Əyalətdə yaşayan yazarların problemləri... - SORĞU

08.06.2015 12:21     YazarKlub     2325

Yazar harda yaşasa, daha məhsuldar olar?

Lənkəranda yaşayan yazar - publisist Hafiz Mirzə bildirib ki, əvvəllər yazarın kənddə və ya rayon mərkəzində, paytaxtda yaşamasının mühüm əhəmiyyəti vardı: “Çünki bütün qəzet-jurnal Bakıda idi və sayı az olduğu üçün rəqabət də böyük idi. Bakıda hər gün gördüyün, çay içdiyin, kabab yediyin yazar tanışlar qaldığı halda kim idi hansısa kənddə yaşayan və illərcə üzünü görmədiyin yazarın yaradıcılığına diqqət göstərən? İndi maşallah, qəzet-jurnal çoxdur, elektron KİV daha çoxdur. Bu hal əyalətdə yazarlar üçün də dərc olunma imkanlarını genişləndirir. Və indi daha Bakıya gəlmək də lazım deyil, internetlə yazı göndər, bloq, səhifə və forumlarda yazarlar ilə ünsiyyətdə ol, 1 manat xərcləmədən, istədiyin qədər yeni yazılar oxu. İndi yazar üçün ədəbi mühit aclığı da yoxdur. İnternet resurslarından bacarıqla və gündəlik istifadə bu ehtiyacı tam ödəyir. Paytaxtda olsan təkcə AYB-nin qayğısını hiss etmək şansın artıq olur ki, bu da faktiki olaraq Bakıda yaşayanlar üçün də yox səviyyəsindədir. Mən şəxsən bir yazar olaraq Lənkəranda yaşamağın heç bir çətinliyini hiss etmirəm. Əksinə, böyük şəhərdə həyatın böyük sürəti düşünürəm ki, adamın hissiyatını bir qədər korşalaşdırır . Mənim üçün bu saat dünyanın mərkəzi noutbukumun yerləşdiyi masadır”.

Hal – hazırda Şəmkirdə yaşayan şair Elməddin Nicat qeyd edib ki, əyalət - mərkəz məsələsini heç də normal qəbul etmir: “Bu sovətlər dönəmindən qalan bir qalıqdı. Məncə yazarın yeri elə yaza biləcəyi məkan olmalıdı. Qaldı çətinliklərə bu sırf tədbirlərdə iştirakla bağlıdır. Bax, mən bu ilki şairlər günü ilə bağlı keçrilən tədbirdə iştirak edə bilmədim. Bölgələrimizdə çox istedadlı yazarlarımız var ki bu cür tədbirlərə dəvətli olsallar belə vaxt və məkan baxımından iştirakları alınmır. Bölgələrdə yaşayan yazarların bu cür əhatəli və hardasa tanışlıq baxımından vacib olan tədbirlərdə iştirak edə bilməməsi onların bir növ tanınmasında soyuqluq yaradır. Mən əvvəlcədən də dedim yenə də deyirəm yaxşı yazar olmağın harda yaşamaqla heç bir ilişgisi yoxdur. Bu gün çox sağkam ədəbiyyat təəsübkeşləri və ədəbi ortam var”.

 

Şabranda yaşayan şairə, AYB üzvü  Aybəniz Əliyarın fikrincə, "əyalətdə yazıb-yaradanlar" sözünü dilimizdə artıq əzbər ediblər. Əlbəttə ki, pis mənada. Ancaq deyərdim ki, hətta həmin insanların bir çoxu belə özləri həmin "əyalətlərdən" peyda olub. Söz, harda istedad varsa, orda daimi və əbədi yaşardır, doğulan həmin istedadlı qələm adamı öz yaşadığı yerin adını ucaltmağa qadirdir. Çətinliklər hər yerdə var, amma son zamanlar, demək olar ki, canlanma və gənclərin qrup halında fəaliyyəti müşahidə olunur. Bu, müsbət hal olduğu qədər də bir çoxlarına özündən razılıq gətirir. Zəif yazarlarımız olduğu qədər zəif oxucularımız da çoxdur. Hamı Bakıya can atır, bəlkə də bu, normaldır. Çünki Bakı, sözün əsl mənasında, paytaxtıdır. Rayonlardakıların çap olunmaq, mükafatlar almamaq, nə bilim, səviyyəli şəkildə kitab təqdimatları keçirməmək kimi problemləri çoxdur. Sanki bütün mükafatları mütləq Bakıda keçirilən bütün tədbirlərə qoşulanlar almalıdır. İndi bir çox jurnal və qəzetləri oxuyuram, hamısını eyni imzalar zəbt edir. Bu bağışlanılmazdır. Ancaq çox qürurverici bir haldır ki, həmişə "əyalət" dediyimiz yerdə yaşayan qələm adamları ürəklərini gül-çiçək ətri ilə bəsləyib gözəl yazılar ortaya qoya bilir”.

 

 

 

 

 

Oktay HACIMUSALI

"Reaksiya.az"

Şərhlər