Humay Vəkilova atası haqda danışdı - "Yaman darıxıram"

Bu gün xalq yazıçısı, mərhum Yusif Səmədoğlunun gözlərini həyata əbədi yumduğu gündür. O, 1998-ci il avqustun 17-də vəfat edib.

Reaksiya.az mərhum yazıçı ilə bağlı bir neçə şəxsin xatirələrini öyrənib.

Yazıçının qızı Humay Vəkilova atası üçün çox darıxdığını bildirib: “Çox darıxıram, atamın  nur simasi üçün. Mənim üçün dünyanın ən gözəl atası, sevimli baba, çox səmimi, ağıllı insan, bunlarla yanaşı çox sadə insan idi. Vətənini çox sevirdi. 20 yanvar hadisələri zamanı onun “Azadlıq” radiosunda dediklərini çoxunuz dinləmisiz yəqin ki. O zaman heç kim evindən dünyaya çağırış etməzdi, amma atam etdi.  Daha nələri danışım,  nə deyim. Təəssüf ki, atam bizi çox tez tərk etdi. Yaman darıxıram!".

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Yusif Səmədoğlunun layiqincə təmsil edilmədiyindən gileylənib: “Yusif Səmədoğlu məndən ötrü Azırbaycan nəsrinin dayaq sütularından biridir. Cəmi iki roman, ona yaxın hekayəsilə ədəbiyyatımızda qaldı, hətta çağdaşı olan və özündən sonra yaşayıb-yaradan ədəbi nəslə böyük təsir göstərdi. O, təkcə əsərləri ilə yox, həm də ümumiyyətlə, dünyaya, həyata, insanlara, ədəbiyyata münasibəti ilə əsl yazıçıdı. Təəssüf ki, hələ də Yusif  Səmədoğlunun yaradıcılığını dünyaya çıxarda, Azərbaycandan kənarda tanıtdıra bilməmişik. Məncə, təkcə "Qətl günü" romanı Azərbaycan ədəbiyyatını dünyada layiqincə təmsil etməyə layiqdir”.

Şair İbrahim İlyaslı Yusif Səmədoğlunun baş redkator olduğu illərə toxunub: “Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrində bəlli yeri olan bir nasirimizdir. O, əsrin sonlarında "Qətl Günü " romanı ilə məşhurlaşsa da o vaxtacan qələmə aldığı hekayələr onu bir hekayə ustası kimi Azərbaycan oxucusuna yetərincə tanıtmışdı. Ümumi oxucu və tamaşaçı kütləsi isə Yusif Səmədoğlu imzasını daha çox "Yeddi oğul istərəm" kino-filminin ssenari müəllifi kimi tanıyırdı. Ədəbi camiə ona "Azərbaycan" jurnalının cəsarətli və obyektiv baş redaktoru kimi sayğı göstərirdi. Çapı qadağan oluna biləcək bir çox nəsr əsərləri məhz onun "Azərbaycan"da baş redaktor olduğu zaman çap olunmaq imkanı qazandı. Ağamalı Sadiq Əfəndinin "Başsız" povesti məhz bu cür əsərlərdən idi. Xatırlayıram, bu əsərin nəşrinə görə həm Yusif Səmədoğlunu, həm də AYB-nin o zamankı sədri İsmayıl Şıxlını hökumət və partiya rəhbərləri xeyli çək-çevirə salmışdılar. Əminəm ki, Yusif Səmədoğlu imzası həm bir şəxsiyyət olaraq, həm də yazıçı olaraq zaman-zaman anılacaq və xatırlanacaq”.

Qeyd edək ki, Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olub.  Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilib.  "Azərbaycan " jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, "Ulduz jurnalının baş redaktoru, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib.

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifidir.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar