Bu il parlamentdə kimlər təmsil oluna bilər?! - Konkret adlar

25.06.2015 16:58     A-reaksiya     2915

 

Dəyərli oxucular, bilirsiniz ki, “Reaksiya.az” Analitik İnformasiya Portalında “REQ” (Reaksiya Ekspert Qrupu) fəaliyyət göstərir. REQ – in əsas məqsədi ölkəmizdə və dünyada baş verən hadisələrə analitik yanaşmaqdır. Bu gündən etibarən REQ – in “REQ+” layihəsinə start veririk. “REQ+” müxtəlif vaxtlarda REQ – in rəhbəri Mehriban Zeynalova, “Reaksiya.az” portalının direktoru Zaur Qəriboğlu olmaqla, hər dəfə fərqli sferalarda fəaliyyət göstərən ekspertlərlə birlikdə dünyada və ölkədə baş verən prosesləri müzakirə edəcək.  Bu dəfəki müzakirənin mövzusu qarşıdan gələn parlament seçkiləri və həmin seçkilərdən Azərbaycan ictimaiyyətinin gözlədikləridir.

Zaur Qəriboğlu: -Mehriban xanım, hal – hazırda ölkəmizdə I Avropa Oyunları keçirilir. Bu oyunları yəqin ki, izləyirsiniz. Açılış proqramı ümumiyyətlə, mükəmməl hazırlanmışdı. Xalqımızın milli mədəniyyət abidələri bütövlükdə bu Oyunların açılış mərasimində öz əksini tapdı. Fikirlərinizi bilmək maraqlı olardı bizim üçün... 

Mehriban Zeynalova: -Mən düşünürəm ki, Avropa Oyunları ümumilikdə Avropa və bütün Azərbaycan üçün böyük önəm daşıyır. Bu oyunların keçirilməsi ilə ölkəmiz öz idman potensialını bütün Avropa qitəsinə əyani şəkildə nümayiş etdirir. Eyni zamanda Azərbaycan özünün mədəniyyəti, mətbəx və turizm imkanlarını da nümayiş etdirir. Bir çox əcnəbi dostlarımız Bakıda olduqdan sonra qeyd edirlər ki, Azərbaycanda olub və bizim ölkəni sevməmək olmaz. Qarayaxma kampaniyaları həmişə olub, bu ölkəmizə qarşı həyata keçirilən 1-ci və ya sonuncu belə bir kampaniya deyil. Hər bir ölkə böyük idman və ya mədəniyyət tədbirlərinə ev sahibliyi etdikdə onun adına, ona aid yüzlərlə ittiham uydurulur. Bu kimi kampaniyalara cavab olaraq, birlikdə gözəl bir idman bayramı keçirməyimiz lazımdır. Siyasət arenasında mövcud bəzi qüvvələr ölkəmizin gücü-qüdrəti, imkanları və inkişafı ilə heç cür razılaşa bilmirlər. Bu onları qıcıqlandırdı və nəticə etibarı ilə Oyunlardan öncə mənfi obraz yaratmağa köklənmiş qara PR kampaniyaları başladılar. Amma elə Bakı 2015 İlk Avropa Oyunları öz açılışı ilə belə tarixə düşdü. Bu Oyunlar bütün Avropa idman sahəsində yeni idman standartları yaradacaq və ümumi idman sahəsinin yeni inkişaf mərhələsi olacaq.

Zaur Qəriboğlu: -Mehriban xanım, qarşıdan parlament seçkiləri gəlir. Parlamentdə elə millət vəkilləri var ki, biz hələ də bu beş ildə bir dəfə belə olsun, adını eşitməmişik. Geriyə qalan az sayılı millət vəkilləri isə ancaq və ancaq öz reklamları ilə məşğul olurlar. Millət vəkili kimdir, millətin maraqlarını qoruyan şəxs. Millət vəkili kimdir, millətinə xidmət etməyə borclu olan şəxs. Mən şəxsən düşünürəm ki, bu tipə uyğun gələn insanlar bu seçkilərdə seçiləcək və milləti Milli Məclisdə təmsil edəcəklər. İllərdir siz də ictimai sferadasınız. Bu seçkiləri illərdir ictimai sferada olan birisi kimi necə görürsünüz?

Mehriban Zeynalova: Məncə, bu parlament seçkiləri olduqca demokratik, tam ədalətli və şəffaf bir şəkildə keçiriləcək. Həm də bu parlament seçkiləri sözün həqiqi mənasında əvvəlki keçirilən seçkilərdən daha demokratik, daha mükəmməl bir şəkildə keçiriləcək. Çünki, artıq Azərbaycan əvvəllər keçirilən seçkilərdə kifayət qədər təcrübə toplayıb və bu da təbii ki, ölkəmizin müsbət imicinin formalaşması üçün əsas amillərdən biridir. Və bu il keçiriləcək parlament seçkilərində sözün həqiqi mənasında Vətənini, millətini, dövlətini sevən, xalqı ilə hesablaşmağı bacaran insanlar millət vəkili adını qazanıb, Milli Məclisə seçilib xalqın problemləri ilə maraqlanacaqlar. Bir şeyi qətiyyən unutmamaq lazımdır ki, hər bir seçkinin özü bir hesabatdır. Namizəd var ki, seçicinin qarşısına çıxa biləcək, namizəd də var ki, bunu bacarmayacaq. 5 il ərzində susan, millət vəkili seçildiyi dairənin problemləri ilə maraqlanmayan millət vəkili maraqlıdır ki, seçicilərin ona ünvanladığı suallara hansı cavabı verəcək. Bu bir neçə amillə bağlıdır. Parlamentdə seçiciləri necə təmsil edib, seçicilərin problemlərinin həll edilməsi, onların ərizə və şikayətlərinə baxılması istiqamətində hansı işlər görüb? Bunların hamısı təbii ki, seçkilərdə rol oynayacaq. Seçkinin özü uzun bir prosesdir və namizəd, millət vəkili seçicisi ilə daim ünsiyyətdə olmalıdır. Seçicilərin arzu və istəklərini bu və ya digər şəkildə aidiyyəti orqanlara çatdırmalıdır.

Oktay Hacımusalı: Ümumiyyətlə, millətvəkili necə olmalıdır sizin nəzərinizdə?

Zaur Qəriboğlu:-Məncə, seçici baxmalıdır ki, onu kim təmsil edir? Hər kəs özünə cavabdehdir. Hər halda millət vəkili birinci növbədə vicdanı qarşısında təmiz olmalıdır. Ən azından hər ayda bir dəfə belə olsa, hansı şərtlərdə olursa-olsun, həm əhalinin, həm də seçicinin ehtiyac duyduğu bütün məsələlərə diqqət yetirməyə çalışılmalıdır. Bütün hallarda seçicisinin problemini diqqətdə saxlamalıdır. Millət vəkili seçici qarşısında məsuliyyət daşımalıdır. Bunun da qarşılığını yəqin ki, insanlardan alacaqlar. Yəni, xalqın gözü tərəzidir. Kim yaxşı işləyir, yaxşı qarşılıq alacaq, kim pis işləyirsə töhmət alacaq və növbəti parlament seçkilərində seçilməyəcək. Mən yaxşı çalışan millət vəkillərinə millət vəkili Elxan Süleymanovu, Çingiz Qənizadəni və Əli Məsimlini qeyd edə bilərəm. Bilirsiniz ki, mən uzun illər Elxan Süleymanovun rəhbəri olduğu AVCİYA – nın nəzdində fəaliyyət göstərən, “KarabakhİNFO.com” Beynəlxalq elektron jurnalının baş redaktoru olmuşam. Məhz bu üzdən Elxan Süleymanovun millət vəkili kimi fəaliyyətini yaxından izləmək imkanım olub. Onun Şamaxıda seçki qərargahı var. Hər bir seçici ora yaxınlaşıb, problemini danışa bilir və millət vəkili dərhal müdaxilə edib, gücü çatdığı qədər köməklik göstərə bilir. Düşünürəm, millət vəkili belə olmalıdır, öz seçicisinə sayğı ilə yanaşmalı, onun problemlərini dinləməli və əlindən gələni əsirgəməməlidir. Yoxsa, elə millət vəkilləri var ki, seçici bir dəfə üzünü seçki vaxtı görür, o da seçki kompaniyası üçün çəkdirdiyi şəkildə. Heç vaxtdı da yanlarına düşmək mümkün deyil. Cangüdənləri, bahalı maşınları... Anlamıram, bunlar kimdən gizlənirlər, kimdən qaçırlar?! Ümumiyyətlə, bu stereotip götürməlidir. Hər bir millət vəkilinin də, məmurun da vəzifəsi xalqdan gizlənib, bahalı maşınlarda, lüks otaqlarda oturmaq yox, xalqın içində olub, ona xidmət etmək olmalıdır. Buna misal, yuxarıda da qeyd etdiyim kimi Əli Məsimlini və Çingiz Qənizadəni göstərə bilərəm ki, mən şəxsən, dəfələrlə bu şəxsləri ictimai nəqliyyatdan istifadə edərkən, yolda sual verən insanları dinləyərkən görmüşəm. Bəzən, bizim elə millət vəkillərimiz var ki, düşünürlər onlar hardan seçiliblərsə, həmin ərazinin millət vəkilidirlər. Kökündən yanlışdır, görünür, onların bəzilərinin ümumiyyətlə millət vəkili anlayışları yoxdur, təsadüfən gəlib düşüblər məclisə. Millət vəkili 125 seçki dairəsinin hər hansı birindən seçilən, Azərbaycan Respublikasının Milli Məclisinin üzvüdürlər. Yəni, ümumilikdə bu millətin hüquqlarını müdafiə edən şəxslərdir. Mən bir misal da gətirmək istəyirəm, bir neçə il bundan öncə Elxan Süleymanov öz millət vəkili maaşını vermişdi ki, Gornaboy rayonunda bir şəhid ailəsi toy edir, bunu mənim adımdan həmin toya dəstək məqsədi ilə aparın. Yəni bu bir millət vəkilinin ümumi insanlara yanaşmasıdır. Mən demirəm, bütün millət vəkilləri pul paylamalıdır. Bu da yalnışdır. Millət vəkili insanların hüquqlarını müdafiə etməli, onlara xidmət etməlidir.

Mehriban Zeynalova: Oktay bəy, məncə, Milli Məclisin deputatı olacaq şəxs eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması, bir sıra hüquqi aktların qəbulu zamanı öz fikirlərini və təkliflərimi səsləndirməyi də bacarmalıdır. Amma bəlkə də ən əsası isə nə fəaliyyəti zamanı, nə də seçki kampaniyası zamanı heç kimə yalandan vəd verməməlidir. Yaşlılara bir övlad, yaşıdlarına isə bir yoldaş kimi nə köməklik lazımdırsa onu etməlidir. Bu millət vəkilliyindən daha öncə onun insan kimi borcudur. Bir şeyi də unutmamalıyıq ki, Milli Məclis qanunverici orqan olduğundan, orda fəaliyyət göstərən millət vəkilləri qanunlardan xəbərdar olmalı, cəmiyyətdəki sosial yönümlü problemləri bilməli və cəmiyyətin həssas elektroratı ilə işləməyi bacarmalıdırlar. Belə olan təqdirdə, parlamentdə qəbul olunan qanunlar işlək mexanizmə sahib olacaq, millət vəkilləri bir - birindən maraqlı təkliflər edərək, cəmiyyətin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər. Seçici millət vəkilini Milli Məclisin qabağında axtarmamalı, ona bir başa çıxışı olmalıdır. Düzdür, seçicilərinin hər birinin bütün problemlərini həll etmək deputat üçün çox çətindir və demək olar ki, mümkünsüzdür. Amma millət vəkili də seçicilərinin sosial problemlərini bilməlidir, yalnız bunu unutmamalıyıq ki, deputatın fəaliyyəti Milli Məclisdə çıxış etməkdən ibarət deyil. Deputatlardan birinin adı “lal deputatlar” siyahısında ola bilər. Amma həmin deputatın öz ərazisi üzrə, təmsil olunduğu beynəlxalq təşkilatlarda gördüyü böyük işlər var. Bunları da nəzərə alaraq belə fikirlər səsləndirmək, siyahılar hazırlamaq lazımdır. Az iş görən deputat var, ancaq heç bir iş görmədən Milli Məclisdə oturan deputat tanımıram düzü.

Zaur Qəriboğlu:-Önümüzdəki seçkilərdə sizin müşahidələrinizə görə kimlər Milli Məclisə seçilə bilər?

Mehriban Zeynalova:-Düzü, bu barədə sadəcə fəhmimə güvənərək, nəsə deyə bilərəm. Düşünürəm ki, xalq yazıçı Çingiz Abdullayev xeyli aktivdir və durmadan reklam olunur. Yenə də deyirəm ki, bu mənim şəxsi düşüncəmdir. Daha bir neçə nəfər var ki, hər halda onlar da konkret zamanlarını gözləyirlər.  

Oktay Hacımusalı:-Özünüzü necə millət vəkili kimi görürsünüzmü?

Mehriban Zeynalova: -Düzü hələ bunu demək bir az tezdir...

 

 

Şərhlər