Cüdo yığmamızdan 2 qızıl medal

20.11.2015 17:19     Sport reaksiya     2016

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarına start verilib.

Reaksiya.az Apasport.az saytına istinadən xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisinin 3 üzvü mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov yarışa ikinci raunddan başlayıb. Argentinalı Ernan Birbrieranı məğlub edən cüdoçumuz 1/4 finalda komanda yoldaşı, bolqarıstanlı Yanislav Qerçev və rusiyalı Dmitri Kulikova qalib gələn İlqar Müşkiyevlə qarşılaşıb.

Azərbaycan duelindən Müşkiyev qalib çıxıb. Yarımfinalda da uğurlu çıxışını davam etdirən idmançımız bu mərhələdə Qazaxıstan cüdoçusu Aybəy İmaşevi məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Hollandiya təmsilçisi Jeron Murenə qalib gələn Müşkiyev qızıl medala sahib olub. Orxan Səfərov isə təsəlliverici görüşdə fransız Valid Hyara məğlub olaraq, mübarizəni dayandırıb.

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə də mübarizəyə ikinci mərhələdən qoşulub. O, ilk olaraq Monqolustan cüdoçusu Barqetalo Batseseqə qalib gəlib. Daha sonra almaniyalı Rene Şneyderi məğlub edən idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə Yaponiya təmsilçisi Kenqo Takaiçi üzərində qələbə qazanan Nicat finalda daha inamlı çıxış edib. Onun monqolustanlı idmançı Tumurxuleq Davadorj üzərində “ippon” fəndi ilə qələbə qazanması üçün cəmi 45 saniyə kifayət edib.

Bununla da, Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışının ilk günündə Azərbaycanın cüdo üzrə milli komandası aktivinə 2 qızıl medal yazdırıb.

Şərhlər