Türkiyədəki soydaşlarımızın qəlbi tarixi Vətənlə döyünür

11.07.2016 21:27     YazarKlub     2012

Dünya Azərbaycanlılarının IV Qurultayı illərdir ki, uzaqlarda yaşayan soydaşlarımızın vətən sevgisinin aşıb-daşdığını bir daha təsdiqlədi. Onlar doğma Azərbaycanın bugünkü inkişafından qürur duyduqlarını, gələcəyinin daha parlaq olması üçün var qüvvələrini əsirgəməyəcəklərini də fəxrlə dilə gətirdilər. Artıq IV Qurultay da tarixin arxivinə verildi. Lakin onun qarşıya qoyduğu məsələlər dünyanın hər yanına səpələnmiş azərbaycanlıların həyat kredosuna çevrilməsinə yeni zəmin yaratdı. Əlbəttə, arzuların gerçəkliyə çevrilməsi üçün vətəndaşlıq hissi güclü olmalıdır.

Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin qurultayda söylədiyi proqram xarakterli çıxışında vurğulandığı kimi, vətənimizin və xalqımızın beynəlxalq aləmdə təbliği həm də ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın yaratdığı diaspor fəaliyyətindən asılıdır: “...Xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var”.

Vətənini ziyarət edənlərin əksəriyyəti yaşadıqları ünvanlara dönsələr də, ürəkləri, könülləri doğmalarının yanında qaldı. Qurultay nümayəndələrindən biri, Azərbaycan-Türkiyə Koordinasiya Mərkəzinin yaradıcısı və sədri Könül Ordubadinin də fikirləri maraqlı oldu: “Dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni vəziyyətə gətirib çıxardı: ən uğurlu addım kimi dunyadakı azərbaycanlıların təşkilatlanmasını hayata keçirdi. Bu təşkilatlanma qarışılıqlı fıkır mübadilələri və görüşlər isə lobbiçiliyin əsasını qoydu. Azərbaycan dövləti üzərinə düşəni etdi. Qaldı xaricdə yaşayan azərbaycanlıların lobbiləşməsi. Ölkəmizin əsrlərdir üzləşdiyi və davam edən problemlərinin həlli üçün lobbi yaratmaq olduqca vacibdir”.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Koordinasiya Mərkəzinin yaradıcısı və sədri Könül Ordubadi ictimai-siyasi fəaliyyətlə yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olur. 6 kitab və bir neçə mahnı müəllifinin şeirləri Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının “Planeta poetov” almanaxında, “Nastoyaşaya vremya”, “Akademiya poezii” jurnallarında, “Mir pisatel”' qəzetində, Türkiyədə çıxan “Altın Kalemler Şiir Antolojisi”ndə, “Uluslararası Avrasya Şairleri Antolojisi”nde, “Yeşeren düşler” və “Azerbaycanda ATEŞ-2016” şeir antologiyalarında dərc olunub. Azərbaycan ədəbiyyatının Rusiyada təbliğinə görə “The First-2011” və Mikayıl Müşfiq mukafatlarına layiq gorulüb. 2012-ci ildə Rusiyanın Lipetski şəhərində “Tələbələrlə şairlərin görüşü”ndə ana dilində səsləndirdiyi şeir və hekayələrinə görə Rusiya Yazıçılar Birliyi tərəfindən A.P.Çexov medalına layiq görülüb. Azərbaycan və Rusiya Yazıçılar birliklərinin, Rusiya Poeziyası və Dilçilik Akademiyasının müxbir üzvüdür.

Qardaş Türkiyədə də soydaşlarımız az deyil. Orada 3 milyon nəfərə yaxın azərbaycanlı yaşayır. Bunların arasında müvəqqəti məskunlaşanlar da az deyil: “...Amma gəlin görək bu qədər azərbaycanlının təbliğat üçün bir mətbu orqanı, yaxud telekanalı, proqramları varmı? Ona görə cənab Prezident belə faktları nəzərə alaraq xalqımızı dünyada təmsil etməyin şərəfli olduğu qədər məsuliyyətliyini də diqqətə çatdırdı. Dünya azərbaycanlılarının da Prezidenti hesab etdiyimiz İlham Əliyev bildirdi ki, xarici ölkələrdə 462 diaspor təşkilatımız var. Bu, kiçik rəqəm deyil, eyni zamanda o deməkdir ki, soydaşlarımızın yaşadığı hər ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır”. 

Rusiyada yaşadığı illərdə Moskvada “Şəhriyar” ədəbi-mədəni cəmiyyətin diaspor təşkilatları ilə əlaqələr üzrə sədr müavini kimi könüllü çalışan Könül Ordubadi bir çox ölkələrdə tədbirlərə, toplantı və digər yığıncaqlara qatıldığını da vurğuladı: “Vətəni təbliğ etmək hər birimizin borcudur. Amma təbliğin də formaları olmalıdır. Bəzi cəmiyyətlər öz üzvləri ilə ildə bir neçə toplantı keçirir. Təəssüf ki, onlar hələ də anlaya bilmirlər, yaxud formasını tapmayıblar ki, təbliğat bu cür olmur. Yaşadığımız ölkədə vətənimizin, doğma Azərbaycanımızın ağrı-acısını azərbaycanlılarımız onsuz da bilir. Təbliğ sözünün mənası sanki bir çox cəmiyyətlərdə anlaşılmır. Məsələn, hansısa yığıncaqda beş-on nəfər qələm adamının toplanaraq şeir məclisi qurması Azərbaycan ədəbiyyatının təbliği ola bilməz. Təbliğ öncə yaşadığımız ölkələrdə geniş auditoriyalardan, icmalardan, universitetlərdən başlamalıdır”.

Bu il may ayının 1-2 də Ərzurum Kitab Fuarında “Araz” Yayınlar Evi ilə birgə hazırladığı “Unudulmayan Xocalım” adlı almanaxın imza günündə tələbələrin Azərbaycana marağı onu çox sevindirib. Onların Azərbaycanı tanımaq istəklərinin son zamanlar daha çox artmasının səbəblərinə toxunan Könül xanım deyir ki, bu, Azərbaycanın və onun paytaxtı Bakının inkişafı ilə bağlıdır: “Azərbaycanın sürətli inkişafı onu dünya xalqlarının, xüsusilə gəncliyin diqqət və marağını çox cəlb edir. Axı, keçmiş müttəfiq respublikaların heç birində, eləcə də Qafqazda belə inkişaf və təbiətcə gözəl olan, turizm üçün münbit və təbii resurslara malik coğrafi məkan azdır. Azərbaycanda dinclik və əmin-amanlıqdır. Son illər burada bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, o cümlədən Bakının “Formula-1”-ə evsahibliyi etməsi dünyanın nəzərlərini ölkəmizə yönəltdi. Azərbaycan həqiqətləri qardaş Türkiyədə də istənilən səviyyədə təbliğ olunmur. Özəl telekanallar, ümumiyyətlə, belə mövzulara az yer ayırır. Bəzən türk gəncliyinin türkdilli xalqların tarixi və etnoqrafiyasına olan ehtiyacları nəzərə alınmır. Bu da təbii ki, təbliğatın zəifliyindən asılıdır. Məsələn, burada diasporlar vasitəsi ilə Azərbaycan məktəbləri yaradılmalı, eləcə də universitetlərdə dərslər keçirilməlidir”.

Xalqımızın və dövlətimizin əleyhinə illərlə təbliğatla məşğul olan erməni diasporu və lobbisinin saxta, böhtan kampaniyalarının qarşısının alınmasında müəyyən işlər görülsə də, bunun hələ yetərli olmadığını düşünən həmsöhbətim onu da vurğuladı ki, konkret olaraq İstanbulda iş görülsə də, dərnəklər fəaliyyət göstərsə də, bu yetərli deyil. 
Dövlət başçısı qurultayda bildirdi ki, azərbaycanlılar dünyada özlərini həmişə vətəninə bağlı insanlar kimi göstəriblər: “Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb”. 

Həmsöhbətim dedi ki, Azərbaycan Prezidenti Bakıda, eləcə də bölgələrimizdə istirahət üçün müasir hotellər, istirahət zonalarının yaradıldığını heç də təsadüfi xatırlatmadı. Haqlı olaraq qeyd etdi ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bunun əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyiri olacaq: “Doğrudan da Azərbaycanda son illər turizm sektoru sürətlə inkişaf etdirilir. Ona görə də ölkəyə gələn turistlərin sayı getdikcə artır. Onların arasında dünya azərbaycanlılarını da görmək istəyini ifadə edən dövlət başçısı dedi ki, xaricdə yaşayan soydaşlarımız ailəsi ilə birlikdə ildə, ən azı, bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar. Bu fikirlə cənab Prezident soydaşlarımızın vətənə bağlı olmalarına, eyni zamanda onların vətənpərvərliyinin artmasına çalışır”. 

Azərbaycan-Türkiyə Koordinasiya Mərkəzi yaradıldıqdan sonra İstanbulda yaşayan azərbaycanlı ailələrin siyahıya alınmasına başladıqlarını bildirən K.Ordubadi söylədi ki, artıq bu istiqamətdə xeyli sənəd toplayıblar. Məqsəd əsasən 1990-cı illərdən qanunsuz şəkildə gəlib məskunlaşan və burada övlad sahibi olsa da, heç bir yerdə qeydiyyata alınmayan, buna görə də oxumaqdan uzaq düşən məktəblilərin hüquqlarının bərpasına nail olmaqdır: “Problem yalnız bundan ibarət deyil. Evlənib İstanbula gələn və burada müxtəlif ailə problemləri ilə qarşılaşan qızlarımız var ki, onlara da kömək etməyi planlaşdırırıq. Ən vacib layihəmiz isə Türkiyədə təhsil alan tələbələrimizin qayğısına qalmaqdır. Onların vasitəsi ilə Azərbaycan həqiqətlərini nəinki qardaş ölkəyə, əslində, dünyaya təqdim etmək imkanı yarada bilərik”.

 

Şərhlər