Mətbuat icmalı: - "Azərbaycanda işsiz bankirlər ordusu yaranır"

28.01.2016 20:30     A-reaksiya     1780

"Azərbaycan": "Bank of Azerbaijan"ın 6599 əmanətçisinə 24 milyon manat məbləğində kompensasiya veriləcək

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov yanvarın 28-də “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib ki, "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə yanvarın 29-dan başlanılacaq.

“Ümumilikdə, 7 min 342 nəfər qorunan əmanətçi var, ƏSF tərəfindən 6599 nəfər əmanətçiyə 24 milyon manat məbləğində kompensasiya veriləcək. Kompensasiyalar əmanətçilərə "Muğanbank" ASC-nin, Naxçıvanda isə "Rabitəbank" ASC-nin filialları vasitəsilə veriləcək", - deyə A.Cavadov diqqətə çatdırıb.

...Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib."

"Azadlıq": "Azərbaycan “azad olmayan ölkələr” sırasında da dibə yuvarlanır"

"Freedom House təşkilatının 2016-cı il üçün hesabatı “Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” ( Anxious Dictators, Wavering Democracies: Global Freedom under Pressure) adlanır.

Hesabatda qeyd olunur ki, "Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina etməsi və Birləşmiş Ştatlarda neft hasilatının artması Anqoladan Azərbaycanadək repressiv petrodövlətlərdə ümumun rifahı üçün təhlükə yaradıb.

...Hesabatın “saxta stabillik axtarışında”n bəhs edən hissəsində deyilir ki, 2015-ci ildə Avrasiya dövlətlərində keçirilmiş seçkilərin əksəriyyətində uzun müddətdir iqtidarda olanların qüdrəti nümayiş etdirilib.

Tənəzzül edən iqtidasadiyyat və təhlükəsizlik hədələri ilə üzləşən belə rejimlər özlərini az-çox salamat qalmış müxalifət və fərqli düşüncəyə qarşı səfərbər ediblər.

Freedom House təşkilatının illik hesabatında dünyanın 195 ölkəsi azad, qismən azad və azad olmayan adlı üç qrupa bölünüb.

86 ölkə azad, 59 ölkə qismən azad, 50 ölkə isə azad olmayan kateqoriyasına daxil edilib.

Azərbaycan artıq illərdən bəridir ki, azad olmayan ölkələrin sırasındadır.

...Azərbaycanın da daxil olduğu azad olmayan 50 ölkədə planet əhalisinin 26 faizi və ya, başqa sözlərlə 2, 6 milyard insan yaşayır.

...Qafqazda azad olmayan yeganə ölkə Azərbaycandır.

Bu reytinqə “ərazi” kimi daxil edilmiş Dağlıq Qarabağ da Ermənistan və Gürcüstan kimi qismən azadların kateqoriyasındadır.

Azərbaycan artıq neçənci ildir ki, azad olmayan ölkələrin qrupundadır. Amma “köklü dəyişiklik” hər halda baş verib. Əvvəla, Azərbaycan bu əlli ölkə arasında 7 pillə geriləyərək 35-ci yeri tutub.

Bu qrupda göstəriciləri Azərbaycandan pis olan yalnız iki keçmiş sovet respublikası var – Özbəkistan və Türkmənistan. Rusiya, Belarus və Qazaxıstan Azərbaycandan çox yüksəkdədir.

Hətta İran da göstəricilərinə görə Azərbaycandan yuxarıdadır...

...Maraqlıdır ki, Tacikistan və Azərbaycan hesabatın ölkələrdəki siyasi vəziyyəti təsvir edən bölümündə yanaşı abzaslara düşüblər.

Bu iki ölkədə eyni siyasi proseslər gedir.

Hesabtda deyilir: “Azərbaycanda sıx nəzarət altında keçirilmiş parlament seçkisi vətəndaş cəmiyyəti üzərinə intensiv hücumlar mühitində baş tutub və seçki müxalifətin boykotu şəraitində iqtidarın daha bir mənasız qələbəsi ilə başa çatıb”".

"Azadlıq": Azərbaycanda işsiz bankirlər ordusu yaranır

Yazıda bir sıra bankların birləşəcəyindən söz açılır. Daha sonra qeyd edilir ki, hazırda ölkədə fəaliyyət göstərən 37 bank var. "Bu il ərzində Mərkəzi Bank tərəfindən 6 bankın -“Bank of Azerbaijan”, “Gəncəbank”, “United Credit Bank”, “NBC Bank”, “Qafqaz Inkişaf Bankı” və “Atrabank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Bu, yüzlərlə insanın işsiz qalması deməkdir. Təkcə “Atrabank”ın 13 filialı, 3 şöbəsi və 28 valyutadəyişmə məntəqsi var idi.

Marja.az isə xəbər verir ki, “NBC Bank”ın bağlanması 200 nəfərin işsiz qalması deməkdir.

Şərhlər