Rüfət Səfərovdan sonra prokurorluq orqanlarından kimlər istefa verəcəkdi?
24.01.2016 22:04 A-reaksiya 1744
Sabiq müstəntiqin həbsinin arxasındakı gizlinlər bir-bir üzə çıxır
Sabiq müstəntiq, istefa ərizəsi ilə vəzifəsindən çıxıb müxalifətə keçdiyini bəyan edən, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun ev dustaqlığı davam edir. R.Səfərov azadlığa çıxdığı gündən etibarən üzərindəki ev dustaqlığı qərarına görə mediaya hər hansı açıqlama verməkdən imtina edir.
Prosesi yaxından izləyən mənbənin musavat.com-a verdiyi məlumata görə, prosesin arxasındakı gerçək səbəb bəlli olub. Belə ki, istefa verib müxalifətə keçdiyini bəyan edən sabiq müstəntiqə qarşı öncə hər hansı addım atılmayıb. Təxminən 2 ay boyunca susqunluq nümayiş etdirilib. Amma yuxarıların hərəkətə keçməsinə səbəb prokurorluq orqanlarında mühüm vəzifələr tutan şəxslərin R.Səfərovun bu addımını təkrarlayacağı ilə bağlı xəbərlərin yayılması ehtimalından sonra olub. Mənbə iddia edir ki, R.Səfərovun olduqca sıx münasibətdə olduğu 70-80 nəfər prokurorluq işçisi onun bu addımını dəstəklədiyini və ən qısa zamanda belə bir istefa ərizəsi ilə çıxış edəcəklərini bildiriblər: "Sabiq müstəntiqin telefon görüşmələrini və yazışmalarını izləyən qüvvələr bundan xəbər tutaraq narahat olublar", deyə mənbə iddiasını böyüdür.
Mənbənin iddiasına görə, bu xəbərlər get-gedə böyüdüyü ərəfədə R.Səfərov barəsində həbs qərarı verilib. Hətta onu söhbət etmək, şahid qismində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağıranda da bu mövzuda müzakirə olub. Ötən yazıda da eyni mənbənin iddiaları əsasında xəbər vermişdik ki, bu söhbət zamanı ona xeyli sual verilib və səsi canlı şəkildə müvafiq şəxslərə göndərilb. R.Səfərov həmin söhbətində də bildirib ki, onun arxasınca gələnlər olacaq və bu, böyük dalğaya çevriləcək. Mənbənin sözlərinə görə "R.Səfərovu həbs etməklə onun arxasınca gələcək şəxslərin gözünü qorxutmaq istəyiblər. Şahidsiz-sübutsuz quraşdırılan cinayət işi də bu tələsik qərarın nəticəsi olub".
Hazırda isə R.Səfərova mediaya danışmamaqla bağlı sərt göstəriş verilib. Sabiq müstəntiq bu səbəbdən ona gələn telefon zənglərini cavablandırmır. İlk gün öz fikirlərini sosial şəbəkə vasitəsilə yayan R.Səfərov atasının onun hesabına daxil olub, statusunu silməsinə görə də ilk gün qəzəblənib və bununla bağlı bir-birinin ardınca iki status paylaşıb.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Şərhlər