İlqar Rəsul Qənirə Paşayevadan yazdı

20.10.2015 22:52     YazarKlub     2791

Onu xoşlamayan, qısqanclıq edənlər də olurdu, elə indi də var

Onu mən jurnalistikadan tanımışam. İşimizlə əlaqədar iştirak etdiyimiz. müxtəlif tədbirlərdə rastlaşırdıq. Hərdən də Prezident Adminstrasiyası üzrə müxbirlər olaraq iş başında görüşürdük. Bu qrupda hərəmiz öz işlədiyimiz media orqanını təmsil edirdik. Birlikdə paytaxtın müxtəlif yerlərində, eləcə də bölgələrdə olurduq. Tədbir öncəsi gəlirdi, ümumən həmkarları ilə görüşürdü, sonra bizə yaxınlaşırdı. Çox xoş, mehriban görüşüb hal-əhval eləməsi var bu adamın. Əsil insancasına yəni. İşinə, eləcə də insanlarla rəftarına söz ola bilməz onun. Düşdüyü mühitlərdə sayılıb - seçilənlərdən biri olub hər zaman. Onu müşahidə edəndə həmişə fikirləşirdim ki, bu qız bu gedişlə (bu çalışqanlıq, bu enerji ilə) yalnız jurnalist kimi davam etməyə qane ola bilməz. Xarici səfərlərdə də olmuşdum onunla. Xüsusi ilə milli məsələlərdə istənilən əcnəbi ilə polemikaya girib öz həqiqətini ( məsələn, Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini) qəbul elətdirirdi. İş başında fədakar, işdən kənar münasibətlərdə xeyli gülərüz, mülayim bir insandır. Onu xoşlamayan, qısqanclıq edənlər də olurdu, elə indi də var. Amma həmin adamlardan soruşanda heç özləri də bilmirdi ki, niyə ona qarşı belə ədalətsiz münasibətdədirlər. Yəni elə bir ciddi səbəbləri olmurdu. Daha doğrusu o, heç vaxt heç kimə ciddi səbəb verməzdi özündən narazı salmaq üçün. Hətta özünə qarşı mənfi münasibətdə olan adama tərəf addım atmaqdan da çəkinməzdi heç vaxt. Amma yenə də, bəziləri onun qədər fəal olmadıqlarındanmı, bəlkə də onun qədər uğurlu olmadıqlarındanmı qısqanclıqla yanaşar, qarasınca danışardılar hansısa zaman kəsiyində. O isə bütün bunları gördüyü, duyduğu halda heç kimə fərq qoymaz, hamı ilə mehriban, xoş rəftar edərdi...

Sonralar elə mən düşündüyüm kimi də oldu. 2005-ci ildə öz doğulub böyüdüyü bölgədən (Tovuz rayonu) namizədliyini irəli sürüb parlament seçkilərinə qatıldı və uğur qazandı. 2010-cu ildə bu uğurunu təkrarladı (əminəm ki, bu seçkilərdə də seçiciləri ondan imtina etməyəcəklər). Seçiciləri onu yenidən Milli Məclisdə öz nümayəndələri seçdilər (bu müddət ərzində o, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub). Uzun illər parlament müxbiri olduğum üçün deputatları müqayisə etmək təcrübəm yetərincədir. O, deputat kimi də çoxlarından fərqlənə bildi. Qanunvericilik məsələlərində gördüyü işlər, komissiya iclaslarında, eləcə də plenar iclaslardakı çıxışları barədə uzun-uzadı danışmaq fikrim yoxdur. Yalnız onu deyəcəm ki, istənilən qanun layihəsinin müzakirəsində fəal iştirak edir, öz irad və təkliflərini bildirir, cari msələlərin müzakirəsində təkcə öz seçicilərinin deyil bütün ölkə əhalisinin, eləcə də yeri gəldikdə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən danışırdı (hazırda o həm də Gürcüstan Respublikasının fəxri vətəndaşıdır).

Düzünü deyim ki, o, deputat olandan sonra, yəni ilk vaxtlar münasibətimiz əvvəlki qədər intensiv deyildi. Buna şəraiti mən özüm yaratmışdım. Parlamentdə onu görəndə daha yaxınlaşmırdım. "Deputatdır, iş-gücü çox olur" deyib uzaq durmağa çalışırdım. Amma bu hal uzun çəkmədi. Harada görürdüsə özü yaxınlaşırdı, hətta uzaq gəzdiyimi duyub gileyləndiyi də olmuşdu. "Hər şey gəldi-gedərdi. Bizə qalan qazandığımız insanlar olacaq" deyirdi. Sonralar münasibətlərimiz yenə də əvvəlki halına qayıtdı...

Demək istəyirəm ki, deputatlıq onu dəyişmədi. Baxmayaraq ki, işi həddən çox olurdu, yenə də imkan düşəndə dostları, tanışları, ən başlıcası isə həmkarlarını unutmadığını parlamentin foyesində davranışı ilə hər kəsə anlatmağa çalışırdı.

