“Həndəsədən ilk yararlanan” qədim babilistanlılar olub
29.01.2016 18:53 A-reaksiya 2057
Elmi araşdırmaların nəticələrinə əsasən, riyaziyyatın bir qolu sayılan həndəsədən insanlar, indiyə qədər zənn edildiyindən, azı 1400 il əvvəl istifadə etməyə başlayıblarmış.
Aparılmış tədqiqata əsasən, qədim Babilistanda alimlər gecə səmasında Jupiter planetini izləmək üçün həndəsi hesablamalardan istifadə ediblərmiş.
Son zamanlaradək həmin texnikadan 14-cü əsrdən başlayaraq istifadə olunduğu güman edilirdi.
Yeni araşdırmanın nəticələri Science elmi dərgisində dərc olunub.
Elmi məqalənin müəllifi Berlindəki Humboldt Universitinin professoru Mathieu Ossendrijver deyib ki, o, bu nəticəni gözləmirdi.
“Bu üsuldan elmin bütün sahələrində istifadə olunur, fizika üçün texnika olduqca mühümdür”.
Astronomlar
Qədim babilistanlılar müasir İraq və Suriya ərazilərində yaşayıb.
Babilistan mədəniyyətinin Miladdan 1,800 il əvvəl yarandığı güman edilir.
Gildən hazırlanmış lövhələrdə mixi yazı üsulu ilə həkk olunmuş mətnlər artıq təsdiqləyirdi ki həmin sivilizasiyanın təmsilçiləri astrononmiyadan bir elm kimi yararlana bilirlərmiş.
“Onlar səmada izlədiklərini hesabat şəklində təsvir edə bilirdilər”, professor Ossendrijver BBC-nin Science in Action proqramına bildirib.
“Onlar bunu uzun zaman kəsiyi ərzində, əsrlər boyu ediblər,”o, deyib.
Eyni zamanda son araşdırma göstərib ki, riyazi mənada babilistanlılar öz dövrlərini xeyli qabaqlayıblarmış.
İndiyə qədər mövcud olan təssəvvürə görə, riyazi həndəsədən alimlər ilk dəfə Oxford və Parisdə Orta əsrlərdə istifadə edib.
Onlar əyri xətlər vasitəsilə hərəkət edən obyektlərin sürət və məkan koordinatını müəyyən ediblər.
Lakin indi alimlər hesab edir ki, babilistanlılar bu texnikadan Miladdan 350 il bundan əvvəl istifadə edə biliblərmiş.
Professor Ossendrijver 19-cu əsrdə qazıntılar zamanı aşkar olunmuş və hazırda Britaniya muzeyində saxlanılan Babilistan lövhələrini müayinədən keçirib.
Həmin lövhələrdən aydın olub ki, babilistanlılar Jupiterin gecə səmasında nə zaman peyda olacağını, onun sürəti və keçdiyi məsafəni hesablamaq üçün dörd tərəfi olan trapezoid adlı fiqurlardan istifadə ediblər.
“Həmin fiqurun üst tərəfi sankı sürətə mütənasib bucaq altında kəsilərək Jupiter palanetinin sürətinin zamandan asılı olaraq necə dəyişdiyini göstərir”, o, bildirib.
“Fiqurun horizontal bünövrəsini təşkil edən horizontal xətt zaman xəttidir, zamanı göstərir, dik xətt isə sürətin dəyişməsini əks etdirir”.
“Trapezoidin sahəsi isə Jupiterin orbitdə keçdiyi məsafəni göstərir”.
“Abstrakt sürət-zaman müstəvisində belə hərəkət qrafikinin cızılması həmin dövr üçün tamamilə yeni bir hesablama texnikası olub, o dövrdən əvvəl həmin üsul məlum olmayıb”, alim deyib.
Onun sözlərinə görə, misal üçün qədim yunanlar zaman-sürət konsepsiyası əvəzinə Yer və digər planetlərin səmada koordinatlarına köklənən daha sadə həndəsi üsullardan istifadə ediblər.
BBC-ə danışan professor Ossendrijver həmin texnikadan nə dərəcədə geniş, istifadə olunduğunun məlum olmadığını qeyd edib.
“Ola bilsin ki, həmin lövhəni yalnız bir fərd, hansısa bir dahi yazıb. Ola da bilər ki, həmin üsuldan müxtəlif alimlər geniş sürətdə istifadə ediblər. Gerçəkdə necə olduğunu biz bilmirik”, professor deyib.
Şərhlər