Elçi zanbaqlar - İlahə İmanova | Reaksiya

Elçi zanbaqlar - İlahə İmanova

5-ci hissə

Həyatın qəribə təzadları var. Həyatda nəyisə əldə etmək üçün bəzən nə qədər səy etsən, arzuna çatmaq üçün nə qədər çox xəyal qursan, ümidsizliyə düçar olarsan, istədiyini əldə edə bilmərsən. Bəzən isə heç nə arzu etməz, xəyal da qurmazsan, ya da mübarizə aparmaqdan usanıb istəklərindən imtina edərsən ki,  şans özü arxasıyca qaçıb yorulduğun həmin kəpənək kimi gəlib çiyninə qonar.

Arzu və xəyallarımdan əl çəkməyə qərar verdiyim gecənin səhəri dekanlığa çağırıldım. Savadına görə dəyərləndirdiyim, tələbələrlə gözəl rəftarına görə sevdiyim, insanlığına heyran olduğum dekanımız məni gülərüzlə qarşılayıb oturmağa yer göstərdi. Çox uzatmadan dekanlığa çağırılmağımın səbəbini açıqladı:

─Bilirsən ki, Universitetimizin digər ölkələrin elm, təhsil, mədəniyyət müəssisələri ilə sıx münasibətləri var. Tələbələrimiz müntəzəm olaraq Avropanın, həmçinin MDB ölkələrinin ali məktəblərində təşkil olunan konfranslarda, seminarlarda iştirak edir, təcrübə keçir, təhsillərini davam etdirirlər. Hər il bir çox dövlətlərin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi edir, yetirmələrimizin təhsilini artırmaq məqsədi ilə başqa ölkələrdə dil təcrübəsi keçməyinə zəmin yaradırıq. Bu il də Universitetimizin ən savadlı gəncləri arasından bir neçəsini seçmişik. Sənin adını da öz siyahımıza əlavə etmişik. Polyak dilindən əlavə alman dilini də gözəl mənimsədiyin üçün qərara aldıq ki, təhsilini davam etdirmək üçün səni Almaniyanın Tübingen Universitetinə göndərək.

Doğrusu həmin an  nə deyəcəyimi bilmədim. Donub qalmışdım. Bu cür təklifi xəyal belə etməmişdim. Başqa vaxt olsa, sevindiyimdən dekanımızın boynuna sarılar, mənə göstərdiyi etimada, verdiyi dəyərə görə necə minnətdarlıq edəcəyimi bilməzdim. Nitqim qurumuşdu. Başımı aşağı salıb təşəkkür edib, yoxsa təklifdən imtina etməyi düşünürdüm. İki od arasında qalmış insanlar kimi hiss edirdim özümü. Dünən Raufa verdiyim sözü xatırlayaraq, bir neçə dəfə təklifdən imtina etmək istədim. Lakin nədənsə dekanımızın nurani, gülərüz simasına, ümid dolu gözlərinə baxınca onu qırmağa cəsarətim çatmadı bu an.

─Həftə sonu yola düşürsüz. Hazırlaşmaq üçün bir neçə gününüz var. İnanıram ki, sənə olan bütün ümidlərimizi doğruldub, böyük nailiyyətlər əldə edəcəksən.

Mənə böyük ümidlər bəsləyən dekanımıza sadəcə gülümsəyə bildim.

Həmin gün nə Raufa, nə də evdəkilərə bu xəbəri deyə bildim. Dalğın halda gəzib dolanır, taleyin ironiyasını–həyatımın ən vacib qərarını qəbul etməyə hazır olduğum bir anda Almaniyada təhsili davam etdirmək kimi qəfil təklifin gəlməsini düşündükcə fikirlərim daha da qarışırdı. Bu həyatımın ən böyük şansı idi. Və mən anlayışlı şəkildə bu şansımdan imtina edirdim.

Həyatımda ən uzun və ən gərgin gecəm idi. Səhərə qədər gözümü yummadım. Hər şeyi ölçüb-biçir, bir daha heç vaxt qarşıma çıxmayacaq bu şansdan imtina edərkən hisslərimin ağlıma güc gəldiyini, hətta, nə vaxtsa peşman belə olacağımı da anlayırdım.

İçimdə qəribə bir sıxıntı hiss edirdim...

Həmin səhər mənə doğma olan bu məkana son dəfə imiş kimi baxır, əzizindən ayrılmağa hazırlaşırmış kimi gördüyüm, nəzər saldığım hər şeylə vidalaşırdım sanki. Baxdığım, toxunduğum hər şeyi xatirəmə yazmağa çalışırdım.

Qapı üzümə açıldığı zaman dekanlığın qarşısında olduğumu fərq  etdim. Dünəndən bəri fikir və düşüncələr varlığıma hakim kəsildiyindən ayaqlarımın məni nə zaman və necə bura çəkib gətirdiyini hiss etməmişdim.

─Afət! Qapıda dayanma, qızım, gəl içəri,–deyərək dekan məni içəri dəvət etdi. Başımı aşağı salıb susurdum. Mehriban və nurani üzlü yaşlı dekan gülümsəyərək sözünə davam  etdi, –Artıq biletləriniz də sifariş verilib. Getdiyiniz gün sizə təqdim edəcəyik.

─Asəf müəllim, elə mən də sizinlə bu barədə danışmaq istəyirdim.

─Buyur,qızım, dinləyirəm səni.

─Əslində bu təklif mənim üçün o qədər gözlənilməz oldu ki! Xəyal belə edə bilməyəcəyim bir şansla üzləşməyin sevincini yaşamaqdan gözəl hiss ola bilməz...

─Savadına, bacarığına, mühakimə və nitq qabiliyyətinə bələd olduğum üçün ilk ağlıma gələn ad sən oldun...

Mənə bu qədər dəyər verən insanın gözlərinin içinə baxa bilmirdim:

─Təşəkkür edirəm, professor. Sizin etimadınızı qazanmaq mənim üçün şərəfdir, həqiqətən. Mənə verdiyiniz dəyərə görə də Sizə hədsiz minnətdaram. Amma... çox üzgünəm... Mən bu təklifdən imtina etməli olacam.

─Anlayıram, –deyən dekan təəssüf hissi ilə köksünü ötürdü, –Bir çox Azərbaycan ailəsində qızlarımızın xaricdə təhsil almasına qarşı çıxırlar. Mən valideynlərinlə görüşüb  bunun sənin, həmçinin dövlətimizin, təhsilimizin gələcəyi üçün nə qədər vacib olduğunu onlara izah edə, razı sala bilərəm. Elə bu gün atanla görüşümüzü təşkil et.

Dekanın sözləri, diqqət və qayğısı məni kövrəltdi. Güclə eşidiləcək tərzdə:

─Atam hələ biz uşaq olanda rəhmətə gedib, –deyə bildim.

─Bacın, qardaşın?

─Bacım ərdədir. Anam və nənəm...

─Aydındır...

Təklifdən imtina etdiyimə görə dekanımız mənim özüm qədər üzülmüşdü. Onun təəssüf dolu baxışları hələ də gözümün önündədir.

─Bax, qızım, həftə sonuna qədər vaxt var. Adını siyahıdan çıxarmıram. Düşün, bir daha ananla danış. Son günə qədər təklifim qüvvədə olacaq.

Minnətdarlıq edib dekanlıqdan çıxdığım an qərarımın qəti və dəyişməz olduğuna  əmin idim...

 

Sanki içimdəki təlatümləri hiss edirmiş kimi dəniz  də fırtına qopartmaqda idi. Küləyin vıyıltısı səsimi batırırdı:

─Mənə yaşatdıqların az idi? Yenə niyə gəldin? Nə istəyirsən məndən? Niyə həyatımı yaşamağa imkan vermirsən?!  Nifrət edirəm sənə!!!

─Çünki səni sevirəm! –qəfil güclü bir əl qolumdan yapışdı, qarşıma keçib gözlərimin içinə baxdı, –Səni dəli kimi sevirəm! Sənsiz yaşaya bilmirəm...

Bu bir həftə ərzində Raufun məni izlədiyinə əmin idim. Bu gün də heç şübhəsiz ki məni izləmişdi.

Baxışlarımdakı nifrət, qəzəb, dartınıb əlindən xilas olmaq istəyim ona təsir etmirdi:

─Məni sevdiyinə əminəm! Etiraf et ki, hələ də məni sevirsən!

─Həddindən çox xəyallar qurursan! Sənə elə gəlmir?

─Bilirəm, dəli kimi sevirsən məni. Bilirəm ki, bütün bu illər ərzində məni bir an belə unutmamısan.

İstehza ilə güldüm:

─Özündən müştəbeh olmusan! Belə deyildin, illər səni dəyişib.

─İstəməyərəkdən məni düşündüyünü öz dilinlə etiraf etdin,–deyib gülümsədi.

─Yadıma belə düşmürdün!

─Yalan! Zibilə atdırdığın günahsız sarı çiçəklər suallarıma cavabın idi: unuda bilmədiyin sevgindən doğan pərişanlığın idi.

Özlüyümdə hər addımımdan xəbərdar olduğunu düşünüb anladım ki, bu izləmələr bəlkə də bir həftədən daha uzun müddət davam etmişdir.

─Sevgin kimi göndərdiyin çiçəklər də mənə gərəksizdir! Çəkil, get, bir daha da qarşıma çıxma! –deyərək əsəbi halda əlini itələdim.

