Sufizm və Eşq - Cahan Gülsün yazır

09.06.2015 23:26     YazarKlub     3572

Reaksiya.Az portalı "YazarKlub" layihəsində Cahan Gülsünün "Sufizm və  “Eşq” məqaləsini təqdim edir.

 

Orta əsrlər mərhələsi İslam dünyasının və müsəlman ölkələrinin ictimai-siyasi, elmi-mədəni, bədii-fəlsəfi düşüncəsinin formalaşmasında xüsusi rol oynayır. Çünki, bu dövr özünün mövzu zənginliyi və rəngarəngliyi ilə seçilir. Bu rəngarəngliyin və zənginliyin yaranmasına və inkişafına xüsusi təkan verən qüvvələrdən biri də təriqət ədəbiyyatı olmuşdur. İslam dini ilə əlaqədar olaraq daha da geniş yayılmağa başlayan, mövzu, bədii-fəlsəfi düşüncə, dini-ədəbi məfkurə baxımından təriqət ədəbiyyatı orta əslər ədəbiyyatının ayrılmaz hissəsidir. Müsəlman ölkələri də İslamla sıx bağlı olduqlarından bir-birinin ardınca və ya eyni zamanda yaranmış bu təriqətlərin təsirindən yan keçməmişdir. İslam dini ilə əlaqəli şəkildə yaranıb inkişaf edən təriqətlərdən biri də sufizm olmuşdur. Insan mövcud olduğu gündən dünyanı dərk etməyə çalışmış, təbiət, yaradılış, yaradan barədə müxtəlif fikirlər yürütmüş, müxtəlif inamlara sahib olmuşdur. Qədim zamanlardan yaşadığı və müşahidə elədiyi hər bir hadisəyə anlam verməyə çalışan insanın dini düşüncəsi mifologiyadan tutmuş müasir səmavi dinlərə qədər böyük və keşməkeşli inkişaf yolu keçmişdir. Qədim zamanlarda insanlar təbiət hadisələrindən qorxur, inandıqları tanrılara maddi qurbanlar verirdilərsə, orta əsrlərdə bu mənzərə nisbətən dəyişir. Sufizmlə tanış olan insanların Allaha qarşı olan qorxuları yoxa çıxır. Bu qorxunun yerini Allaha qarşı məhəbbət, ilahi eşq, maddi qurbanların yerini isə nəfsə qalib gəlmək, dünyəvi sevgidən imtina və s. kimi mənəvi qurbanlar alır.

 

Sufilərin tərənnüm etdikləri ilahi eşqi daha da dərindən anlamaq üçün VIII əsrdə yaşamış sufi qadın Rəbiət-ül-Ədəviyyənin bir fikrini bilmək lazımdır. O deyir : «Allahım əgər mən səni cəhənnəm qorxusuna görə sevirəmsə, məni orada yandır. Əgər səni cənnət arzusu ilə sevirəmsə, məni ondan məhrum et. Əgər sənin camalını görmək ümidi ilə sənə ibadət edirəmsə, o görüşü məndən əsirgəmə»

 

«Sufizm» və ya «təsəvvüf» bir mənanı ifadə edən eyni anlayışlardır. «Sufizm» termini barədə müxtəlif fikirlər və yozumlar mövcud olmuşdur

«Sufizm» anlayışının «səfəvi, səfavi» , yəni namaz vaxtı öndə-ilk cərgədə duranlara verilmiş ad olduğunu deyənlər də var. Həmçinin, bu termini «eyvan» mənasını verən «suffa» sözü ilə də bağlayırlar. Belə ki, Məhəmməd (s. ə. s) peyğəmbərin zamanında yoxsul bir təbəqə var idi ki, onlar məscidlərin eyvanında ibadət edirdilər. Belə adamlar qrupuna «əshabi-süffə» deyirdilər.Ərəb-fars mənşəli sözlərdən başqa bu anlayışı yunan mənşəli «sofiya» , yəni «hikmət, düşüncə» mənasını verən sözlə də bağlayanlar çoxdur.

Lakin bunlardan ən geniş yayılmış fikir odur ki, «sufi» sözü ərəbcə «yun» və ya «qaba yundan hazırlanmış parça» mənasını verən «sof» və ya «suf» sözündədir. Sufi isə bu parçadan paltar geyinən adama deyilir. Doğurdan da ilk sufilər dünya malında gözləri olmadığını göstərmək üçün yun xirqədən və parçadan paltarlar geyinərdilər. Hətta, bəzi peyğəmbərlərin, o cümlədən, Məhəmməd (S. ə. s) peyğəmbərin də bu cür parçadan paltar geyindiyi barədə məlumatlar vardır. Onu da qeyd etmək lazımdır ki, əgər ilk vaxtlarda yalnız bu geyimi geyinənlərə sufi deyirdilərsə, zaman keçdikcə artıq irfan sahiblərini belə adlandırmağa başladılar. Bir müddət sonra bu ad geniş coğrafi ərazidə yayılmağa başladı.

Ümumilikdə, Məhəmməd (s. ə. s) peyğəmbərin zamanında vahid qardaşlıq, bərabərlik anlayışları mövcud idi. Yəni, cəmiyyət və dövlət ədalətli, hamı üçün uyğun olan yollarla idarə olunurdu və hər kəs haqqı olanı alırdı. Lakin Əməvilər, həmçinin, Abbasilər xilafəti dövründə bu prinsip, demək olar ki, kökündən dəyişdi. Belə ki, mövcud olan ədalətin yerini ədalətsizlik aldı. Hakim dairələr mənfəətpərəst, sərvət düşkünü kimi insanlarla dolub-daşdı. Tanrı sevgisini sərvət sevgisi, dünya sevgisi əvəz elədi. Xalqın ümid bəslədiyi və inandığı ruhanilər isə gizli və ya aşkar surətdə bu ədalətsizliyə bəraət qazandırmağa çalışır, hakim dairələri müdafiə edirdilər. Məhz belə bir zamanda sufizm mövcud vəziyyətə dinc etiraz əlaməti olaraq formalaşmağa başladı. Sonralar bu cərəyan daha da inkişaf edərək etirazdan çox Tanrıya sevgi yönündə irəlilədi. Sufizmin digər maraq doğuran tərəflərindən biri də onun yüksəliş mərhələləridir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, təsəvvüfdə haqq yolunun yolçusuna «salik, səyyar və ya misafir» deyirlər»Salik» ərəbcə «yol gedən» , «yolçu» , «səyyar» «seyr edən» (haqqı seyr edən), «misafir» isə «səfərə çıxan» (haqqa doğru səfərə çıxan) deməkdir.Sufilər özləri üçün 4 yüksəliş mərhələsi ayırmışdılar ki, bu mərhələlərdən uğurla keçən saliklər və ya səyyarlar sonda öz niyyətlərinə çatırlar, yəni Allaha qovuşurlar. Bu mərhələlər şəriət, təriqət, mərifət, həqiqət kimi fərqləndirilir. Bəzən bu mərhələlərdən üçü göstərilir. Mərifət həqiqət mərhələsinin tərkibində verilir.

 

Şəriət Allah tərəfindən vəhy vasitəsilə islam peyğəmbərinə çatdırılan və Həzrəti Məhəmmədin bəşər övladına bəyan etdiyi dini, əxlaqi, mənəvi hökmlər, buyruq və göstərişlərdir. Təriqət isə şəriət qaydalarına əməl etməklə gedilən yoldur. Daha da dəqiqləşdirsək şəriət hökmün özüdürsə, təriqət bu hökmə əməl olunmasıdır. Həqiqət isə artıq haqqın özüdür, bu mərhələdə insan son mənzilə çatır. Haqqa qovuşur. Belə insan kamil insan adlanır. Bəzi ədəbiyyatlarda sufizmin yüksəliş mərhələlərinin fərqləri müxtəlif cür göstərilir. «Şəriətdə halal olan təriqətdə haram, təriqətdə halal olan isə həqiqətdə haramdır. Məsələn, qisas şəriətdə halaldırsa, təriqətdə haramdır» .

Sufizm təriqətinin bir –birindən məşhur nümayəndələri olmuşdur. Əməlinə görə ilk sufi dərviş Həsən Bəsri idi.Zaman keçdikcə sufizm inkişaf edirdi. Bu inkişafda öz dövrlərinin görkəmli din xadimləri, irfan, elm, fəzilət, iman, zəka sahibləri olmuş şəxslər xüsusi rol oynamışdır. Belə şəxslərə Zünnün-əl-Misri, Bəyazid Bəstami, Həllac Hüseyn ibn Mənsur, Cüneyd Bağdadi, Əbulqasım Quşeyri, Əbu Hamid Qəzalı, Mühyəddin ibn Ərəbi, Mövlanə Cəlaləddin Rumi və başqalarını misal göstərmək olar.

Bu şəxslər arasında Cəlaləddin Ruminin adını xüsusi qeyd etmək lazımdır. Adını çəkdiyimiz digər şəxslər sufizmin dini cəhətdən inkişafını, nəzəri cəhətdən yüksəlişini təmin etmişdilərsə, Rumi sufizmin sənətlə qovuşmasında misilsiz xidmətlər göstərmişdir. Şeirin, musiqinin, səmavi rəqsin sufi məclislərinə daxil edilməsi və irfanın bədii zövq və mənəvi rahatlığa çevrilməsində Ruminin rolu əvəzsizdir.

Əlbəttə ki, Ruminin öz dövrünün məşhür din xadimi ikən bu cür kamil sufiyə çevrilməsində Şəms Təbrizinin təsirini unutmamaq lazımdır. «Bütün sufilər kimi Mövlanə Cəlaləddin Ruminin də həyatı və fəaliyyəti iki-Şəms Təbriziyə qədərki və Şəms Təbrizidən sonrakı mərhələlərdən ibarətdir» . Birinci Ruminin öz dövrünün məşhur din xadimi kimi tanındığı mərhələdir. Bu dövrdə o islam dinini və elmini, eləcə də qurani-Kərimi dərindən bilən, həm də öyrədən elm adamıdır.

Rumi 1207-ci ildə Bəlxdə anadan olmuşdur. Əsasən, «Sultanul-aşiqin (aşiqlər sultanı)» və «Sultanul-Muhibbin (sevgililər sultanı)» ləqəbləri ilə tanınmışdır.  «Mövlanə» ləqəbi isə ona hələ gənc vaxtı Konyada müəllimi Şeyx Sədrəddin tərəfindən verilmişdir. «Mövlanə» sözü «Əfəndimiz» anlamına gəlirdi və ona duyulan hörmət və sevginin qarşılığı olaraq verilmişdi.

 

Cəlaləddin Ruminin həyat və fəaliyyətinin ikinci mərhələsi onun Şəms Təbrizi ilə tanış olub sufizmə meyl salması ilə başlayır. Bu mərhələdə sufizmin yeni modelləri ilə tanış olan Rumi digər sufilərdən fərqli olaraq bu təriqətin qaydalarına həm də əməl etdi. Onun mövləvilik hərəkatının inkişafındakı rolunu da xüsusi qeyd etmək lazımdır.

 

Məhz, Ruminin həyat və yaradıclığı bir sıra alim, eləcə də yaradıcı insanlarda maraq yaratdı. Belə yazışılardan biri müasir dövrdə öz əsərləri ilə oxucuların ürəyinə qısa müddətdə yol tapan Əlif Şəfəq idi. Strazburq doğumlu Əlif Şəfəq universitetdə təhsil alarkən təsadüfən Ruminin “Məsnəvi”si ilə tanış olur və aldığı təsir nətisəsində sufizmlə maraqlanmağa başlayır. Çox keçmir ki, o, Mövlanə ilə Şəms Təbrizinin dostluğundan təsirlənir. Bu mövzuda bir əsər yazmağa başlayır. Sufizmin nisbətən ədəbi və bədii-fəlsəfi səhnədən çıxmağa başladığı bir dövrdə belə bir əsər əməlli-başlı səs-küyə səbəb olur. Əsərin adı ilə məzmunu bir biri ilə ziddiyyət təşkil edir. Çünki, ad nə qədər sadə olsa da məzmun bir o qədər çətin, mürəkkəb və dərindir. Əsər şərti olaraq «Eşq» adlandırılsa da, ilk baxışda iki insannın sevgisindən bəhs edən dünyəvi sevgini xatırlatsa da məzmuna daldıqca burada ilahi eşqin tərənnümünün, insanla Allah arasında olan məhəbbətdən bəhs olunmasının şahidi oluruq. Başdan-ayağa sufizm qoxuyan bu kitab oxuculara dərindən təsir göstərir. İnsanlarda dəyişməyə meyl oyadır. Elə Əlif Şəfəq müsahibələrin birində qeyd edir ki, bu roman onun özünu də dəyişmişdir. «Mən «Eşq» i yazmamışdan əvvəl tamam başqa biri idim. Yazıb bitirdikdən sonra isə başqa biri oldum»

Əsasən, Rumi və Şəms Təbrizinin dostluqlarından, bir-birilərinə bağlılıqlarından, Şəmsin Rumiyə necə təsir göstərməsindən, Ruminin məşhur bir din xadimindən şeir yazan, ilahi eşqi tərənnüm edən bir sufiyə çevrilməsindən bəhs edən bu əsərdə Ella və Aziz Zahara kimi iki yad insanın doğmalaşması da göstərilir. Bu insanların bir birilərinə aşiq olmaları Ellanın sufizmdən təsirlənməsi və onun mahiyyətini dərk etməsi sayəsində mümkün olur. Əsərdə tez-tez sufizmə aid olan və irfanda da bəlli olan hekayələr yer alır.

Əlif Şəfəqin Sufizm haqqında fikirlərini, bu təriqətə olan münasibətini əsərin əvvəlində verilmiş başlıqdan daha yaxşı anlamaq olar. «Eşqin heç bir tamamlanmaya və üzə ehtiyacı yoxdur, başlı başına bir dünyadır Eşq. Ya tam daxilindəsən, mərkəzində. Ya da xaricindəsən, həsrətində» .

 

 

 

 

 

 

Şərhlər