Şair, yaşın xeyir!

Rüfət Əhmədzadənin 29 yaşı üçün

Bir var yazar kimi cəmiyyətdə ancaq və ancaq obraz yaradasan, yazdıqlarından heç kimin xəbəri olmasa da, eynəyinə, dağınıq saçlarına, çənənin yarısını tutan bir topa, bir çəngə tükünə inanıb səni adam sanalar, sən də hər yerdə əndam göstərəsən. Bir də var yazdıqların cəmiyyətin inkişafına, estetik zövqün formalaşmasına hesablayıb cəmiyyət, ictimai fikir qarşısındakı məsuliyyətini dərk edib əsərlər yazır, əlində olan və olmayan bütün resurslardan istifadə etməklə həm özü nəsə öyrənir, həm də nəyisə öyrətməyə səy göstərir. Bu iki növ yazar arasındakı fərqi anlamaq, dərk etmək üçün zənnimcə, düha olmağa ehtiyac yoxdur. Yazdıqlarından bircə cümlə oxuyanda artıq anlayırsan ki, zəhmət çəkib, gözünə əziyyət verib oxuduğun yazar hansı kateqoriyaya aiddir. Bu gün iki cümləni ard – arda düzənlərin də, on səkkiz yaşında roman yazanların da, məmurun da, çilingərin də, həkimin də özünə yazar dediyi günümüzdə, sapla samanı bir – birindən ayırmaq vallah hünər istəyir ki, o da çox şükür, dünya malından nəyin kasadçılığını çəksək də, bizdə geninə bolunadır. Elə ilk cümlədən həqiqi şairin, gerçək yazarın nəyə qadir olduğunu duymaq olur. Həqiqi yazar qeyri – adi görünmək xətrinə rola girmir, yalandan özü üçün imic yaratmır, gözlərini yumub özünü oda atıb “yazar belə olmalıdır, içib küçədə yatmalıdır” – demir. Həqiqi yazar yazdığı bir cümlədə səni tutur, gözünə qaralayır, sözünün əsirinə çevirir, istəsən də, istəməsən də, onun əsirinə çevrilirsən, aurasına düşüb arxasınca gedirsən. Əslində, onun yox, onun yazdıqlarının...Yenə də deyirəm, bu gün cəmiyyətdə obraz yaratmaq çox asandır. Rasim Qaraca kimi illərlə Anarla guya mübarizə apara bilərsən, Yafəs Türksəs kimi altmış – yetmiş yaşında nəvələrlə oynamalı ikən eşqə düşə bilərsən, hətta Qan Turalı kimi əvvəl öydüyünü sonra söyə də bilə bilərsən, amma inanın ki, bunlar sadəcə imicdir. Əsl yazarın imici onun yazdıqlarıdır, yazdıqlarında göstərdiyi ictimai mövqeyidir. Əsl yazarın imici bircə misrasıdır ki, sən həmin misraya görə onun bütün günahlarını bağışlaya bilərsən. Bircə cümləsidir ki, belə baxanda adi gəlir, hamı yaza bilər, amma heç kim o cür yanaşmayıb. Məhz o yazarın qismətindədir həmin cümlə. O, hıqqanmır, özünü məcbur etmir ki, bunu da yazım, onu da yazım, o anda içinə doğan sözlərin əziyyətini yaşayır sadəcə. Yaşayır və yaradır. Mənim fikrimcə, istər “Sən busan”, istərsə də “Adım anonim qalsın” kitabları ilə oxucuda maraq oyadan yazarlardan biri də Rüfət Əhmədzadədir. Rüfət haqqında yazmaq barəsində dəfələrlə özümə söz versəm də, dəfələrlə yazmaq istəsəm də, nəsə alınmayıb. Çünki, hər dəfə Rüfətlə bağlı başqa bir maraqlı məqam çıxıb ortaya, əsas məsələ qalıb kənarda, baxmışam ki, indi Rüfət haqqında yazmağın yeri deyil. Çünki, o anda bəlkə də mən Rüfət haqqında bir yazı yazsaydım, dostumuz məndən inciyəcəkdi, küsəcəkdi. Söhbət ədəbiyyatdan düşəndə, konkret Rüfətin yazdıqlarından söz düşəndə yenə də susmağa üstünlük vermişəm. Susmuşam, çünki, Rüfət Əhmədzadə yazmalı olduqlarının heç belə bir faizini də yazmayıb. Guya, səmimi etiraf edim, mən öz potensialımın neçə faizindən istifadə etmişəm ki?! Əksər qələm adamları bu dəqiqə təxminən eyni əhvaldadırlar və qələmlərini(oxu klavyaturalarını!), istedadlarını hərdən boş, hərcai məqamlar uğrunda xərcləyirlər. Xərclədikləri o enerji, o istedad təəssüf ki, geri gəlmir. Amma nə etməli, bizim də qismətimizə məhz belə bir hal düşüb. Rüfət ən əsası çalışqandır, yaza bilir. Bütün zorluqlara, dartmayaxamcırıldı düzənə rəğmən, bir də görürsən dostumuz yeni bir nəsə yazdı və hamının təəccübünə səbəb oldu. Həddindən artıq enerjinin axıb getdiyi şair ürəyində həm də bir narahatlıq da var. Kənardan hər nə qədər sistemsizmiş kimi görünsə də, Rüfətin yaşam kredosunda bir sistem var. Bu sistemi tuta bilən az – az adamlardan biri kimi deyirəm ki, az bir zaman keçəcək və Rüfət Əhmədzadə bizi – ədəbiyyat adamlarını, öz oxucularını bir – birindən dəyərli, bir – birindən maraqlı əsərləri ilə sevindirəcək. Məncə o gün elə də uzaqda deyil. Çünki, Rüfəti illərdir tanıyan biri kimi vaxt ötdükcə hiss edirəm və fərqinə varıram ki, dostumuz yazdıqlarında kamilləşir, gerçəyi arayır və onu təkcə birtərəfli, hərtərəfli analiz edir, yazı sisteminin ortasında azıb qalmamaq üçün yeni – yeni gedişlər edir, bu gedişlərin hər birinin də ədəbiyyatla birbaşa əlaqəsi var. Bəzi hekayələri, şeirləri ilk baxışdan ironiya imiş kimi görünsə də, Rüfəti tanıyanlar bilir ki, daxilən bu qədər narahat olan birisi qətiyyən vecsizlik edə bilməz. Amma yenə də arada dostumuza mən də əsəbiləşirəm ki, çox emossionallıq edir, sonra da özümü onun yerinə qoyuram və öz – özümə sual verirəm, niyə emosional olmasın axı? Zatən şair dediyin, yazar dediyin emosional olmalıdır da. Amma hər nə qədər hissslərə qapılsaq da, arada həqiqətin gözünün içinə şax baxmalıyıq və həyatın bizdən nə istədiyini bilməliyik. Bizim artıq təkcə özümüz üçün çalışan vaxtımız gedib, biz sabahın gözəl Azərbaycanı üçün çalışma, o amalla da yazıb yaratmalıyıq. Balalarımıza miras qoyub gedəcəyimiz güclü, böyük, qüdrətli Azərbaycan üçün! Oktay Hacımusalı

Advertisement Banner

Şərhlər