Qırx illik rejissor ömrünün silinməyən izləri - FOTOLAR

Vaxtilə Azərbaycan Televiziyasında çalışmış istedadlı rejissor Əhməd Abdullayev yaşlı nəslin indi də xatırladığı bir çox maraqlı verilişlərin və sənədli filmlərin müəllifidir. O, hazırda İsraildə yaşasa da, doğulub boya-başa çatdığı Azərbaycanla nəfəs alır, onu bacardığı qədər təbliğ edir.

Uzun illər Əhməd Abdullayevlə birlikdə çalışmış jurnalist Qulu Məhərrəmli onunla bağlı xatirələrindən bəhs edən məqalə yazıb.

Reaksiya.az AZƏRTAC-a istinadən məqaləni təqdim edir:

Rejissorluq ən gözəl peşələrdən biridir. Gözəlliyi ondadır ki, bu peşə sahibinin dünyaya, gerçəkliyə, hadisələrə fərqli baxışı, bir də qeyri-adi istedadı olur.
İstedad ilahi qabiliyyətdir və ilk növbədə istənilən ideyaya, məzmuna müəyyən forma verməkdə üzə çıxır. Mən indi yaxın dost olduğum rejissor Əhməd Abdullayevi tanıyanda televiziya yaradıcılığı və rejissor işi haqqında bu qənaətlərim təzə-təzə formalaşırdı. Onunla AzTV-də uzun illər birgə unudulmaz fəaliyyətimiz mənim bu düşüncələrimə yeni miqyas verdi, təsəvvürlərimə əlavə rənglər qatıb onu xeyli əlvanlaşdırdı.
Yenicə müdir təyin olunduğum "Beynəlxalq həyat" redaksiyası rejissor işi sarıdan çox axsayırdı, əlavə proqramlar açmaq, yeni formatları sınamaq üçün intellektual səviyyəli, peşəkar rejissora ciddi ehtiyacımız var idi. Ona görə də televiziyanın istehsalat toplantılarında bu məsələni dönə-dönə qaldırırdıq. Nəhayət, günlərin birində bəxtimizə gün doğdu. O vaxt televiziyanın baş rejissoru olan, xalq artisti Vasif Babayev mənə dedi: “Gözün aydın, redaksiyanızın problemini həll etmişik, sənə "Telefilm"in elə bir aparıcı rejissorunu verəcəyəm ki, ömür boyu mənə dua oxuyacaqsan”. Həqiqətən də, mən bu günədək Vasif müəllimə minnətdaram ki, TV-dəki yaradıcılıq fəaliyyətimin böyük bir mərhələsi Əhməd Abdullayev kimi peşəkar bir rejissorla, yüksək mədəni səviyyəsi olan alicənab bir insanla və böyük vətəndaşlıq duyğusu olan ziyalı ilə birgə keçib.
* * *
İndi 80 yaşını haqlamaqda olan Əhməd Abdullayevin maraqlı ömür tarixçəsi var. Bakıda doğulub, məşhur “Sovetski” küçəsində qaynar uşaqlıq və gənclik həyatı yaşayıb. Qeyri-adi istedad sahibi olub, 16 yaşında ikən Neft Akademiyasının neft-mədən fakültəsinə daxil olub. Oxuduğu illərdə çalışqanlığı və dərin zəkası ilə fərqlənib, lakin neft mühəndisi ola bilməyib, çünki tale onun üçün başqa sürprizlər hazırlamışdı.
Məhəllələrində yaşayan kinorejissor Həsən Seyidbəyli ilə yaxından tanışlığı Əhmədin həyatında həqiqətən yeni səhifə açır. Kino çəkmək, rəngli işıqların və kameraların qurulduğu nəhəng çəkiliş meydançasının hakimi olmaq, aktyorlarla işləmək istəyi tədricən onun bütün varlığına hakim kəsilir. Bu sənətin cazibəsi və həmin illərdə artıq məşhur olan rejissor Həsən Seyidbəylinin yaradıcılıq təsiri altında Əhməd Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinə daxil olur. Bir müddət sonra ailə vəziyyəti ilə bağlı Bakıya qayıtmalı olur, sənət dərslərini Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirir. Bu institutun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Azərbaycan Telefilm"də işə başlayır. Burada tale onun üzünə gülür, birliyin baş redaktoru, gözəl publisist və tərcüməçi, xeyirxah insan İshaq İbrahimovla tanış olur. İshaq müəllim Əhmədin sənədli kinoya marağının yaranmasında, ekran sənətinə baxışlarının formalaşmasında böyük rol oynayır.
