Azərbaycan futbolu tarixində ilk dəfə

12.11.2015 15:54     Sport reaksiya     1898

Bizim arbitr Avropa kubokunun qrup mərhələsinə hakimlik edəcək.

FİFA-nın 28 yaşlı referi Əliyar Ağayev Azərbaycan futbolu tarixində ilk dəfə Avropa kubokunun qrup mərhələsinin matçında hakimlik edəcək.

Reaksiya.az apasport-a istinadən xəbər verir ki, bu məlumatı AFFA-nın Hakimlər komitəsinin sədri Xəqani Məmmədov təsdiq edib.

O qeyd edib ki, Ağayevin təyinatının hara – Çempionlar Liqası və ya Avropa Liqasının matçına olacağı hələlik məlum deyil.

“Bəli, bu, həqiqətdir, bu, bizi sevindirdi. Düzünü desəm biz bunu gözləyirdik, bunun tez, ya gec baş verəcəyini bilirdik. Çünki UEFA-nın Hakimlər komitəsinin baş komissarı Pyerludci Kollin Ukraynada Əliyarı nümunə kimi göstərib.

Qrup mərhələsinin matçlarına UEFA-nın perspektivli hesab etdiyi və əvvəlki oyunlarda yüksək qiymət almış gənc arbitrları təyin edirlər. Əliyar 8,9 və ya 10 dekabrda keçiriləcək beynəlxalq görüşə təyinat alacaq. Adətən UEFA hakim təyinatı barədə matça 3-4 gün qalmış bildirir.

Bu, bizim son illərdə apardığımız məqsədyönlü işin nəticəsidir. Biz məhz buna can atırdıq. Son illərdə Azərbaycan arbitrlərinin iri turnirlərin oyunlarına təyinat almadıqları barədə çox danışılırdı. Bu da onlara ən gözəl cavab oldu.

Ümid edirik ki, Əliyar bu oyunu uğurla başa vuracaq və birinci kateqoriyaya keçməyə şans qazanacaq.

Eləcə də qeyd edim ki, UEFA ikinci kateqoriyadan olan arbitrlərdən qrup mərhələsinin oyunlarında hakimlik etmək imkanını ən perspektivli hakimlərə verir. Mən bunu ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan hakimliyinin tarixində böyük qələbə adlandırardım”- Xəqani Məmmədov deyib.

Şərhlər