15 sentyabr - TÜRKÜN ZƏFƏRİ

14.09.2015 16:34     YazarKlub     3676

XX əsrin əvvəllərində Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi rəhbərliyin zəifləməsi və bölgənin idarə olunmasını ələ almağa çalışan müxtəlif güclərin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu.

Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurma arzuları müxtəlif güclərin bölgənin idarə olunmasını nəzarətdə saxlamaq üçün, xüsusilə erməni təşkilatlarının köməyindən istifadə edərək müxtəlif növ əməkdaşlıqları nəticəsində bu proses elə istək olaraq da qalır və heç bir müvəffəqiyyət əldə olunmurdu. Lakin elə bu ərəfədə 1918-ci ilin mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edir. Azərbaycan Xalq Cümhüriyyəti öz istiqlaliyyətini yenicə elan etdiyi vaxtlarda Osmanlı hökuməti qardaş türk dövlətini tanıdığını bildirir. Müstəqilliyini elan etməsinə baxmayaraq, ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədərək kütləvi qırğınlar həyata keçirmişdilər. 1918-ci ilin martında neftlə zəngin, sənaye cəhətdən Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş daşnak-bolşevik qüvvələri Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzəcə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. 1918-il iyunun 4-də Batumidə Osmanlı ilə Azərbaycan arasında “Dostluq və Əməkdaşlıq” müqaviləsi imzalandı. Müqavilənin 4-cü bəndinə əsasən, ehtiyac olacağı təqdirdə, Osmanlı dövləti Azərbaycana hərbi yardım etməyi öz öhdəsinə götürmüşdü. Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı İmperatorluğu ilə imzalanmış bu müqavilənin maddəsini əsas tutaraq, Osmanlı hökumətindən yardım istəyir. Osmanlı dövləti müstəqilliyini yenicə qurmuş qardaş türk Cümhuriyyətinin cağırışını cavabsız qoymur. Özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərir. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra bağlanan müqaviləyə əsasən, Gəncəyə göndərilir.

Tanınmış siyasi xadim Nağı Şeyxzamanlı  Nuru Paşanın Gəncəyə gəlməsi ilə bağlı yazırdı: “Gəncə əhalisi türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əsgərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər...

Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc - bütün xalq əsgərləri coşquyla alqışlayırdı”. Beləliklə, beşminlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alayları bazasında yaradılan Qafqaz İslam Ordusu Azərbaycanın nəzarətində olmayan müxtəlif şəhərlərinin, xüsusilə Bakının qurtarılması üçün cəhdlərə başlayır. Həmin günlər Göyçay, Salyan, Ağsu, Kürdəmir, Ağrı və Şamaxıda da ağır qarşıdurmalar yaşanırdı. Avqustdan etibarən, Bakı yaxınlığında döyüşlər başlayır. Qafqaz İslam Ordusu avqust ayının əvvəllərində Bakı ətrafına qədər gəlib çıxır. Lakin Bakıya edilən ilk iki hücum uğursuz olur. Buna baxmayaraq, Nuru Paşa Bakını işğaldan azad etmək üçün xüsusi plan hazırlayaraq qüvvələri yenidən toplayır. Avqustun 25-də Bakı uğrunda qızğın döyüşlər başlayır. 27 avqustda almanlarla ruslar arasında Brest-Litovsk müqaviləsi imzalanır. İmzalanan Brest-Litovsk razılaşması həm də Türk ordusunun Bakıya girişinin qarşısının alınması məqsədi ilə də bağlanmışdı.

Qeyd edək ki, o zaman Bakıdakı erməni-rus hərbi birliklərinin köməyinə ingilislər də çağırılır. Ancaq bütün bunlar Bakının işğal olunmasına kömək edə bilmir. Nəhayət, Qafqaz İslam Ordusunun komandanlığı həlledici döyüşə başlamaq əmrini verir. Bakı ətrafındakı döyüşlərin 40-cı günü Qafqaz İslam Ordusu sentyabrın 14-dən 15-nə keçən gecə gözlənilmədən hücuma keçir. İki gün davam edən qanlı döyüşlərdən sonra 15 sentyabr 1918-ci il günortadan bir qədər sonra türk ordusu Bakını düşməndən azad edir. Hücumlara dözə bilməyən ingilis əsgərləri şəhəri tərk edir və artıq sentyabrın 15-də Bakı tamamilə düşmən işğalından azad olunur. Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətlərdən olan əsgər əsir götürülür.

Bakının azad olunacağını intizarla gözləyən əhali və ictimaiyyət bu möhtəşəm günün sevincini ürəkdolusu yaşadı, türk əsgər və zabitlərini böyük coşquyla qarşıladı. Qafqaz İslam Ordusunun rəhbərliyi Nuru Paşaya həvalə olunsa da, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa əmrində reallaşdırılmışdı. Mürsəl Paşa bu qəhrəmanlığı səbəbi ilə “Bakı” soyadını almış və tarixə “Mürsəl Bakı” kimi düşmüşdü. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçir. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər Paşanın çox böyük sevincinə səbəb olmuşdu. O, Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: “Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

Nuru Paşa Bakının azad edilməsi ilə bağlı sentyabrın 16-da paytaxtımızda keçirilən paradla iki qardaş xalqın əbədiyyətə qədər birgə addımlayacağını nümayiş etdirdi. Bu hadisə tarixə yalnız Azərbaycanın paytaxtının qurtuluş günü kimi deyil, həm də Türk həmrəyliyinin əhəmiyyətli bir nümunəsi olaraq yazıldı. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi.

Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Bununla da erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bakının düşmən əsarətindən azad edilməsi həmin dövrdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi demək idi və bu, milli azadlıq mübarizəmizin ən şərəfli səhifələrindəndir. Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. 1918-ci ilin noyabr günlərində Qafqaz İslam Ordusunun komandanı şanlı sərkərdə Nuru Paşa Bakıda söylədiyi bir nitqində belə bir çıxışa yer vermişdi: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığında yeni qurbanlar lazım olarsa, ona da hazırıq!”. Bu kəlmələr türk dünyasının azadlığı və xoşbəxtliyi üçün qanlı-qadalı döyüşlərdən keçən, türkün gələcək zəfərlərinə bütün varlığı ilə inanan qalib bir sərkərdənin dodaqlarından səslənib. Deməli, türkün zəfəri, türk dünyasının qalibiyyət təntənələri yalnız keçmişdə deyil, həm də yaxın və uzaq gələcəkdədir.

Qafqaz İslam Ordusunun komandanı, şanlı sərkərdə Nuru Paşanın böyük sərkərdəlik istedadı nəticəsində Bakının düşməndən azad ediməsi iki qardaş xalqın tarixində şərəfli bir iz buraxaraq, əbədiyyətə qədər yaşayacaq bir dostluğun əsasını qoydu. Azərbaycan xalqı onu məhv olmaqdan xilas edən cəsur sərkərdə Nuru Paşanı və onun komandanı olduğu Qafqaz İslam Ordusunu hər zaman öz qəlbində yaşatmaqda davam edəcək. 95 il əvvəl türk əsgərinin qanı bahasına azad edilmiş Bakı bu gün də müstəqil Azərbaycanın paytaxtıdır və paytaxt Bakıda, Şamaxıda və başqa bölgələrimizdə türk şəhidlərinin uyuduğu məzarlıq indi Azərbaycan vətəndaşının hər zaman sonsuz ehtiramla ziyarət etdiyi, dualar oxuduğu, gül çiçək düzdüyü müqəddəs məkanlardır.

Şərhlər