─Heç vaxt dinləməyi bacarmadın! Qaçıb getmək daha asandır, elə? O vaxt da məni dinləmək istəmədin. Amma... bu gün məni dinləyəcəksən!

Əsəblərimə hakim ola bilmirdim:

─Axı, nə deyəcəksən? Deməyə sözün də var? Ümumiyyətlə, nə üzlə qarşıma çıxmısan?

─Deyəcəyim və dinləməli olduğun çox söz var!

─Səni dinləmək istəmirəm! Deyəcəklərin mənə maraqsızdır!

Dartınıb əlindən xilas olmağa çalışdıqca daha bərk qolumdan tutur, getməyimə icazə vermirdi. Hər zaman özümdən daha təmkinli  hesab etdiyim zabit səsini yüksəldib bağırdı:

─İstəsən də, istəməsən də bu gün məni dinləməli olacaqsan, Afət xanım! İndi, elə burada hər şey aydınlaşmadan heç yerə getməyəcəksən!

Küləyin səsinə qarışan bağırtısı, səsindəki hiddəti bir anlıq məni susmağa məcbur etdi.

 

Axşamın bu saatında, özü də belə bir yağışlı havada dəniz kənarındakı bütün kafelər kimi burada da bir neçə işçidən başqa heç kim gözə dəymirdi. Zəif işıqlandırılmış zal, az qala eşidilməyən həzin musiqi, içəridəki sakitçilik həqiqətən insanın ruhuna dinclik gətirirdi.

İllər sonra yenidən Raufla üzbəüz oturmuşdum. Gözlərinin içinə baxmamaq üçün nəzərlərimi yayındırır, pəncərədən çölə baxır, hələ də kəsmək bilməyən leysan yağışı izləyirdim.

İradəmin ziddinə olaraq məcbur gətirmişdi məni bura. Özüm qədər tərs və inadkar birini, görünür, bu axşam dinləmək məcburiyyətində idim.

Qarşısındakı isti qəhvədən bir neçə qurtum içdi. Fincanı qarşıma çəkib:

─Soyutma, isti-isti iç. Nə qədər soyuq canına təsir etməyib, iç, –dedi.

Payızın soyuğu həqiqətən canıma hopmuşdu. Hələ tam qurumayan saçlarımın nəmini hiss etdikcə bir az da üşüdürdüm. Dəfələrlə yağışdan daldalandığımız kafelərdə isti çay, qəhvə sifariş verib saatlarla beləcə üz-üzə oturub şirin-şirin söhbət edərdik. Bu gün isə bayaqdan bəri bir kəlmə də kəsməmişdim.

Raufun nəzərlərini üzümdə hiss etdikcə, eyni zamanda həm nostalji hisslər yaşayır, həm də əsəbləşirdim.

─Daha uşaq deyilsən! Odur ki, iki yetkin insan kimi söhbət edə bilərik. Ən azından bir-birimizi dinləyə bilərik.

Fincanı əlimə aldım. Bir qurtum içdim:

─Yaxşı. Buyur, səni dinləyirəm.

Rauf barmağını fincanın ağzında gəzdirib söhbətə necə başlayacağını düşünürdü bəlkə.

─Həmişə o günü xatırlayıram. Sənə “Məni dinlə! İcazə ver, hər şeyi izah edim...” deyərək nə qədər dil tökdüm. Dinləmədin. Məni dinləsəydin, mənə inanıb güvənsəydin, bu gün həyatımız tamamilə başqa cür olardı. Sən isə, nə məni dinlədin, nə də mənə inandın. Güvənmədin mənə...

Gözlərim yol çəkirdi. Bu qədər yaxın ikən bu qədər uzaq olan insanın səsi uzaqlardan gəlirdi sanki. Pəncərədən süzülən yağış damlalarından nəzərlərimi ayırmırdım.

 

...Bu gün olduğu kimi soyuq və yağışlı noyabr günü idi. Xəyallarımdakı sevgi dünyamın dəniz qumundan düzəldilən, elə dənizin göz yaşım tək şor suları ilə dağılan qəsr kimi ümidlərimin, arzularımın məhv olduğu soyuq noyabr günü... Ruhumu üşüdən həmin gün...

Bir qız üçün sevgi xəyalları qurmaq daha asandır. Bütün varlığımızla sevərkən, qarşımızdakı insanı həddindən artıq ideallaşdırır, hər sözünə inanıb tamamilə etibar etməyə başlayırıq. Bəzən ruhumuzun bir parçası, elə özümüz hesab edirik. Sevir, sevildiyimizə də özümüzü inandırmağa çalışırıq, adi diqqəti,qayğını da ilahi eşq kimi qəbul edirik. Bir gün isə yuxudan ayılır, xəyalımızdan keçənlərin sadəcə bir ilğım olduğunu anlayırıq.

