"Şahın müəmması": İranda şah haqqında teleserial niyə tənqid edilir?
22.01.2016 23:06 A-reaksiya 1763
İranda dövlət televizyası keçmiş ölkə şahı Məhəmməd Rza Pəhləvinin həyatından bəhs edən serialda “yol verilmiş tarixi xətalara” görə kəskin tənqid olunur.
İRTV1 kanalı ilə ötən noyavbr ayından yayınlanan “Şahın müəmması” adlı serial 1938-ci ildən 1979-cu ildə şahın devrilməsinədək olan tarixi dövrü əks etdirir.
Lakin belə görünür ki, əvvəlcədən verilmiş reklamlarına baxmayaraq, teleserial köhnə rejim barədə inandırıcı təsəvvür yarada bilməyib.
Ali rəhbər də tənqid edib
İnqilabdan bəri çəkilmiş televiziya seriallarında və filmlərində Pəhləvi sülaləsi (1925-1979) , devrilmiş şah və onun atası Rzanın hakimiyyətinin (1925-1941) ifşası əsas mövzulardan biri olub.
Lakin indi İslam Respublikasının əsas ruporu olan dövlət televiziyası inqilabdan 37 il sonra mövzuya “qərəzli” yanaşmasına görə tənqidlə üzləşib.
İranda şah və onun hakimiyyəti dövrü ilə bağlı məsələlər sosial mediada geniş müzakirə olunur. Xüsusilə də gənc istifadəçilər şah rejiminin devrilməsinə həqiqətən də ehtiyac olduğunu şübhə altına alır və deyirlər ki, əgər məqsəd azadlıq əldə etmək idisə, şahın devrilməsi ilə bu məqsədə çatılmayıb.
Cəmiyyətdə yaranmış belə meyllərə görədir ki, İranın ali rəhbəri Ayətullah Əli Xamneyi İRİB rəhbərliyi ilə görüşündə deyib: “Xalqımızın keçmiş despotik və korrupsiyalı rejim haqqında müəyyən təsəvvürləri var. Amma “yumşaq müharibə” prinsipi ilə bu eybəcər, murdar və qaranlıq tarixi səhifəni şərəfli keçmişə döndərmək istəyənlər var. Düşmənlər keçmişə olan münasibəti dəyişməyə çalışırlar və iddia edirlər ki, İslam İnqilabına ehtiyac yox imiş”.
"Şahın müəmması” serialı həqiqətən də İranın öz ənənəvi düşmənləri ilə “yumşaq müharibə” apardığı dövrə təsadüf edir.
"Tarixə uyğunluq"
Yeni serialın internet saytında deyilir ki, film tarixi faktlara 100 faiz uyğun çəkilib.
İRİB kanalı üçün bir neçə tarixi seriallar çəkmiş rejissor Məhəmməd Rza Vərzi deyib ki, filmdə keçmişin bir sıra faktlarına tənqidi yanaşma yer alıb.
"Heç bir qərəzə yol vermədən biz ikinci Pəhləvi şahının ölkəni necə idarə etməsini və cəmiyyəti ona qarşı qiyam qaldırmağa sövq edən səbəbləri göstəririk” – deyib rejissor.
Başqa bir müsahibəsində Vərzi bildirib ki, məqsəd tarixi faktları gənclərə çatdırmaqdır.
Serial yaradıcıları iftixarla deyirlər ki, onların film üçün seçdikləri aktyorlar tarixi şəxsiyyətlərə bir almanın iki yarısı qədər bənzəyir.
80 hissədən ibarət olan serial hər cümə efirə verilir. Serialın öz internet saytında verilən məlumata görə, o 700 müxtəlif məkanda çəkilib və çəkilişdə 600-dək aktyor iştirak edib.
Bu da bildirilir ki, serial 20 milyard tümənə və ya 55 milyon dollara başa gəlib.
"Səhvlər"
Bir neçə seriyanın efirə verilməsindən sonra bəzi internet saytları serialı “keyfiyyətsiz diktor mətninə”, “süjetin zəifliyinə” və Pəhləvilərin tarixinə yalnız mənfi tərəfdən yanaşıldığına görə tənqid ediblər.
Lakin serial ən çox “tarixi xətalarına” görə tənqid edilir. Bəzi internet saytları filmin yaradıcılarını faktları yaxşıca yoxlamamaqda və tarixi “saxtalaşdırmaqda” ittiham edirlər.
Məsələn, 1939-cu ili təsvir edən seriyada əsas qəhrəmanlardan biri fars xəttalığı ilə məşğul olarkən təsvir edilib, lakin onun köçürdüyü mətn 1990-cı illərdə yazılmış şeirdir.
1941-ci ilin hadisələrinə həsr olunmuş başqa bir seriyada isə tanınmış musiqiçi Ruhulla Xaleqinin obrazı görünür. O yaşlı bir adam kimi təsvir edilir, halbuki hadisələrin baş verdiyi vaxt onun 35 yaşı olub.
"İsraf olunan pul"
Bu yaxınlarda, tez-tez teleşoularda görünən mühafizəkar din xadimi Şahab Moradi də bu filmi “xalqın boş yerə xərclənən pulları” ifadəsi ilə tənqid edib.
"Bu serialdakı dialoqlar inandırıcı deyil” - deyib Moradi ikinci dövlət telekanalı İRTV2-nin canlı efirində.
O deyib ki, serialda şah “homoseksual və zəif adam” kimi təsvir edilib. Onun fikrincə belə yanaşma “bütün dünya güclərinin dəstəklədiyi güclü Pəhləvi rejimini devirmiş İslam inqilabının lideri Ayətullah Xomeyninin nailiyyətlərini kiçildir”.
İRİB-in keçmiş direktor müavini Əhməd Purnejati də filmdəki tarixi “xətaları” tənqid edib. O deyib ki, tamaşaçı rəyləri filmin, auditoriyanın qəlbini ələ ala bilmədiyini nümayiş etdirir. “Serialdan məqsəd Pəhləvi rejiminə nifrət və qəzəb oyatmaq idi, lakin bunun əksi baş verib” - deyib Purnejati Parsine internet saytına.
"Dramatizm"
Artmaqda olan tənqidlərə cavab olaraq serialın internet saytı israr edir ki, film tamamilə tarixi faktlara əsaslanır. Bəzi tarixi şəxsiyyətlərin onların real yaşından daha qoca göstərilməsinə gəlincə isə, serialın yaradıcıları iddia edirlər ki, bu, bilərəkdən “dramatizmi” artırmaq üçün edilib.
Rejissor həmçinin onu keçmiş monarxiya rejiminə hüsn-rəğbətdə ittiham edənlərin iddialarını rədd edir.
İRİB-in mətbu orqanı olan “Cam-e Cəm” qəzeti tənqidləri “ədalətsiz” və “yersiz” adlandırıb.
Şərhlər