Bizi sevindirəcəksiniz...

24.08.2020 20:00     YazarKlub

Bizi sevindirəcəksiniz. Ömrüm çox enişli, yoxuşlu yollardan, çözüləcəyi çətin dolanbaclardan keçib və heç bir zaman ruhdan düşməmişəm, həmişə irəli baxmışam, Allahın bütün dərdlərinə gülümsəyərək qucaq açmış və şükranlarımla qəbul etmişəm. Amma bu dəfə üstümə gələn dərd deyəsən daha fərqli oldu. İlk eşidəndə özümü olduqca soyuqqanlı aparsam da gecələri səssiz göz yaşlarımla açdım,yuxum ərşə çıxdı. Qız balam xərcəngin cəngində körpə övladlarına çarəsiz baxışlarla baxdıqda içim param parça olurdu. Həmişə güclü sandığı anasının bu gün bu dərddən yıxıla biləcəyindən qorxaraq için-için ağladığını duyur və həqiqətən də bu yolun hardan necə başlayacağını, qızıma kömək edə biləcəmmi düşüncəsi məni yeyib bitirmək üzrə idi. Demək olar ki, balam həkimlərin qoyduğu diaqnozu dəqiqliyi ilə bilmək üçün bütün gün sosial şəbəkədə axtarışlar aparır, müxtəlif həkimlərə müraciət edir, heç bir həkimə güvənməyərək ona şəfa verə biləcək həkimi arayırdı. Biz Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına tanınmış onkoloq-cərrah Toma xanımın yanına getdik.Onun qəbuluna girib çıxandan sonra qızımın üzündə sevinc hiss etdim.15-20 gün idi ki, həyata əlini üzmüş kimi davranan balamın gözlərindəki ümid işığının işartısını gördüm. "Mən həkimimi tapdım, güvənim Toma xanımadı,o nə desə onu da edəcəyik" deyərək öz qərarını verdi."Həyatdan iki əllə deyil dörd əllə yapışacam və mən sağalacam" deyib xərçənglə mübarizəyə başladı övladım.Toma xanımın müayinə və müalicəsi ilə uzun bir yola çıxdı Aygünüm. Bir şeyi də qeyd edim ki, belə bir çətin dönəmdə Allahın bizə göndərdiyi bir mələk-dəyərli ziyalımız,elmimizin aparıcı gənclərindən olan hər zaman xeyirxah əməlləri ilə örnək olan Yazgül Abdiyeva xanım qızıma maddi,mənəvi dəstəyi ilə bir ümid çırağı oldu. Kimyaterapiya həkimi Pərvanə xanımın da olduqca diqqət və qayğısı, müalicəsi yaxşı nəticə verdi. Nəhayət gözlənilən gün-əməliyyat günü Toma xanım öz peşəkarlığı,qayğısı ilə,xəstəni öz balası, doğması kimi sevərək əməliyyat etdi və bizi sevindirdi.Heç bir təmənna görmədik biz Toma xanımda. Onun bir məqsədi var. Hər sağalan xəstəsini yeni uğuru kimi görüb sevinmək.İşindən zövq alan belə həkimlərimizin olması nə qədər gənc xanımların, anaların həyatda qalmasına, neçə körpələrin sevincinə səbəbdir. Mən bir ana kimi, bir şairə kimi Toma xanıma təşəkkür etsəm yenə də azdır. Qızımın sağlamlığına qovuşması sizin əlinizdədi, dəyərli həkimimiz. Allahım sizi qorusun. Bilirəm ki, Azərbaycan Səhiyyəsinin ən görkəmli onkoloqu kimi ölkəmizdən kənarda da uğurlarınızla tanınacaq və bizi sevindirıcəksiniz.

Açıklama yok.

Aybəniz Qafarlı

Reaksiya.az

Advertisement Banner

Şərhlər