“Əhməd Cavad xahiş etdi ki...” - VİDEO

Bu gün görkəmli Azərbaycan şairi Əhməd Cavadın doğum günüdür.

 

Axar.az xatırladır ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. O, Gəncə ruhani seminariyasında, daha sonra isə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb.

 

Əhməd Cavad Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Şeirləri 1913-cü ildən çap edilən şair yaradıcılığa lirika ilə başlayıb. Şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunub. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

 

Yaddaqalan şeirlər müəllifi olan Əhməd Cavad həmçinin himnimizin sözlərinin müəllifidir.

 

Əhməd Cavad həyatı boyu sovet hökumətinin şər və böhtanları ilə qarşı-qarşıya qalıb. Onun həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: “Sonadək ifşa etməli” (Abdulla Faruq), “Sıralarımızda düşmənlərə yer yoxdur” (Ağahüseyn Rəsulzadə), “Sıralarımızı təmizləyəlim!” (Cəfər Xəndan), “Təmizliyə başlanmalıdır!” (Məmməd Səid Ordubadi), “Səhvlərimiz haqqında” (Səməd Vurğun), “Sayıqlığın kütləşdiyi yerdə” (Seyfulla Şamilov) və i.a.

 

Əhməd Cavad insan kimi də böyük ürək sahibi olub. Təkcə Şükriyyə xanımın xatirələrindən bunu görmək olur:

 

“Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, haradansa o, yanımda peyda oldu. “Səni aparsam, mənimlə gedərsənmi?” Diksindim, sonra anladım ki, başqa yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saatdır durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü... Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna – Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı-palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib-getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni ürkütməsin... Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evinə gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana oldular”.

 

Qeyd edək ki, Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci ildə öldürülüb.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar