

* Akademiyaya atletika və fitnes məşqçisi dəvət edilib 

* Akademiya olaraq klubun futbol məktəbi yaradılıb. Futbol məktəbinə 5 yaşından 9 yaşına qədər futbolçular qatılır. 

* Ümumilikdə "Sumqayıt" Futbol Akademiyası 3 qrup əsasında fəaliyyət göstərir: Təməl Qrup, Orta qrup, Performans qrup

* Yeni mövsümdən akademiya üçün avtobus alınıb 

* Məşqçilərlə mütəmadi olaraq həftə ərzində 2 dəfə olmaqla iclaslar, dərslər keçirilir. 

* Yeni mövsümdə 30-dan çox sumqayıtlı futbolçu digər klublardan geri qaytarılıb 

* Akademiya olaraq, Sumqayıtda fəaliyyət göstərən futbol məktəbləri ilə iş birliyi aparılır 

* Akademiyada futbolçu və məşqçilər üçün yeni geyim dəstləri alınıb 

* Akademiya üçün yeni inventarlar alınıb 

* Akademiyanın məşqləri 5 meydançada keçirilir 

* Akademiyada elit məşqlər, fitness məşqləri də keçirilir.

Reaksiya.az

Şərhlər