Britaniya mətbuatı: Moskvada “Lenin” ləqəbli agent niyə itib?

24.01.2016 17:02     A-reaksiya     2581

“Litvinenkonun qatilləri” hələ də plutonium izi buraxırlar

“The Telegraph” qəzeti yazır ki, keçmiş Rusiya casusu Litvinenkonun qətlində şübhəli bilinən Luqovoy və Kovtun Britaniyanın Moskvadakı səfirliyində özlərindən sonra radioaktiv plutonium-210 izi buraxıblar.

Onlar, qətldə ittiham edildiklərindən səfirliyə narazılıqlarını ifadə etmək üçün gəlibmişlər.

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Paul Knott ilk dəfə olaraq mətbuata bildirib ki, Luqovoy və Kovtunun səfirliyə gəlməsindən sonra missiyanın otaqlarında radioloqlar ölçü götürüblər.

Əsas şüalanma mənbələri bu iki nəfərin əyləşdikləri stullar olub.

Radiasiya, həm də səfirliyin qəbul otağında qeydə alınıb. Luqovoy orada öz mobil telefonunu qoymuşdu.

Diplomat bildirib ki, məhz bu epizod sonradan bu iki nəfərin qətldə ittiham edilməsində əsas rol oynayıb.

Cənab Knott xatırlayıb ki, səfirlik Moskva-London reysində radioaktivlik ölçülərin götürüləcəyini elan etdikdən sonra uçuş Rusiya Nəqliyyat Nazirliyi tərəfindən ləğv olunub.

Sonradan bəlli olub ki, söhbət Luqovoy və Kovtunun Londona uçmalı olduqları təyyarələrin birindən gedirmiş.

Britaniyada ötən həftə nəticələri elan edilmiş təhqiqat hesabatında Luqovoy və Kovtun Litvinenkonun qatilləri elan ediliblər.

Cənab Knott səfirlikdəki həmkarlarını şübhələndirib həyəcanlandırmamaq üçün onlara açarını itirdiyini və indi onu axtardığını söyləyibmiş.

Keçmiş diplomat təyyarə reysinin ləğv edilməsindən sonra Rusiya dövlətinin Litvinenkonun qətlində əli olması nəticəsinə gəlib. Beləki, təyyarə reysi yalnız dövlət səviyyəsində ləğv oluna bilərdi.

“The Telegraph” yazır ki, diplomatın açıqlamaları Britaniyada başqa bir rusiyalının ölümünün araşdırılmasına ictimaiyyət tərəfindən çağırışları daha da gücləndirəcək.

Söhbət özünün İngiltərədəki 3 milyon funt sterlinqlik evində qəflətən ölən 44 yaşlı Aleksandr Perepeliçnidən gedir.

Cənab Perepeliçni 2012-ci ildə Rusiyadan Londona qaçarkən özü ilə Rusiya dövlət rəsmilərinin korrupsiyasını ifşa edən sənədlər gətirmişdi.

“Lenin”in itməkliyi

“The Telegraph” yazır ki, Britaniya polisi Rusiya biznesmeni Berezovskinin həyatına 2007-ci ildə edilməli olan qəsdin qarşısını ala bilmişdi.

Həmin vaxt Rusiya gizli xidmətlərinə bağlı olan çeçen Mövladi Atlangeriyev şübhəli qismində həbs edilmişdi.

Litvinenkonun qətlinə dair hesabatda deyilir ki, Atlangeriyevin Federal Təhlükəsizlik Xidməti ilə bağlılığı faktdırsa, qalan faktların da həqiqiliyi şübhə doğurmamalıdır.

Bu hesabatda, həmçinin Litvinenkonun qətlinə əmrin çox güman ki, Putin və FTX rəhbəri Nikolay Patruşev tərəfindən verildiyi iddia olunub.

Casus ləqəbi “Lenin” və “Lord” olan Atlangeriev 2008-ci ildə Moskvada oğurlanıb və itkin düşüb. Onun qətlə yetirildiyi düşünülür.

Çoxarvadlı miqrantlara “arvad müavinətləri”

“The Express” qəzeti miqrantlar üçün dövlət müavinətləri sistemini tənqid edən məqalə dərc edib.

Məqalədə deyilir ki, Britaniyada qaçqınlar üçün mövcud müavinət qaydalarına görə çoxarvadlı kişilərə hər bir arvad üçün əlavə müavinət verilməsi nəzərdə tutulub.

Əsasən müsəlman ailələrinə xas olan poliqamiya Britaniyada qanuni nikah kimi etibarlı sayılır. Lakin bunun üçün çoxarvadlı nikahların, belə nikahlara qanunla icazə verilən ölkələrdə bağlanması əsas şərtdir.

Hazırkı qaydalara görə ər və onun birinci arvadı əsas müavinətə əlavə olaraq yardım kimi 115 funt sterlinq (262 manat) alırlar.

Bir dam altda yaşayan növbəti arvadlara isə adambaşına əlavə olaraq 40 funt sterlinq (91 manat) verilir.

Qəzet yazır ki, yeni müavinət sistemində poliqam nikahlar qəbul edilməsə də, qanunda iri bir “boşluq” buraxılıb.

Yeni qaydalar da ərlə birinci arvadın müavinət almasını nəzərdə tutur. Sadəcə “boşluq” bundan ibarətdir ki, yeni qaydalara görə ikinci, üçüncü və N-ci arvadlar ayrılıqda “normal adam” müavinəti ala biləcəklər. Bu isə artıq 40 funt yox, daha çoxdur.

Dəqiq statistika olmasa da, bəzi mənbələr Britaniyada 20 min poliqam ailənin olduğunu göstərir.

Qəzet yazır ki, bu hesabla hər bir müsəlman kişidən olan təxminən 20 uşağa da uşaq müavinətlərinin verilməsini nəzərə alsaq, çox gülünc vəziyyət yaranar.

Ər arvadına qızlıq pərdəsi istəyir

Azərbaycanda yaxşı tanınan baronessa Carolina Cox çoxarvadlı ailələrdə yaşanan bəzi rüsvayçılıqlardan danışıb.

O deyib ki, 63 yaşlı pakistanlı kişi 23 yaşlı arvadını boşamaq istəyirmiş. Məqsəd onu Britaniyaya viza almaq istəyən başqa bir pakistanlı gəncə ərə vermək olub.

Kişi, hətta dövlət səhiyyəsindən qadının qızlıq pərdəsinin bərpası üçün 10 min funt sterlinqlik cərrahiyyə əməliyyatının pulsuz keçirilməsini işləyib.

Baronessa Cox deyib ki, müavinət sistemindəki rüsvayçılığa son qoyulmalıdır.

Facebook dostluqlarının hamısı yalandır

Hərçənd “The İndependent” qəzeti yazır ki, “demək olar, onların hamısı yalançı dostlardır”.

Məqalədə deyilir ki, adamın maksimum 4 dostu ola bilər. Facebook-dakı qalan dostlarınıza gəlincə isə, Allah eləməmiş başınıza bir iş gəlsə, onların heç veclərinə də olmayacaq.

Britaniyada aparılmış yeni araşdırma göstərib ki, Facebook dostlarınızın əksəriyyəti sizin dərdlərinizi bölüşəcək və ya sizə dəstək olacaq adamlar deyil.

Oksford Universitetinin təkamül psixologiyası professoru Robin Dunbar adamların həqiqi və Facebook dostları arasındakı fərqlərə həsr olunmuş araşdırma aparıb.

O bu iki kateqoriya arasında bağlılığın çox az olduğunu aşkara çıxarıb.

Adamın bir dostu, iki dostu…150 dostu olar

Professor deyir ki, hər bir kəsin Facebook-da orta hesabla 150-dək dostu olur. Adamların özləri də etiraf edirlər ki, bunlardan yalnız 29 faizi “xalis dostlardır”.

Araşdırma nəticələrinə görə real həyatda da belədir. Yəni çox vaxt biz emosional bağlılığımız olmayan insanlara da “filankəslə dostam” deyirik. Real həyatda bu adamlarla bəzən aylarla, illərlə görüşməyə bilərik. Amma Facebook fərqlidir. Burada daha çox dosta “əl çatır”.

Son nəticədə Facebook dostları da kateqoriyalara bölünmüş olurlar. Birinci, bizə ən yaxın qrupda üç-dörd nəfər olur, ikinci qrupda 10-15 nəfər və sair.

Növbəti qruplarda bu dostalar get-gedə əriyir. Real həyatda olduğu kimi.

 

Şərhlər

Çox oxunanlar