Turan sevdalıları

Tanınmış jurnalist Aybəniz Qafarlının və Qabil Ədalətin layihələri əsasında şap edilmiş “Turana aşılan könüllər” kitabı haqqında bir neçə kəlmə
 
 
Doğru deyiblər, tarixini bilməyən millətlər unudulmağa, yer üzündən silinməyə və yox olmağa məhkumdurlar. Hər bir insan cəmiyyəti öz özülləri, həyat ənənələri, məişət və mədəniyyətləri ilə zaman axarında tarixlərini yaradırlar, adlarını, izlərini təsdiqləyirlər. Millətlər bir neçə il içərisində və təsadüfən əmələ gəlmiş cəmiyyətlər də ola bilməz və əsl dövlətçilik də yarana bilməz. Hər şeyin, dünyada baş verən bütün dəyişikliklərin, yarananların müəyyən tarixi var. Nəyin nə zaman və harada baş verdiyini tarix qeyd edər. Tarix gəlib-keçmiş cəmiyyətlərin yaşayış və mədəniyyətlərinin zamanını və məkanını mənbələrdə göstərərək, anlatmağa çalışan elmdir. Tarixə bütün sənət, elm adamları müraciət edirlər. Məsələn, məşhur türk hökmdarlarından olan Yavuz Sultan Səlim xan boş vaxtlarında İsgəndərin və Teymurun tarixini oxudardı. Buna görə də deyə bilərik ki, Yavuz Sultan Səlim xan o böyük səfərlərində bir dəfə də olsun səhvə yol verməyib. Tarix hökmdarın, millətləri idarə edənlərin ağıl verən müəllimidir. Bu ağıl verən müəllimə müraciət etmədən, yəni tarixi araşdırmadan hərəkət edən qüvvələr millətləri daima uçuruma yuvarlandırmaqları bir həqiqətdir.
 
Bu həqiqəti hazırda bütün dünya izləməkdədir. Misal olaraq bəzi aparıcı ölkələrin rəhbərləri, BMT və s. dünyəvi təşkilatlar lazımi qədər dünya millətlərinin tarixini bilmədən heç bir məsələni həll edə bilmirlər, hamısı göz qabağındadır. Korrupsiya aləmində öz nüfuzlarını itiriblər. Heç kəs o birisini eşitmək istəmir. Demokratiya adıyla öz “işlər”ini görərək, dünyaya anarxiyanı yayıblar. Bu işlərin axırı necə olacaq, heç kəs bir söz deyə bilmir bugünkü elmin inkişafında, “sivilizasiya” zamanında. Heç kəs keçmişin tarixindən ibrət almaq istəmir. Amma bunu etmək mütləq lazımdır! 
Bütün millətlər, xüsusilə də biz türklər babalarımızın - atalarımızın gördükləri işlərində, mədəniyyətlərində, qəhrəmanlıq şücaətlərində və s. buraxdıqları səhvləri tarixmizdən öyrənməliyik və ona tez-tez müraciət etməliyik.
 
Uzun illər yaradıcılığını izlədiyim tanınmış journalist, şair, ədəbiyyatımızın cıfakeşi Aybəniz Qafarlı gənc yazar Qabil Ədalət ilə maraqlı bir layihə üzərində çalışıb, əziyyət çəkib və ortaya zəngin ədəbi nümunələrlə zəngin olan bir almanax qoyublar. Kitabın təqdimatında dostum Aybəniz xanım məni dəvət etmişdi, lakin səhhətimdə yaranmış problemlə bağlı iştirak edə bilməmişdim. Amma gedə bilməsəm də, fikrim bu kitabda idi. Hər dəfə Aybəniz xanımın nəzərinə çatdıranda deyirdi ki, gətirəcəyəm. Nəhayət, gətirdi. İlahi, onlar nə qədər böyük iş görüblər. Əvvəldə qeyd etdiyim türk dövlətlərinin müştərəkliyini bu kitabla bildirmək istəyən müəlliflər bizi bununla Turan ellərinə qiyabi səyahətə aparırlar.  Kitabın ön səhifəsində Xalq şairi Nəriman Həsənzadənin və MM-in deputatı Nizami Cəfərovun fikirləri, başqa sözlə desək, onların xeyir-duaları da yer alıb. 
 
Xalq şairi Nəriman HƏSƏNZADƏ: “… vaxtilə mənim də almanaxlarda şeirlərim çap olunub. Öz kitabımdan çox, inanın, mən o almanaxda gedən şeirimə sevinmişəm. İndi baxın bu kitabda nə qədər şairin sevinci var. Bu sevinc bütün Turan ellərinə bəs edər”.
 
Milli Məclisin deputatı Nizami CƏFƏROV: “… çox sağ olun ki, siz əsaslı bir iş görmüsünüz. Daha ehtiyac yoxdur, vətən şeirlərini ayrı-ayrı kitablardan və ya arxivlərdən axtarmağa, vətən şeirləri toplanmış bu kitab mən deyərdim ki, Azərbaycan və Türk dünyası oxucusunun stolüstü kitabı olacaqdır”.
 
Bu qiymətli fikirlərdən sonra Aybəniz xanımın açıqlaması ilə tanış etmək istərdim. Aybəniz xanım yazır ki, Qabil Ədalət və Aybəniz Qafarlı olaraq biz ürəyimizdə Turan sevdası “Türk Dünyası Poeziya inciləri” layihəmizlə bu yola çıxdıq: “Çıxdıq ki, Türk dünyası şairlərinin qələmindən süzülüb gələn bu inciləri “Turana açılan könüllər” kitabı vasitəsilə siz oxucuların hüzuruna gətirək. Biz bu yola çıxdıqsa, bu kitabı Türk dünyası ədəbiyyatının bariz nümunəsi olaraq türkdilli dövlətlərin kitabxanalarına təqdim edib “biz də varıq” deyək”.
 
Hörmətli Aybəniz xanım biz olmuşuq, varıq və var olacağıq da! Bunu türk birlyini gözügötürməyənlər, Türkiyəni, başqa türkdilli dövlətlərə hər zaman badalaq vurmaq istəyənlər birdəfəlik bilsinlər. 
Öz fikirlərində türklərin bərabər paylaşması, ünsuyyətdə olmaları üçün bir dil – ortaq türkcəmizin ilması ideyasını ortaya atan Aybəniz xanım bildirir ki, ortaq türkcəmiz olmasa, fikirdə, əməldə, işdə birliyimiz də olmayacaq.  Ona görə müəlliflərin layihələrinin nəyə xidmət etdiyini bu fikirlərdən duymamaq mümkün deyil. Və Aybəniz xanım ona da inanır ki, İnşallah, Turan dünyamız eyni Türk bayrağı altında birləşəcək. 
 
“Turana açılan könüllər”də Azərbaycanımızın və Türkiyənin dahi şairləri Səməd Vurğun, Nazim Hikmət, Yunus Emre, Karacaoğlan, Məmməd Araz, Nəriman Həsənzadə, Dədə Şəmşir, Vəli Miskinli, Musa Yaqub, Eldar Nəsibli, Aybəniz xanım, Afaq Şıxlı, Almaz Əhmədova, Fərqanə Mehdiyeva və başqa qələm sahiblərinin yaradıcılığı geniş yer alıb. Müxtəlif mövzuları, əsasən də vətənpərvərlik, torpaqsevərlik, yaralı yerimiz olan Qarabağən dərdləri nəzmə çəkən, misralarda həkk etdirən türk-Azərbaycan şairləri həqiqətən bu kitabda birləşib, fikir, söz, ideya birliyi nümayiş etdiriblər.   
“Turana açılan könüllər” kitabı son dərəcə romantik tərzdə işlənilmiş, müstəsna mövzuda yazılmış monumental bir almanax, sonralar Azərbaycan ədəbiyyatında bir silsilə, yeni tipli almanaxların yaranması üçün gözəl ədəbi nümunəyə çevriləcək. 
 
Aybəniz xanımı tanıdığım gündən bilirəm ki, o, türk dünyası, türk elləri ilə daim əlaqədə olub, türk ədəbiyyatının nümunələri ilə tanış olub, türk şairləri ilə əlbir yazıb-yaradıb. Bu baxımdan istər Aybəniz xanımın, istərsə də Qabilin türk xalqları ədəbiyyatlarının dünəninə, bu gününə, qarşılıqlı əlaqələrinə, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdikləri qiymət də diqqətəlayiqdir, bütöv bir sistem təşkil edir.
 
 
Qeyd etdiyim kimi, bir müddət əvvəl türk xalqlarının söz sənətinə böyük diqqət yetirən Aybəniz xanımın təşəbbüsünə dəstək verən Qabil Ədalət , nəhayət, özlərinin birgə layihələri ilə hazırkı mərhələdə bu tendensiyanı davam etdiriblər. Aybəniz axnımı tanıdığım üçün tam əsasla deyə bilərəm ki, türk xalqlarının ədəbi-mədəni əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək üçün istər Azərbaycanda, istərsə də Türkiyədə birgə hazırlanmış tədbirlərdə fəal iştirak edib. O, haqlı olaraq həmişə qeyd edir ki, türk xalqlarının ədəbiyyatı, mədəniyyəti zəngin, həm də kəşməkəşli tarixə malikdir. Müxtəlif mərhələlərdə xalqlarımız, onların ədəbiyyatı və mədəniyyəti də cürbəcür çətinliklərə məruz qalıb, lakin heç bir qüvvə bu xalqları öz yollarından döndərə bilməyib.  
Dəfələrlə söhbətlərində eşitmişəm ki, o hər bir xalqın, xüsusən də türk xalqının  ədəbiyyat və mədəniyyətinin ayrılıqda, təcrid olunmuş halda inkişaf edə bilməyəcəyini qeyd edən, yüksəliş üçün qarşılıqlı əlaqələrin varlığını vacib sayan A.Qafarlı dünya sivilizasiyasını da məhz ayrı-ayrı xalqların qarşılıqlı faydalanma və təsir zəminində inkişaf edən ədəbi-mədəni dəyərlərinin vəhdəti kimi mənalandırıb.
 
Bütün bunlar çağdaş nəsillərin klassik ədəbi-mədəni irsə, bəşəri dəyərlərə, türkçülüyün şanlı ənənələrinə ehtiram ruhunda tərbiyəsində, onlara dərin vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyətə malikdir. “Turana açılan könüllər” kitabını vərəqləyən, oxuyan hər bir oxucu məhz bu mövzunun əhəmiiyətini dərk edə biləcək.
 
Uğurlar olsun, türk sevdalıları Aybəniz xanım və Qabil bəy!
 
D.TAĞIYEV
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar