Zəlimxan Yaqubun şeirləri

12.01.2016 15:37     YazarKlub     4843

BİRCƏ TƏSƏLLİM VAR

Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə də beləcə axşam düşəcək,
Yenə də beləcə səhər olacaq. 
Yenə də arılar bal daşıyacaq,
Yenə də ilanda zəhər olacaq. 
Əslimiz, nəslimiz yaşamaq üçün,
Yenə kənd olacaq, şəhər olacaq. 
Şəhər var, açılıb gülə dönəcək, 
Şəhər var, qovrulub külə dönəcək. 
Kənd var, çiçək açıb gözəlləşəcək,
Kənd var, göz yaşları selə dönəcək. 
Dünyada heç kəsin boş qalmır yeri, 
Gedənlər getsə də, gələnlər gəlir. 
Ömrünü torpaqla, atəşlə, suyla,
Yağışla, havayla bölənlər gəlir. 
Yenə göy güləcək yağışlarıyla,
Yenə yer güləcək naxışlarıyla. 
Bu dünya həmişə gözəl olacaq,
İnsanın dünyaya baxışlarıyla!
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən, 
Bu qoca dünyada nələr olacaq.
Yenə oynadacaq sevinc atını,
Yenə daşürəkli kədər olacaq. 
Torpağı su basıb, sel aparanda,
İnsanın zəhməti hədər olacaq. 
Bu dağlar yenə də çiçəklənəcək,
İgidlər yenə də igidləşəcək,
Göyçəklər yenə də göyçəklənəcək. 
Mən də qarışacam qara torpağa,
Sellər aparacaq, bəlkə qəbrimi,
Məzarım hardadı, bilinməyəcək.
Bircə təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək!

lll

Hamı bu şəhərə dipdiri gəlir
Şəhər dünyasıdı...
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.

BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM

Mənim yaşım uşaq yaşı deyil ki - 
Hər ağacın meyvəsini dərmişəm. 
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə. 
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.

Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan. 
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.

Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən. 
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.

GÖRƏSƏN
 
Ömrün axırına nə qalıb görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli çöllərin çıxıb qoynuna,
Yazda çiçəkləri dərəcəyəmmi?
 
Dünyaya dağılan şeirlərimi,
Ucalıb dağ  olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin süfrəsinə  sərəcəyəmmi?
 
Qalmayıb dizimdə  taqətim, heyim,
Susub birdəfəlik kamanım, neyim.
Bu gün-sabahlıqdı  bəlkə taleyim,
Görəsən sabahı  görəcəyəmmi?

MƏZAR

Məzar insanların döş nişanıdır,
Yazılır daşlara ünvanı, adı. 
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?

Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu daha. 
Məzar insanların son dayaq yeri,
Burdan o tərəfə yol yoxdu daha.

Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var. 
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.

Hamının dərdini çəkən mən oldum,
Hamının ağrısı, azarı məndə. 
Başdaşım əyilib köksümə sarı,
Dünyanın ən dərdli məzarı məndə.

lll  

Ac gəlmişdim, ac gedirəm dünyadan,
Qismətimə düşən azdan doymadım.
Arı kimi güldən-gülə  dolaşdım,
Nə payızdan, nə də yazdan doymadım.
 
Can yandırdı  köz baxışlar, köz əllər,
Torpaq oldu, tez töküldü  xəzəllər.
Saymazyana gəldi-getdi gözəllər,
Nə işvədən, nə də nazdan doymadım.
 
Nəğmələrlə  ürəyimi aldılar,
Şirin-şirin xəyallara daldılar.
Min bir yerdə  min bir hava çaldılar,
Nə aşıqdan, nə də sazdan doymadım.

Şərhlər