Efiopiyalı jurnalist Azərbaycandan yazdı

03.12.2015 12:38     A-reaksiya     2246

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Münaqişə tərəfi Azərbaycan– Həqiqətlər və Reallıqlar” layihəsi zamanı rəsmi səfərdə olan Efiopiyanın ən böyük oxucu kütləsinə malik dövlət qəzeti “Əddis zəmən” qəzetinin baş redaktorunun müavini Araya Getaço ölkəmizin inkişafı və iqtisadi qüdrəti, zəngin mədəniyyəti, geostrateji əhəmiyyəti və güclü dövlətçiliyimiz barədə silsilə məqalələr dərc edib.

Reaksiya.az xəbər verir ki, Araya Getaço Azərbaycanlıların torpağı: “Bir çox haqsızlıqlarla üzləşən tarixi Millət” adlı məqaləsində Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizlik olan torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsindən və 1 milyon azərbaycanlının tarixi torpaqlarından qovulmasından bəhs edir. Müəllif məqalədə efiop atalar sözü ilə başlayaraq, “Sülh şəraitində yaşamağım üçün qonşuluğumu sülh şəraitində saxlamağa çalışmalıyam, amma nə qədər də sülhsevər olsam da qonşumun sülhü sevməməsi və istəməməsi mənim də bu istəyimi sarsıdır”. O, azərbaycanlıların bu gün məhz bu problemlə üzləşdiyini xüsusi vurğulayır. Hərbi diktatura tərəfindən idarə olunan Ermənistanın azərbaycanlılara qarşı etdiyi zülmün şəxsən şahidi olan efiop jurnalisti dağ yəhudilərinin məskunlaşdığı Quba məzarlığında olduğunu və Ermənistan tərəfindən 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri Soyqırım qurbanlarının kütləvi məzarlığını ziyarət edərkən vahimə içində olduğunu vurğulayır. Azərbaycan Hökumətinin bu qurbanların xatirəsinə hörmətlə yanaşdığını və bütün dünyanın bu cinayətlərin şahidi olması üçün Abidə-Memorial Kompleks ucaltdığını qeyd edir. Müəllifin bu cinayətlərdən dəhşətə gəlməsi məqalədə aydın şəkildə hiss olunur.

Ermənistanın Azərbaycan xalqına etdiyi zülmü əks etdirən digər abidə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Bu Xocalı Abidəsidir. 1992-ci ilin 26 fevral tarixində saat 23.00 –da Azərbaycanın Xocalı şəhərinə hücum edən erməni əsgərlərinin 613 azərbaycanlını, onlardan 83 uşaq, 106 qadın və 70 yaşlını vəhşicəsinə qətl etdiyini qeyd edən efiop jurnalisti 1245 azərbaycanlının əsir düşdüyünü və onlardan 150 azərbaycanlının bu günədək aqibətinin bəlli olmadığını vurğulayır.

Azərbaycanlılara qarşı ədalətsizliyin burada bitmədiyini yazan müəllif Ermənistan ordusunun etdikləri cinayətlərin olduqca çox olduğunu anladığını bildirir. Maraqlısı budur ki, Azərbaycanda apardığı söhbətlər zamanı müəllif azərbaycanlılarda ermənilərə qarşı kin və nifrət hisslərinin olmadığını qeyd edərək, bütün bu cinayətlərin Ermənistanı idarə edən hərbi rejim tərəfindən törədildiyini bildirir və hazırda ermənilərin Azərbaycanda əmin amanlıq şəraitində yaşadıqlarını vurğlayır.

Jurnalist Araya Getaço Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayaraq, bu torpaqların Ermənistanın hərbi xuntası tərəfindən işğal edildiyini və bu işğal nəticəsində 1 milyon azərbaycanlının öz torpaqlarından qovulduğunu bildirir. Bu çətinliklərə baxmayaraq, Azərbaycan Hökumətinin qaçqın və məcburi köçkünlər üçün müasir evlər, məktəblər inşa etdiyini və iş yerləri ilə təmin etdiyini bildirir.

Azərbaycan hökumətinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara sülh danışıqlarının aparılması ilə bağlı müraciət etdiyini vurğulayan jurnalist beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, 20 ildən artıqdır ki bu qətnamələrin Ermənistan tərəfindən icra edilmədiyini bildirir.

Efiopiyalı jurnalist Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının digər rəsmiləri və həmçinin ictimaiyyət

nümayəndələri ilə görüşlərini və söhbətlərini xatırladaraq, Azərbaycan tərəfinin Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edir, lakin Azərbaycanın öz torpaqlarını istənilən vasitələrlə azad etmək gücündə olduğunu bildirir. Azərbaycan rəsmilərinə, ictimaiyyət nümayəndələrinə və həmkarları olan jurnalistlərə istinad edən efiopiyalı jurnalist dünya ictimaiyyəti tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edilən Ermənistanın işğalı altında olan torpaqlarımıza məhz Azərbaycan xalqının haqqı olduğunu yazır.

Məqalədə Azərbaycanda son gününü təsvir edən müəllif Heydər Əliyev Mərkəzindən yüksək təəssüratını bölüşərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan tarixi muzeylərində olduğunu və Mərkəzin ən müasir texnologiya ilə təchis edildiyini qeyd edir. O, Efiopiya xalqının milli lideri Meles Zenavi Fondunun Azərbaycanın təcrübəsindən yararlanması vacibliyini qeyd edərək, onların Azərbaycana səfər etmələri və Azərbaycanın təcrübəsini öyrənmələrinin zəruriliyini bildirir.

Azərbaycan kimi gözəl bir ölkə ilə ayrıldığını qeyd edən jurnalist Araya Getaço Əddis-Əbəbəyə döndüyünü və Azərbaycan dilində Sağ ol deyərək, Yaşasın Azərbaycan! kəlmələri ilə məqaləsini bitirir.

Şərhlər

Çox oxunanlar