Dünya bu imiş deməli…

10.08.2015 23:11     YazarKlub     2918

Yollar ayrıcında

Bölünmüşəm budaq-budaq,
Başım yollar ayrıcında.
Yayım ortaq,yazım ortaq,
Qışım yollar ayrıcında.

Əllərimə xına gəlməz,
Göllərimə sona gəlməz.
Saya gəlməz,sana gəlməz,
Yaşım yollar ayrıcında.

Əridim gözüm yaşında,
Azdım tale savaşında.
Məzarım dağlar başında,
Daşım yollar ayrıcında.

 DÜNYA BU İMİŞ DEMƏLİ

Başı saxlamağa verdi,
Gözü ağlamağa verdi,
Köksü dağlamağa verdi,
Dünya bu imiş deməli.

Öndə dəmir,arxada daş
Bir az qorxu ,bir az təlaş.
Yeri görək ,yeri qardaş,
Dünya bu imiş deməli.

Yarı yanıq ömür yeri,
Yarı sınıq səbir yeri.
Beş-on qarış qəbir yeri,
Dünya bu imiş deməli.

Daşı dərdlə dəlib keçdim
Düşməni dost bilib keçdim.
Uğunmaqdan ölüb köçdüm,
Dünya bir imiş deməli.

HARAY DAĞLAR

Çağıraram uzaqlardan,
Haray dağlar,haray dağlar!
Saçlarıma yağar oldu,
Qar,ay dağlar,qar ay dağlar!

Biilqara könül verdim,
Cəfasını cəkdim,gördüm.
Sənə söylənəsi dərdim,
Var,ay dağlar,var ay dağlar!

Yanar Sadiq Ağamalı,
Qəlbində eşqin məlalı.
Ağ sinənin qara xalı,
Kimə qaldı gör,ay dağlar!

Şərhlər