Onun işi doğrudan da çox olurdu. Gah Azərbaycandakı diplomatik korpusun nümayəndələrini yığıb cəbhə bölgələrinə aparır, onlara respublikanın təcavüzə məruz qalmasını yerində göstərir, gah da hansısa Afrika ölkəsində səfalət içində yaşayan insanlarla görüşüb onlara diqqət ayırmaqla Azərbaycanı tanıtmağa çalışır. Onun bu hərəkətlərini anlamayanlar da az olmur əlbəttə. Amma o bütün bunlara baxmayaraq ruhdan düşmür, bütün enerjisini, vaxtını məmləkətinə xidmət üçün seçdiyi yola xərcləməkdə davam edir.

İl boyu Türkiyədə və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda və digər tədbirlərdə, eləcə də qardaş ölkənin telekanallarında ya ümumtürk, ya da konkret olaraq Azərbaycanın maraqlarından çıxış edən bu adam seçicilərinin adi xeyir - şər məclislərində də iştirak etməyə vaxt tapır. Onu həm beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldırmış idmançıların vətəndə qarşılanmasında, həm də cəbhədə şəhid olmuş əsgərlərimizin evlərinə dönən tabutlarının yanında görmək olur. O, hərbi hissələrdən tutmuş hospitallaradək hər yerdə əsgərlərin görüşünə getməyə, hanssa xəstəxanada müalicə alan Qarabağ müharibəsi əlillərinə baş çəkməyə, orta məktəblərdən tutmuş ali təhsil ocaqlarınadək hər yerdə keçirilən tədbirlərdə yeniyetmələrə, gənclərə dəstək olmağa da vaxt tapır. Əlindən gələn qədər bütün dəvətləri dəyərləndirməyə çalışır. Heç təsadüfi deyil ki, bəzən hansısa rəsmi qurumun ədalətsizliyinə məruz qalıb intihar etmək istəyən adam belə, məhz onu çağırtdırır dərdini demək üçün. Milli Məclisə onun üstünə şikayətə gələnlərin çoxunun başqa bölgələrdən olduğunu isə dəfələrlə özüm şəxsən müşahidə etmişəm. İmkan tapanda onlarla da görüşürdü. Əlbəttə ki, seçicilər daha fəal deputat arzusunda olurlar hər zaman. Bu təbii haldır. Bəzən öz deputatlarından bu fəallığı görməyən seçicilər sözsüz ki, əlacsız qalıb daha fəal başqa deputatın üstünə gedirlər. Və o, başqalarının da özününkü olmağı bacardı bu illər ərzində. Bəzən həddən artıq yorulduğunu da görürdüm. Amma yenə də çalışırdı ki, ona pənah gətirən kimsə naümid geri qayıtmasın. Nə vaxt onunla görüşmüşəmsə hansısa tədbirdən gəlib, hansınasa getmək ərəfəsində olub. Bəzən hətta çox yorğun olduğu halda kiminsə kitab təqdimatına gedib ki, dəvət edənin sözü yerə düşməsin.

Bu yazdıqlarım əslində onun etdiklərinin çox cüzi bir hissəsidir. Hamısını sadalamağa əlbəttə ki, vaxt yoxdur...

Onu həmişə müşahidə edəndə düşünmüşəm ki, görəsən bir insan bu qədər fəallıq üçün bu qədər vaxtı haradan alır? Belə çıxır ki, əgər insan istəsə gün onun üçün 24 saatdan, ömür isə yalnız Allahın verdiyi müddətdən ibarət olmaya da bilər. Hər halda o bunu bacarır.

Bütün bunları yazmaqda məqsədim qarşıdakı parlament seçkiləridir. İstəyirəm namizədliyini irəli sürən hər kəs bilsin ki, ölkənin 125 seçilmişindən biri olmaq elə də asan məsələ deyil. Bunun üçün ən azı vaxtını, enerjini və daxili imkanlarını balanslaşdırmağı bacarmalısan. Əgər əlbəttə ki, Millətin və Məmləkətin qarşısında mənəvi məsuliyyətini dərk edirsənsə. Qənirə Paşayeva məhz belə insanlardan olduğunu iki çağırış deputatlığı dövründə sübut edib. Əminəm ki, bu seçkilərdə də seçiciləri ona üçüncü dəfə özünü təsdiq etməyə şərait yaradacaqlar, və o, qarşıdakı 5 ildə də öz missiyasını uğurla davam etdirəcək.

P.S.

İndiyə qədər çox az adam haqqında nəsə yazmışam. Sadalasam cəmi 4-5 nəfər ola, ya olmaya. Özüm istəmişəm və yazmışam. Bu yazı da onlardan biridir.

Şərhlər

Çox oxunanlar