Türkiyədə Novruz bayramına həsr olunmuş Azərbaycan Mədəniyyət Gecəsi keçirilib
22.03.2025 15:27 Dünyadan reaksiya 2103

21 mart tarixində Türkiyənin Manisa şəhərində Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilən Novruz bayramına həsr olunmuş Azərbaycan Mədəniyyət Gecəsi , baharın gəlişi və iki ölkə arasında qardaşlıq bağlarını vurğulayan möhtəşəm bir tədbirlə yadda qaldı. Tədbir Manisa İrfan Məclisində baş tutdu və Manisa Böyükşəhər Bələdiyyəsi ilə Yunusemre Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirildi.
Azərbaycanın tanınmış sənətkarları gecəyə xüsusi rəng qatdı. Tədbirin aparıcılığını AVAZ Televiziya Muğam müsabiqəsinin rəhbəri Zərifə Çobanzadə uğurla həyata keçirdi. Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyeva , səhnədə öz möhtəşəm ifaları ilə gecəni unudulmaz etdi və qonaqların böyük rəğbətini qazandı. Bununla yanaşı, Aylin İbrahimova öz zərif səsi ilə qəlbləri fəth etdi. Tar ustası Ramin Arzumanlı, və nağara sənətkarı Şaiq Bağırov və kamança ustası Rüstəm Hacıyev öz sənətləri ilə iştirakçıların böyük alqışını qazandı.
Tədbir Manisa Azərbaycan Mədəniyyət Evinin sədr müavini Yalçın Taşdemir in açılış nitqi ilə başladı. Daha sonra şəhidlər bir dəqiqəlik sükutla yad edildi və Azərbaycanın və Türkiyənin milli himnləri oxundu.
Manisa Azərbaycan Mədəniyyət Evinin sədri Seyfəddin Ayakyay çıxış edərək Novruzun tarixi əhəmiyyətindən, mədəni dəyərlərindən və iki ölkə arasındakı mədəni əlaqələrdə oynadığı rolundan bəhs etdi. O, tədbirə dəstək verən Manisa Böyükşəhər Bələdiyyəsinə və Yunusemre Bələdiyyəsinə təşəkkürünü bildirdi.
Gecənin sonunda, tədbirə töhfə verən iştirakçılara plaketlər təqdim olundu. Bununla yanaşı, Azərbaycanın Media Araşdırmaları və İzləmə Mərkəzinin sədr müavini Arzu Qocayev xüsusi plaketlə təltif olundu. Qocayev çıxışında təşəkkürlərini ifadə edərək, mərkəzin sədri Zaur Qəriboğlunun sevgi və salamlarını tədbir iştirakçılarına çatdırdı.
Novruz bayramına həsr olunmuş bu tədbir, dostluq və mədəniyyət ruhunu bir daha vurğulayaraq Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarını möhkəmləndirdi. Musiqi, incəsənət və mədəniyyət dolu bu gecə, iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq.
Şərhlər