O gün səhərdən bütün işlərim tərs gedirdi. Yuxudan durandan hər şeyi əlimdən saldığım, bir neçə tələbə yoldaşımla mübahisə etməyim  azmış kimi, günün sonunda daha böyük sürprizlə qarşılaşacağımdan xəbərsiz idim.

Universitetin qapısından çıxarkən bir qadın mənə yaxınlaşdı:

─Afət, sənsən?

İlk dəfə gördüyüm qadına gülümsəyib:

─Bəli, mənəm.

Qadın sınayıcı nəzərləri ilə məni başdan-ayağa süzdükdən sonra dilləndi:

─Mən Raufun anasıyam.

Raufun anası ilə belə qəfil görüşəcəyimi düşünmədiyim üçün bir qədər özümü itirdim. Doğrusu, həmin an çaşqınlıqla bərabər içimdə sevinc hissi də yaşadım. Özlüyümdə, Raufun barəmdə ailəsi ilə danışdığını, fikrinin ciddi olduğunu xəyal edirdim. Əlbəttə, əgər belə olmasaydı, anası nə üçün bura qədər gəlib mənimlə görüşmək istəyəydi ki.

─Vaxtın varsa, səninlə bir az söhbət etmək istərdim,  –qadın dedi.

Qarşımda dayanan ağbənizli, ala gözlü  qadına baxdıqca, Raufun gözəllik və yaraşığını anasından aldığını düşünürdüm öz-özümə. Son dərəcə gözəl, xanım-xatın qadında kübarlıq dərhal hiss olunurdu. Zövqlü bir xanım olduğu da geyim tərzindən bəlli idi.

─Əlbəttə, buyurun, –deyə cavab verərkən, yəqin ki bütün qızların keçirdiyi həyəcanı hiss etməkdə idim.

Bir neçə addım atıb, bir qədər aralıda dayanmış avtomobilə yaxınlaşdı. Başının hərəkəti ilə mənə də keçib əyləşməyi işarə etdi. Cinayət işlərinə çox baxan anamdan və nənəmdən fərqli olaraq, ağlıma heç bir pis fikir gətirmədən,  çəkinmədən avtomobilə əyləşdim. Görünür, əvvəlcədən təlimatlandırılmış sürücü, mən oturduqdan sonra qapını bağlayıb uzaqlaşdı.

Raufun anası ilə üz-üzə idik. Baxışlarından mənə münasibətini anlaya bilmirdim. Üzündəki xəfif təbəssümün mənə olan xoş münasibətindən, yoxsa ki, sadəcə kübarlığından irəli gəldiyini ayırd etmək çətin idi. Ilk dəfə gördüyü qıza qarşı, bəlkə də elə belə olmalı idi münasibəti, nə bilim.

─Görürəm, ağıllı qıza bənzəyirsən. Odur ki, düşünürəm, bir-birimizi çox gözəl başa düşəcəyik. Barəndə də hər şeydən xəbərim var: Ailə vəziyyətindən tutmuş, getdiyin ünvanlara  qədər hər şeydən məlumatlıyam. Raufla aranızdakı münasibətləri də bilirəm...

Sözlərinə bilərəkdən fasilə verdi bəlkə də.

Başımı aşağı salıb susur, həyəcandan əllərimin, ayaqlarımın əsdiyini hiss edirdim. Həmin an mənə elə gəldi ki, nəfəsim daralır. Bəlkə də avtomobilin pəncərələrinin bağlı olduğundan sıxılmağa başlayırdım. İçimdə qəribə hiss vardı. Və bu hiss mənə bu söhbətin düşündüyüm kimi davam etməyəcəyini söyləyirdi.

─Raufu qınamıram, gözəl qızsan, cazibənə uyub. Səninlə münasibətləri kəsmək istəmədiyindən də, görünür, sənə nişanlı olduğunu, hər iki ailənin artıq toy hazırlıqlarına başladığını bilərəkdən söyləməyib... Bəlkə də həqiqəti deməyə cəsarəti çatmayıb...

Deməyə sözüm yox idi. Qulaqlarımın eşitdiyinə inanmaq istəmirdim hələ də. Mən nələr eşidirdim! Aylardan bəri görüşdüyüm, bütün varlığımla səmimiyyətinə inandığım insan inamımdan, etibarımdan necə istifadə edə, məni necə aldada bilərdi.

Qadın çantasından çıxartdığı şəkli mənə uzatdı. Əlimə alıb gah şəklə, gah da qadının üzünə nəzər saldım. Heç vaxt Raufun hisslərinə, sevgisinə şübhə etmədiyimdən, ailəsi ilə bərabər bir masa arxasında yanaşı oturduğu incə və zərif üz cizgilərinə sahib son dərəcə gözəl qızın üzündəki xoşbəxt təbəssümünü görüncə, ilk dəfə qısqanclıq hissi keçirtdim.

─Keçən yay Raufun qaynının toyunda çəkilmiş şəkildir. Özünü həmin qızın yerinə qoy. Yəqin ki, sən də barmağında üzüyünü gəzdirdiyin nişanlının soyuq münasibəti ilə üzləşmək, özgə birisi ilə gün keçirtməyini istəməzdin. Başqa birisinin bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Ağıllı, savadlı qızsan, Rauf kimi oğlanlar hələ qarşına çox çıxacaq.

─...

─Raufla münasibətlərinizə son qoy! Belə hər ikiniz üçün yaxşıdır. Rauf səninlə gün keçirə bilər, amma heç vaxt sənə evlənməyəcək! Nə mən, nə də atası ailəmizə soxulmaq istəyən bir qızı gəlin kimi qəbul etməyəcəyik!

Hələ heç vaxt özümü bu qədər alçaldılmış, təhqir olunmuş hiss etməmişdim. Daha çox qadının son sözlərinə, yoxsa ki sarsılan inam və etibarıma üzüldüyümü bilmirdim.

─Narahat olmayın, xanım, Rauf bu gündən sonra bir daha heç vaxt üzümü görməyəcək! –deyib avtomobildən endim.

Arxama baxmadan qaçmaq, uzaqlaşmaq istəyirdim. Keçdiyimiz yollardan, ayaqlarının izi qalan cığırlardan bir daha keçməmək üçün heç vaxt getmədiyim yollardan, küçələrdən addımlayırdım. Onu mənə xatırladan, bağlayan hər şeyi məhv etmək, dağıtmaq, ümidlərim kimi qırmaq, alçalmış qürurum kimi sındırmaq istəyirdim. Eyni səmaya, eyni dənizə baxmaq, eyni şəhərin havasını belə udmaq istəmirdim.

Bütün günü yağan yağış kəsənə bənzəmirdi, arada daha da bərkiyirdi. Yalnız bu şəhərə deyil, ömrümə, xəyallarıma, arzularımın üstünə yağırdı leysan tək. 

─Yaxşısız, xanım? –yaxınlaşan polis nümayəndəsi soruşdu. Görünür, axşamın bu saatında, yağışlı, küləkli belə bir havada bayaqdan bəri tək-tənha dəniz kənarında olmağım, nəzərlərimi eyni nöqtəyə zilləyib dayanmağım diqqətini çəkmişdi.

Əvvəllər o qədər də diqqətimi çəkməyən bir məqam –sahildən aralanan gəminin fiti sanki bir işarə idi mənə. Nəzərlərimi uzaqlaşan gəmidən ayırıb polisin üzünə baxdım:

─Hər şey bundan sonra yaxşı olacaq! Hər şey dəyişəcək!

Özlüyündə qəribə təsir bağışlayan qızın nədən bəhs etdiyini anlamayan polis başını yelləyib əlavə bir söz demədən aralandı. Hiss edirdim ki, özümə qəsd edə biləcəyimdən ehtiyat etdiyi üçün kənardan məni izləyir.

Gec idi. Yəqin ki, anam da narahat qalmışdı məndən. Barmaqlarımın ucu ilə yanaqlarımdan yağış sularına qarışan göz yaşlarımı sildim:

─Dənizim! Gözəl, doğma olduğun qədər də amansız və qəddarsan! Hər gün neçə-neçə insan sənin sularında qərq olur. Kimilərini özün udursan, kimiləri isə cəmiyyətin amansız qanunlarına, sərt qaydalarına dözməyib ümidsizlik içərisində bilərəkdən özünü qərq edir. Heç vaxt intihar edənləri anlamasam da, bu gün anladım ki, insan ümidləri öldüyü gün ölür. Dənizim! Bu gün mən də arzularımı, ümid və xəyallarımı ruhumla bərabər sularında qərq edib gedirəm. Nə incilər, nə xəzinələr qoruyub saxladın dərinliklərində. Al, qoy ruhum göz yaşlarımla, nakam sevgimdən doğan xəyal və arzularımla bərabər qiymətli inci,mirvari kimi sənə əmanətim olsun, özündə saxla. Ruhsuz cismimi götürüb gedirəm bu şəhərdən. Əgər bir gün qayıtsam, özümü yenidən doğulmuş kimi hiss edib xoşbəxt ola biləcəyimə əmin olsam, hamısını səndən geri alacam.

Qapıdan içəri ayağımı basar-basmaz anamın səsi eşidildi:

─De, gəldi əzizxələf nəvən!

Əlində oxlov, unlu əlləri ilə dəhlizə çıxıb həmişəki kimi deyinməyə başladı:

─Saatdan xəbərin var? Hardasan bu saata qədər? Evin-eşiyin yoxdur sənin?!

İki balaca otaqdan ibarət evimizin mətbəxi də olduqca darısqal olduğundan anamla nənəm çox zaman yerdən süfrə salar, elə oturaq vəziyyətdə qutab, düşbərə hazırlar, dolma bükər, küftə tutardılar.

Havalar soyumağa başlayandan həm ətə qənaət etmək üçün, həm də xoşladığım üçün çox zaman anam düşbərə bükərdi. Necə deyərlər, həm canımız qızırdı, həm də gündə ət almağa imkanı olmayan kasıb ailə üçün bundan daha münasib, daha dadlı təam tapılmazdı.

Qəfil boynuna sarılıb üzündən öpməyim, deyəsən, anamı çaşdırdı. Nə isə demək istədi. Susdu.

Gəncliyində kəndin ən gözəl qızı hesab edilən nənəmin də əlindən, yanaqlarından öpüb birbaş yataq otağına getdim. Çarpayıma uzanıb yorğanı başıma çəkdim. İsti nəfəsim soyuq yatağımı qızdırsa da, üşüyürdüm. Üşüyən tərk edib gedən ruhumun boş qalmış cismi idi. Dörd səmtə əsən küləklərin dolaşıb tüğyan etdiyi tərk edilmiş bütün məbədlərə bənzəyən boş qalmış cismimi heç səhra günəşinin özü də isindirə bilməzdi indi.

─Nolub? Xəstələnmisən? Sənə diyəndə ki, day yay döyül, üzü qışa gedir, küləkli, yağışlı havalarda az gəz bu küçələri, qulaq asmırsan ki mənə!

Anamın susmağını istəyirdim. Onun nəinki iradlarını, hətta xoş sözlərini belə dinləyəcək halda deyildim indi.

─Gözlə, indi isti bir zoğallı çay gətirim.

Anam sinini dolabçanın üstünə qoyarkən nəzəri telefona sataşdı:

─Telefonun səsini almısan? Zəng gəlir sənə.

Doqquz buraxılmış zəng, yeddi oxunmamış mesaj ekranda görünürdü. Telefonu əlimə aldım. Düyməsini sıxıb, söndürdüm. Bir kənara atıb yenidən yorğanı başıma çəkdim. Hərəkətlərim anama qəribə görünsə də, heç bir sual vermədi.

 

Yaxşı deyirlər ki, heç vaxt “Heç vaxt!” demə. Bir neçə gün əvvəl qərarımın qəti olduğuna əmin olduğum qədər bu gün də fikrimdə qəti idim.

─Asəf müəllim, mən çox düşündüm və qəti qərara gəldim. Təhsilimi Almaniyada davam etdirmək, dövlətimə, xalqıma faydalı olmaq istəyirəm, –deyərkən ağsaçlı dekan sevindiyindən alnımdan öpdü.

─Bilirdim ki, fikrindən dönəcəksən. Hər bir savadlı, bacarıqlı, istedadlı gənc Azərbaycanın gələcəyi deməkdir! Hamımız üçün xeyirli olsun!

 

Bir çoxlarının yerimdə olmaq istədiyi, bəlkə hətta ürəklərində həsəd aparıb, bəxtəvər belə adlandırdığı mən, əvvəlkindən daha artıq deyib-gülməyimə, şən görünməyimə, dodaqlarıma saxta təbəssüm taxmağıma baxmayaraq, çox gərgin və fikirli idim. Şəhərdən, ölkədən qaçmaq istərkən, özümdən heç yerə qaça bilməyəcəyimi anlasam da, artıq günləri, hətta saatları sayırdım.

Ümidlərimi itirdiyim gün sanki güvən hissimi də itirmişdim. Dalğın olduğumdan arxamdan gələnin ayaq səslərini, hənirtisini eşitməmişdim. Odur ki, qəfil qolumdan birisi tutunca diksindim. İçimə dolan qorxu, qaranlıq küçənin xofu bütün varlığıma hakim kəsildi.

─Yenə qorxutdum səni? –deyə gülümsəyən Rauf əlimi ovcuna aldı.

Kobud şəkildə əlimi çəkdim.

─Hə, qorxutdun.

Güldü:

─Sən ki həmişə ürəkli qız olmusan! Nədən qorxdun?

─...

─Sən özün bir bəlasan! Səndən qorxmaq lazımdır! Düşünmürəm ki, məndən başqa kiminsə sənə yaxınlaşmağa hünəri çata, cürət edə bilə.

Həmişə zarafatla dediyi sözlər indi məni qıcıqlandırırdı:

─Elədirsə, o zaman sən də məndən uzaq ol! Başına bəla olmayım!

─Gecdir, sən artıq başımın bəlasısan! –gülümsəyib təkrar əlimi tutdu.

Özümdən asılı olmadan əsəbi şəkildə:

─Toxunma mənə! –dedim.

Çox az hallarda adımı deyərdi. Üzündəki təbəssüm bir anın içində çəkildi. Ciddi görkəm aldı. Soruşdu:

─Afət! Nə olub? Nə baş verir?

Nəzərlərimi yayındırır, üzünə baxmaq istəmirdim:

─Heç nə.

─O zaman bu nə soyuqluqdur? Dünəndən bəri də nə zənglərimə, nə  mesajlarıma cavab vermisən. Bu gün də bütün günü telefonun sönülü olub. Narahat qaldım, növbəmi uşaqlarla dəyişib səni görməyə gəldim.

Susurdum...Həqiqətləri üzünə çırpmaq, hər şeydən xəbərdar olduğumu bildirmək, ürəyimdən keçənləri demək istəsəm də, susurdum... Şikarını parçalamağa hazırlaşan, pusquda durmuş pələng kimi idim, məqamımı gözləyirdim. Gözlərimin içinə baxaraq mənə utanmadan yalan söyləyən zabitin əynindəki mundirə nəzər saldıqca zabit şərəfinə and içdiyini xatırlayaraq həm qəzəblənir, həm də içimdə istehza ilə gülürdüm. Mənim üçün müqəddəs olan dəyərlərə bu qədər dəyərsiz yanaşan bir insandan daha nələr gözləyə biləcəyimi düşünürdüm.

─Başımın bəlası, nə olub axı, sənə? Niyə susursan? Məni gördüyünə sevinmədin?

Üzündəki günahsız ifadəni, mülayim təbəssümünü gördükcə, mehriban səsini eşitdikcə bir insanın nə qədər saxta ola biləcəyini, riyakarlığının son həddini ağlıma sığışdıra bilmirdim. Əllərinin toxunuşu belə məndə ikrah hissi yaradırdı.

─Yox! Bir daha qarşıma çıxma! Səni görmək istəmirəm! Bir dəfəlik həyatımdan yox ol!

Sanki sözlərimdən diksindi. Heç nə anlamayaraq qeyri –ixtiyari:

─Nə? –dedi, –Nə dedin?

─Düz eşitdin. Qarşıma çıxdığın, səni tanıdığım günə lənət olsun! Sənə baxdıqca ikrah hissi duyuram.

Qürurunu, mənliyini alçatdığıma baxmayaraq, əsəblərinə hakim olmağı bacaran zabit təmkinini pozmamağa çalışırdı:

─Bu nə sözlərdir dilə gətirirsən? Öz dediyini özün eşidirsən?Dediyin sözlərin fərqindəsən?

─Deyə biləcəyim ən yumşaq ifadələrdir. Riyakarlığına, şərəfsizliyinə layiq sözlər tapa bilmirəm.

Üzünün ifadəsi kimi, səsi də dəyişildi həmin an:

─Afət! Həddini aşırsan!

Fərqinə varmadan səsimi yüksəltmişdim:

─Həddimi aşsam, nə olacaq? İç üzünü göstərəcəksən? Göstər! İç üzünü tanıdım, daha betərləri ilə məni təəccübləndirə biləcəyini düşünürsənsə, buyur.

─Səni tanıya bilmirəm, Afət...

─Mən isə səni yaxşı tanıdım, Rauf!

─Anlaya bilmirəm... Bir gecədə necə bu qədər dəyişdin? Nə baş verdi? Mənə qarşı kəskin dəyişilən münasibətinin səbəbini izah et, mən də öz qəbahətimin, günahımın nə olduğunu bilim. Bilərəkdən, bilməyərəkdən etdiyim səhvlərimə görə də səndən üzr istəyim.

Dözməyib əsəbimdən güldüm:

─Səhv? Qəbahət? İki qızın hissləriylə birdən oynamaq səhv adlanır?

─İki?–təəccüblə üzümə baxdı,–Həyatımda yalnız sən varsan! İkincisi yoxdur!

─İlahi! Səmimiliyinə inandığım, dəyər verdiyim insan gözlərimin içinə baxaraq həyasızcasına nə yalanlar söyləməyə qadirmiş! Sən necə insansan, Rauf?! Axı, mən səni necə tanıya bilmədim!

─Peşman olacağın sözləri dilinə gətirmə, Afət!

Hisslərimə hakim ola bilməyib əsəbimdən ağladım. Hirslə bağırdım:

─Artıq peşmanam! Səni tanıdığıma, sənə inandığıma, səni sevdiyimə peşmanam!

─Afət!

─Mən hər şeyi bilirəm. Nişanlı olduğunu, hər iki evdə toy hazırlıqları getdiyini bilirəm! İki qızın hissləriylə oynayacaq qədər şərəfsiz birisən! Sənə nifrət edirəm!!!

─...

Gözlərimin içinə baxmağa cəsarəti çatmadığı üçün baxışlarını yerə dikib susan Raufa hələ də inanmaq istəyirdim. Özümü nə qədər ələ almağa çalışsam da, bacarmadım. Hönkürüb ağladım. Göz yaşlarında boğulsam da, səsimi yüksəltməyə özümdə güc tapdım:

─Niyə susdun? Susma! İnkar et! Nişanlı olmadığını söylə! Bütün dediklərimi təkzib et, yalan olduğuna inandır məni!

 ─Sakitləş, mən sənə hər şeyi izah edəcəm,–deyərək əlimdən tutmağa çalışdı.

─Nəyi izah edəcəksən? Başqa bir qızın barmağında sənin üzüyünü gəzdirdiyini inkar edəcəksən?!

Divara sıxışdırılmış müqəssirlər kimi həqiqətləri etiraf etməkdən savayı əlacı qalmadı.

─Yox, ... etməyəcəm...

Son ana qədər Raufa inanmaq istəyirdim. Özümü aldatmağa çalışırdım. Anasının bizi ayırmaq üçün bu yalanları uydurduğuna özümü inandırmaq istəyirdim. Sevdiyim insanın yalanlarını qəbul etmək, həqiqətləri görməkdən daha asan gəlirdi mənə. Məhv olan arzularımın, yıxılan xəyal dünyamın səsi üzünə vurduğum şillə ilə diksindirdi, silkələyib oyatdı məni.

Geriyə baxmadan, hönkürüb ağlaya-ağlaya qaçarkən Raufdan deyil, əslində, elə özümdən qaçırdım. Mənim üçün bitmiş münasibətlərin son həddinə gəlib çıxmışdım. Yanağında buraxdığım əlimin izi ilə bu sevginin ayrılıq fərmanını verib, möhürünü də basmışdım.

Arxamca qaçıb gələn Raufun məni tutub saxlamaq cəhdləri boş idi. Var gücümlə qaçmaqdan dizlərimdə taqət qalmamışdı. Təngnəfəs idim. Qolumdan yapışıb dartdı:

─Afət! Məni dinlə! Hər şey sənin düşündüyün kimi deyil! Bilmədiyin çox şey var... İcazə ver sənə hər şeyi izah edim... Qulaq as mənə! Mənə inan, mən hər şeyi yoluna qoymağa çalışacam. Sadəcə zaman ver! Səni çox sevirəm! Sənin də məni sevdiyini bilirəm. Bu şəkildə münasibətlərimizə son qoya bilməzsən! Evlənəcəyim qız varsa, o da sən olacaqsan!

Yanaqlarıma süzülən göz yaşlarım, pıçıltı ilə dediyim sözlər vidamız oldu:

─Bir daha məni axtarma! Bir daha qarşıma çıxma! Bitdi...

 

Hələ orta məktəbdə oxuyarkən “İnsan və cəmiyyət” dərsində müzakirəyə çıxarılan məhəbbət mövzusu ilə bağlı mənim də fikrimi bilmək istəyən tarix müəllimimizə “Ən böyük sevgilər həyatda olmur, yalnız bədii ədəbiyyatda, filmlərdə olur. Leyli və Məcnun, Romeo və Cülyetta aramızda yaşasaydılar, kim bilir, bir müddət sonra ayrılardılar bəlkə” –deyə cavab vermişdim. Və yekun olaraq, özüm üçün belə bir qənaətə gəlmişdim ki, eşq zirvəsinə yüksələn hər sevginin yolu ayrılıq və ölümdən keçir.

Sevirdim... Həyatımda ilk dəfə sevirdim... Bütün varlığımı, ruhumu bu sevgiyə təslim etmişdim. Hər kəs sevməyi bacarmır, sevməyi bacarmaq fərqli ürək sahibi olmaqdır, deyirlər. Sevə bilmək bacarığımı özümdə kəşf etdiyimə görə, ən azından bu hissi anlamağıma, yaşamağıma, həmçinin həyata gözlərimi açıb, insanların xislətini aşkarlamağıma səbəbkar olan Raufa minnətdar idim. Sayəsində, həyatın şilləsini dadıb sadəlövh birindən bir daha insanlara inanmayacaq, güvənməyəcək bir insana çevrilməkdə idim.

Yorğun olduğumu, başımın ağrıdığını bəhanə edərək, yatağıma uzanıb yorğanı başıma çəkmişdim. Anam, nənəm ağladığımdan xəbər tutmasınlar deyə, üzümü göz yaşlarımdan islanmış yastığımda gizlədirdim. Eh, kimi aldadırdım! Aldatmaq istəyən də, aldanan da elə özüm idim.

Ardı var...

Reaksiya.az

Advertisement Banner

Şərhlər