ƏNCİR YARPAĞI - Hekayə

19.08.2017 18:46     YazarKlub     2833

Firuzə BəyməmmədqızıHəyətdə bardaş quraraq oturmuş Tükəzban nənənin gözləri qeyri-ixtiyarı olaraq uzaqlara dikilmişdi… 
… Bu vaxta qədər öz kəndlərindən kənara çıxmayan qarı dünən bir az ayın-oyun düzəldərək həyat yoldaşı Xudaverdi baba ilə şəhərdə yaşayan qızına baş çəkməyə getmişdi.
Qatar şəhərə daxil olduğu andan arvadın gözləri bərələ, ağzı açıla qalmışdı.
Arvad heyrətini, heç cür gizlədə bilmirdi. O küçələrdə “mini” yupka , dar, açıq-saçıq paltar, bədənə kip yapışan, hər yeri çırıq-kəsik şalvarlarda, göbəyi açıq gəzən qız-gəlinləri gördükdən sonar başını qaldırıb Xudaverdi babanın üzünə baxa bilmirdi…

… Tükəzban nənə səhərisi gün həyətlərində oturub dərin fikrə getmişdi. Dünən şəhərdə gördüyü mənzərələr birdən arvadın gözləri önündən ildırım kimi keçdi. Özü də hiss etmədən ayağa duraraq qəzəblə deyinməyə başladı:
- Vay, vay, vayyy dünən şəhərdə gördüklərimi xatırlayanda min köynək ət tökürəm. Ay Allah, gör nə günlərə qaldıq, nələr gəldi başımıza, göydən daş yağaydı, Allah! Ar, namus, həya getdi əlimizdən.
-Hə, hə, elə mən də onu fikirləşirəm, - deyə, səsinə səs verdilər.
Arvad dik atıldı. Xoflu-xoflu o yan, bu yana baxdıqda Xudaverdi babanı gördü. 
Qoca iri taxta parçalarını güclə sürüyərək, həyətdəki əncir ağacının yanına aparırdı. Tükəzbanın təəccüblə baxdığını görüb, dedi: - “ Arvad, bax, o əncirin dövrəsini çəpələyəcəyəm. Onu göz bəbəyimiz kimi qorumaq lazımdır. Belə getsə bu ağac gərəyimiz olacaq. Dünən şəhərdə gördüklərim elə mənim də yadından çıxmır ki, çıxmır. Ehh arvad, zəmanə dəyişib, bizim dövranımız keçdi artıq. Deyəsən yavaş-yavaş babamız Adəm və nənəmiz Həvvanın dövrünə qayıdacağıq. Odur ki, onların bizə qoyub getdikləri ənənələri qorumaq, davam etdirmək lazımdır. Bu, biz nəvələrin borcudur.
Tükəzban nənə lal-dinməz qarşısındakı müqəddəs varlığa baxırdı. Düşündükçə gözləri yol çəkirdi. Elə bil ki, uzaq keçmişi xatırlayırdı. Arvad gah əynindəki üzülmüş, artıq yamaq da saxlamayan paltarına, gah da əncir ağacına baxırdı. Qarı əvvəlcə kişinin dediklərindən bir şey başa düşmədi. Sonra birdən ağlına nə gəldisə əlini önünə, arxasına apararaq nəyi isə ölçüb biçməyə başladı...

... Artıq Xudaverdi baba biznesmen olmuşdu...
Bir neçə ildən sonra Xudaverdi babanın qapısında növbəyə dayananların sayı- hesabı yox idi. Növbə isə günü-gündən artırdı. Qonşusunun da torpaq sahəsini alan Xudaverdi baba sahəsini genişləndirərək, tinglər basdırmış, əməlli başlı əncir plantasiyası yaratmışdı. Vaxtilə ağacları kəsib yerində istixanalar salanlar indi çox peşiman olmuşdular və Xudaverdi babaya həsəd aparırdılar. Niyə də apamasınlar, axı. Vaxtı ilə yoxsul olan kişi indi bu yerlərin ən varlı adamına çevrilmişdi. Əncir yarpağının birini neçə dollara satırdı. Necə deyərlər qaz vurub, qazan doldururdu.
Tükəzan nənə də biznesmen arvadı olmuşdu. O, 20 kiloya qədər arıqlamış, üzünün qırışları azalmışdı. İndi onun 13-14 metr paçadan tilikmiş qırçınlı ətəyi uzun tumanının yerinə bədənini kip örtən, bütün əzalarını göstərən don bəzəyirdi. Arvad 10-15 il cavanlaşmışdı. 
Artıq Xudaverdi baba Xuduş Adamoviç, Tükəzban nənə isə Tükəz Yevovna olmuşdu. 
Bax, budur müasir həyat...

... Xudaverdi baba “Adəm və Həvva” adlı ofisində jurnalistlər üçün brifinq keçirirdi. Xarici jurnalistlərdən birinin sualı belə oldu: 
- Xuduş bay Adamoviç, Sizin tez bir zamanda məşhur olmağınızın səbəbi nədir və siz hansə xammallardan istifadə edirsiniz? Xaricdən xammal alırsınızmı?
Xudaverdi baba libasını və ofisini bəzəyən əncir yarpaqlarından hazırlanmış məmulatları göstərərək suala cavab verdi:
XX-ci əsrin sonunda yoxsul həyat sürən qarşınızda duran Xudaverdi babanı Xuduş baya çevirən, məşhur edən həyətimizdəki yeganə əncir ağacı oldu. Hə, hə, təəccüblənmə bala. Bu baban elə böyük bir əncir plantasiyası yaradıb ki, məhsulumuzu çox-çox uzaq ölkələrə ixrac edirik. Sorağımız dünyanın hər tərəfində eşidilir. Bundan əlavə bizdə müxtəlif şirniyyat, parfümeriya, modalar atelyesi və sairə firmalar fəaliyyət göstərir. İstifadə etdiyimiz xammala gəldikdə isə xaricdən xammal almırıq, yerli xammaldan istifadə edirik. Yerli xammalımız isə əsas etibarilə əcncir ağacıdır. Bu ağacda elə bir hikmətlər var ki, gəl görəsən. Onun həm yarpağından, həm meyvəsindən, həm də şirəsindən istifadə edirik.
Digər jurnalistin sualı isə Tükəz nənəyə idi:
-Madam Tükəz Yevovna, Siz hansı firmaya başçılıq edirsiniz?
Tükəzban nənə “sovromenniy” paltarını səliqəyə saldı:
Hörmətli jurnalist, mən məşhur “Yeva” modalar evinə başçılıq edirəm, eyni za
manda buranın modelyeriyəm. Bu iş mənim çox ürəyimcədir. Həm də bu geyimlərdə adam özünü çox sərbəst və yüngül hiss edir. Əvvəlki kimi 14 metr parçadan tikilmiş libası gəzdirməkdənsə bir neçə əncir yarpağı gəzdirməyin nə qədər rahat və əlverişli olduğunu yəqin özünüz də yaxşı başa düşürsünüz. Bu həm də yeni dövrün tələbidir. Alverimiz də ancaq dollar və avroyla gedir.
Başqa firma müdirlərini də dinləyən jurnalistlər sağollaşaraq çox böyük bir təəssüratla “Adəm və Həvva” ofisini tərk etdilər...

PS. Hörmətli oxucular! Əncir yarpağı əldə etmək istəyirsinizsə, növbəyə durmağı unutmayın. Tələsin, yoxsa paltarsız qalarsız.
Ünvan: 1. Əncirli kəndi Xudaverdi Xanın əncir plantasiyası.
2. “Adəm və Həvva” firması

Bakı, avqust 2017

Firuzə Bəyməmmədqızı

Şərhlər