Ülvi duyğular şairi

05.02.2016 18:10     YazarKlub     2687

Onunla xoş bir təsadüf nəticəsində tanış olduq. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin yanına gəlmişdim, o da orada idi. Salamlaşıb, bir-birimizə tanışlıq verdik, bir qədər söhbət etdik. Gördüm ki, səmimi, istiqanlı bir insandır. Həm də Azərbaycan xanımına xas olan bir səbat, mətanət və cürət hiss etdim həmsöhbətimdə! Söhbət istedadlı qələm dostum Gülnar Səmadan gedir.

Dünən Gülnarı axtardım, xahiş etdim ki, şeirlərini göndərsin, onun haqqında nəsə yazım. Sağ olsun, sözümü yerə salmadı, şeirlərini göndərdi. Oxudum və... əsla təəccüblənmədim!... Elə bunu da gözləyirdim!

Şair gərək özü də təmiz olsun, sözü də. Şairin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlamalıdır. Şəxsiyyət olmayanda yaradıcılıq da kölgədə qalır. Gülnar Səma o xoşbəxt şairlərdəndir ki, şəxsiyyəti ilə yaradıcılığı yüzdəyüz bir-birini tamamlayır. Onun şeirləri kristal kimi təmizdir, safdır. Bu şeirlərdə nə qondarma var, nə qeyri-təbiilik. Odur ki, bu şeirlər doğma gəlir insana, duyğuları oxşayır. Mən tam cəsarətlə deyə bilərəm ki, Gülnar Səma əsil şairdir! Sözün başına ip salıb oynadan hoqqabazların bolluğunda əsil şairlərə o qədər çox ehtiyac var ki!..

Gülnar Səma məhəbbət şairidir, ülvi duyğular şairidir. İnam şairidir.

Elə istəyirəm ki,

Sadəlövh uşaq kimi

İnanım hər sözünə.

Elə istəyirəm ki,

Sənə ümid bağlayıb,

Düşüm sənin izinə.

Onun şeriyyəti boyda ürəyi var. Daim narahat və təlatümlü ürəyi! Gülnar Səma ürək şairidir...

Nə dərdin var sənin məndən xəbərsiz,

Ağrısı canımı yaxan ürəyim!

 Qanıma qəltansan, daha nə lazım?

Rahat döyünməyə qorxan ürəyim!

Gülnar Səma qəm şairidir... həsrət şairidir...

Yenə də şeirimə tumar çəkir qəm,

Sevincin ayağı büdrəyir yolda.

* * *

Mən sənin üzünə elə həsrətəm,

Sən mənim üzümə həsrət qalantək.

Qoru bu həsrəti, qoru inadla

Qoru, ən alınmaz bürcün, qalantək.

Gülnarın şeirləri süni pafosdan uzaqdır, həyatın özü qədər sadə, təbii və axıcıdır. Bu şeirləri oxuyarkən, adama elə gəlir ki, müəllif səninlə mənzum şəkildə söhbət edir, aydın və aram bir səslə.  Eləbil, Gülnar öz oxucusuna taleyinin müəyyən fraqmentlərini danışır. Həsrətini, dərdini, qəmini... Amma inləmədən, sızlamadan danışır. Əksinə, Gülnar kədərin üzünə incə bir kinayə ilə gülümsəməyi bacarır. Gülnar sözlə insanın psixoloji portretini yaradır. İnsanın daxili qatlarına enməyi, ən əsası o qatları kəşf etməyi, açmağı bacarır. Və bu xüsusda, orijinal fikirlər yazmağa nail olur.

Bərk yapışar kor ağacdan,

Səma umar nur ağacdan,

İçimdəki dar ağacdan,

Özünü asan arzular.

Nə qədər şairanə, gözəl deyilmiş fikirdir. Arzular və ümidlər insan üçün böyük bir stimuldur. Arzuları puç olanda insan özünü necə hiss edir? Bəzi insanlar elə düşünür ki, arzular ya həyata keçir, ya da puç olur, sabun köpüyü kimi partlayıb, qeyb olur. Gülnarın fikrinə görəsə arzular qeyb olmur, onlar küsüb gedirlər, hətta bəzən intihar edirlər. Arzuların intiharı nə qədər kədərli bir hadisədir, deyilmi? Nə qədər arzuları intihar etsə də, müəllif yenə də həyata nikbin baxmağı bacarır, bədbinliyə qapılmır, ruhdan düşmür. Yeni arzularının – bələkdəki arzularının xatirinə!

Deyirlər, şairlər Allahın seçilmiş bəndələridir. Nə yaxşı ki, bu seçilmişlər içində mənim dəyərli qələm dostum Gülnar Səma da var! Mən ona daha böyük yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, o, ədəbiyyatda iz qoyan irihəcmli, fundamental əsərlər yaradacaqdır. Poeziyamızda öz üslubu və orijinallığı ilə yeni üfüqlər açacaqdır! Yaz-yarat, özü də, sözü də dəyərli olan Gülnarımız! Həmişə əlin qüvvətli, qələmin hikmətli olsun! Amin!

Şərhlər