Ədəbiyyat və tərcümə sahəsində nüfuzlu mütəxəssis olan İshaq müəllim Əhmədin iç dünyasını dürüst anlamaqla kifayətlənmir, həm də ona praktik kömək göstərir və yaradıcılıq dəstəyini əsirgəmirdi. Məhz bu köməyin sayəsində Əhməd Abdullayev "Azərtelefilm" yaradıcılıq-istehsalat birliyində bir-birindən maraqlı sənədli filmlər çəkməyə başladı. Çox keçmədən onun rejissoru olduğu "Qırmızı qələm", "Sevil bacıları", "Neft Daşları", "Mingəçevir", "Naxçıvan" kimi maraqlı sənədli filmlər ekranlara çıxdı. Artıq peşəkar televiziyaçılar ekran yaradıcılıq birliyinə çox istedadlı və özünün yaradıcılıq dəst-xətti olan bir rejissorun gəlməsindən məmnunluqla danışır, Əhmədin parlaq gələcəyi barədə nikbin proqnozlar verirdilər.
O vaxt qayda belə idi ki, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı. Moskvada xüsusi komissiya bu filmləri qəbul edirdi və daha çox bəyənilən əsərlər ümumittifaq ekranında - mərkəzi televiziyada nümayiş etdirilirdi. Əhmədin çəkdiyi bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda göstərilib. Ustad rejissor indiyədək Azərbaycanın qədim tarixi və mədəniyyətindən bəhs edən 70-dən çox sənədli filmə ekran həyatı verib.
* * *
Televiziya yaradıcılıq mənasında fasiləsiz işləyən dəyirmana bənzəyir. Bir verilişi hazırlayıb efirə verən kimi yenisinə başlayır, özünü bu ritmə uyğunlaşmağa səfərbər edirsən. Mən Əhmədlə tanış olanda Azərbaycan televiziyasında, sözün əsl mənasında, yaradıcılıq yarışı gedirdi. Peşəkarlarla ünsiyyət, onların hazırladıqları veriliş və filmlərə baxmaq adama zövq verirdi. Mən Ə.Abdullayevlə bir redaksiyada çalışanda bu zövqün nə olduğunu incəliyinədək anladım.
O, hər şeyə peşəkar yanaşırdı, xasiyyətcə nə qədər yumşaq, mülayim, nəzakətli və nə qədər yüksək mədəniyyət sahibi idisə, diletantlığa qarşı da bir o qədər barışmaz idi. Həqiqi rejissuranın nə olduğunu hazırladığı verilişlərdə parlaq şəkildə nümayiş etdirirdi. Onunla birgə işimizdən sonra mən adını rejissor qoyub, amma baş girləyən bu qədər adamın olmasına çox heyrətləndim.
Bizim 4-5 nəfərdən ibarət kiçik qrupumuz var idi. "Planetimizin mənzərəsi" kimi gündəlik və "Qitələr, hadisələr" adlı həftəlik beynəlxalq proqram hazırlayırdıq. Əhmədin gəlişi ilə əl-qolumuz açıldı. Əvvəlcə "Azərbaycan dünya meridianlarında" proqramını, sonra isə birbaşa Əhmədin təşəbbüsü ilə "Müharibə, yoxsa sülh" adlı silsilə publisistik veriliş açdıq. Yadımdadır ki, o zaman siyasi icmalçılarımızdan biri, mərhum professor Murtuz Ələsgərov bu verilişi çox bəyənirdi. Murtuz müəllim bu barədə bir neçə məqalə yazmışdı və tez-tez deyirdi ki, Əhmədin bu verilişinə dövlət mükafatı vermək lazımdır.
