“Rəvan”-“ Xəzər Lənkəran” oyununda sevinən tərəf qonaqlar olub

03.11.2015 03:11     Sport reaksiya     2296

Topaz Premyer Liqasının 11-ci turuna “Rəvan”- “Xəzər Lənkəran” oyunu ilə yekun vurulub.

Reaksiya.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində olan “Rəvan” “Bayıl Arena”da “Xəzər Lənkəran”ı qəbul edib. Matçın ilk dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçib. Birinci hissənin sonlarına yaxın Lənkəran təmsilçisi oyunda tam təşəbbüsü ələ alaraq, hücumlarının sayını artırıb. Elnur Cəfərovun “Rəvan” ın qapısına vurduğu yaddaqalan güclü zərbəyə qapı tiri mane olub. Fasiləyə 0:0 hesabı ilə yollanan komandalar ikinci hissədə də sürətli oyuna üstünlük veriblər. "Ağ-yaşıllar"ın daha bir neçə epizodda fərqlənmək imkanı olsa da, hücumları qola cevirə bilməyiblər.

Nəhayət, ikinci hissənin son dəqiqələrində qonaqların hücumu öz bəhrəsini verib. Matç boyu əzmkarlığı ilə seçilən Elnur Cəfərov 80-ci dəqiqəqə “Xəzər Lənkəran”ı hesabda irəli cıxarıb - 0:1. Beləliklə, qarşılaşma qonaqların minimal 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Mövsümdə qələbə üzünə həsrət qalan “Rəvan” bu oyundan da xalsız ayrılıb və 2 xalla yenə turnir cədvəlinin autsayderi qalıb. “Xəzər Lənkəran” isə 12 xalla yeddinci pilləyə yüksəlib.

Xatırladaq ki, on bir turdan sonra “Qarabağ” 26 xalla çempionata liderlik edir. “Qəbələ” 21 xalla ikinci, “İnter” isə 19 xalla üçüncü sıradadır.

Şərhlər