“Ermənistandan “Maydan” inqilabını gözləmək yersizdir” - Politoloq

24.06.2015 17:35     A-reaksiya     2237

“Ermənistandakı hadisələri Ukraynadakı “Maydan” hadisələri ilə eyniləşdirmək və ya müqayisə etmək yanlış yanaşmadır”.

Bunu Reaksiya.Az-a açıqlamasında politoloq, “Cənubi Qafqaz Politoloqlar Klubu”nun rəhbəri İlqar Vəlizadə bildirib.

O bildirib ki, Ermənistandakı hadisələr geopolitik proseslərə çox da ciddi təsir göstərməyəcək: “Ermənistandakı etirazlarda Qərb institutlarının və müxalifətin rolu olmadığı məlumdur. Bu, sadəcə narazı insanların sosial etirazıdır və bu etirazlar getdikcə dərinləşərsə, o zaman hansısa geopolitik güclərin proseslərə müdaxiləsindən söz gedə bilər.  Hər şey Sarqsyanın vəziyyəti nəzarətə saxlamaq üçün atacağı addımlardan asılıdır. Onun əmri ilə qoşunların Qarabağdan İrəvana toplaşması hərbi gücün də tətbiq olunacağını istisna etmir. Rusiyanın siyasi dairələri açıq şəkildə tərəf tutmasalar belə, Rusiyanın hərbi rəhbərliyinin, eləcə də Gümrüdəki kontingentin bu istiqamətdə hakimiyyəti dəstəkləyəcəyini gözləmək olar”.

O vurğulayıb ki, Ermənistanda Rusiyanın nüfuz dairəsi güclüdür və təhlükəsizlik baxımından Rusiya amilinin əhəmiyyətini erməni siyasilər yaxşı anlayır: “Ona görə də, Ermənistanda anti-rus əhval-ruhiyyəsinin dərinləşəcəyini və ölkənin mövqe dəyişməsinə gətirib çıxaracağını düşünmürəm”.

İ.Vəlizadə əlavə edib ki, Ukraynada baş verən proseslərdə Qərb güclərinin rolu və dəstəyi açıq hiss olunurdu, Ermənistanda isə heç bir Qərb təsiri nəzərə çarpmır: "Bu cür siyasi interpretasiyalar etməyi düzgün hesab etmirəm. Bu proseslərin kəskin şəkildə dərinləşəcəyi və inqilabla nəticələnəcəyi gözlənilən deyil".

 

 

 

Şərhlər