Doğrudan da, bütünlüklə sənədli kadrlar əsasında hazırlanan "Müharibə, yoxsa sülh" verilişi o vaxt məhz Əhmədin ciddi səyləri sayəsində başa gəlirdi. O, ürəyini qoyduğu bu verilişlə yaşayır və bizi də yeni axtarışlar aparmağa sövq edirdi.
Bir gün işə gələndə iki rəsm göstərib dedi ki, bunları 4-cü sinifdə oxuyan oğlum Rəşid çəkib. Baxdım və rəngli karandaşlarla çəkilmiş rəsmdə əllərində şar tutub "sülh" yazılan bir yaşıl məkana doğru qaçan uşaqları görəndə heyrətimi gizlədə bilmədim. Çox böyük məmnunluqla deyim ki, həmin rəsmlərin müəllifi olan on yaşlı Rəşid Abdullayev bu gün Hayfada yaşasa da, ölkəmizi bütün dünyada var qüvvəsi ilə təbliğ edir.
Müstəqillik dövründə Əhməd televiziyanın ictimai-siyasi proqramlar redaksiyasında aparıcı telerejissor vəzifəsində çalışmağa başladı. Sovetlər Birliyinin dağılması prosesini, Qarabağ müharibəsinin real və qanlı üzünü, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini lentə aldı, bir çox maraqlı verilişlərin rejissoru oldu. Məncə, hər kəs onun Azərbaycan Televiziyasında yaratdığı "Açıq-Aşkar", "Qanlı Yanvar", "Qarabağ hadisələri", "Laçın", "Şuşa", "Ağdam", "Əsrin müqaviləsi", "Qəsd" və digər televiziya proqramlarını yaxşı xatırlayır.
Əhməd müəllim 12 ildir ki, İsraildə yaşayır. O həm də Azərbaycan mədəniyyətini, incəsənətini, kinosunu həmin ölkədə yüksək səviyyədə təbliğ edən dəyərli ziyalılarımızdan biridir. Eyni zamanda, diaspor hərəkatına fəal dəstək verən soydaşımızdır.
Arada Bakıya gələndə görüşüb dərdləşirik. Mən 40 illik televiziya fəaliyyəti dövründə doğma Azərbaycan torpağını, onun qəhrəmanlıq tarixini, bu gününü təbliğ etməyi bir rejissor kimi öz missiyası sayan bu adama ehtiramımı bildirəndə həmişə deyir ki, görülməli əsas iş qalıb. "Əsas iş" deyəndə Əhməd müəllim neçə illərdir üzərində işlədiyi "Xocalı" sənədli filmini nəzərdə tutur. O, həmin filmin ssenarisini də özü yazıb, müəyyən vacib çəkilişləri də aparıb, indi əsas vəzifə bu əhəmiyyətli işi tamamlamaqdır.
Ümumiyyətlə, Xocalı mövzusu Ə.Abdullayevin yaradıcılığından qırmızı xətt kimi keçir, onun ən həssas yanaşdığı mövzudur. Vaxtilə bununla bağlı silsilə verilişlər də hazırlayıb, amma onları yetərli hesab etmir. Deyir ki, bütün dünyanın baxıb qəbul etməli olduğu filmə ehtiyac var. Ustad rejissor mövzuya fərqli yanaşmanı, ekran dilinin fərqli incəliklərindən faydalanmağı və bir də dünyanın qəbul etdiyi təqdimat tərzini vacib sayır.
Xocalı ilə bağlı bir epizodu da yaxşı xatırlayıram. Mənim də daxil olduğum çəkiliş qrupu Xocalıda qalmışdı və oradan çıxmaq üçün çox çalışırdıq, amma alınmırdı. Mühasirədə qalmış 4-5 minlik əhalisi olan şəhərə uzun müddət idi ki, vertolyot uçmurdu. Artıq işlədiyimiz televiziyada da bizimlə bağlı bəd şayiələr yayılmışdı. Ona görə də biz Xocalıdan birtəhər qayıdıb gələndə çoxları bizə o dünyadan qayıtmış adam kimi təəccüblə baxırdı. Onda Əhməd müəllimin məni necə qarşıladığını, doğma adamı kimi bağrına basanda çiyinlərinin necə xəfifcə tərpəndiyini və göz yaşlarını saxlaya bilmədiyini bu günədək unuda bilmirəm...

Advertisement Banner

Şərhlər

Çox oxunanlar