Putin Yaxın Şərqdə kimi xilas edir? - Təhlil

01.07.2015 10:22     A-reaksiya     2595

Moskva “İslam dövləti” ilə mübarizədə yeni koalisiya təklif edir: Rusiya – Suriya – Türkiyə – İordaniya – Səudiyyə Ərəbistanı

 

Reaksiya.Az Rusiyalı analitik Stanislav Taraosovun Regnum-da dərc olunmuş son təhlil yazısını Rüfət Əhmədzadənin tərcüməsində oxuculara təqdim edir:

Yəqin ki, çox az adam ehtimal edərdi ki, Suriya XİN başçısı Valid Muallemin Moskva səfəri öz nəticələrinə görə sensasion olacaq. Amma bununla belə... Kreml standartlardan kənar siyasi gediş etdi ki, onun reallaşşması təkcə Suriya istiqamətində yox, bütün Yaxın Şərqdə hadisələri dəyişə biər.

“Biz hesab edirik ki, terrorizmə və ifrat radikal fəaliyyətə qarşı səmərəli mübarizə üçün regionun bütün ölkələri öz səylərini birləşdirməlidir. Biz regionun bütün ölkələri ilə yaxşı münasibətlər saxlayırıq və bizim münasibətlərimiz onu deyir ki, “İslam dövləti” adlandırılan təşkilatla mübarizəyə hər kəs öz töhfəsini verməyə hazırdır. Bu, Türkiyəyə də, İrodaniya və Səudiyyə Ərəbistanına da aiddir. Və bununla əlaqədar olaraq, bütün dostlarımızı, o cümlədən Suriyanı terrora qarşı mübarizədə maraqlı olan qonşu ölkələrlə konstruktiv dialoqu nizamlamaq üçün səylər göstərməyə çağırırıq. Bununla yanaşı, Rusiya əvvəlki kimi terrora müqavimət göstərən Suriya xalqına və rəhbərliyinə dəstək verməyəd avam edəcək”, - deyə Rusiya prezidenti Vlaidmir Putin suriyalı nazirlə görüşündə bildirib.

 Burdan görünür ki, Kreml “İslam dövləti” qruplaşması ilə mübarizədə bu ölkələrdən ibarət koalisiya yaratmaq istəyir: Rusiya – Suriya – Türkiyə – İordaniya – Səudiyyə Ərəbistanı.

Bu kombinasiyanın qeyri-adiliyi gözlərə sıçrayır. Birincisi, Səudiyyə Ərəbistanı, Türkiyə və İordaniya artıq ABŞ-ın yaratdığı beynəlxalq koalisiyada yer alırlar. Hazırda bu koalisiyada 60 ölkə var, doğrudur, onlardan çoxunun İŞİD-lə mübarizədə iştirakı nominal xarakter daşıyır.

“İsrael Hayom” qəzetinin yazır ki, indiyə kimi amerikalı rəsmilər sözdə bir neçə dəfə mücahidləri İŞİD-i məhv ediblər, lakin əməldə qruplaşma sağ və salamatdır, hələ görünür ki, özünü heç vaxt belə yaxşı hiss etməmişdi.

Regional müttəffiqlərin səfərbər olunmasına əsaslanan “alternativ strategiya”nın irəli sürülməsi ilə də Vaşinqtonda heç nə alınmadı.

Bəzi dövlətlər dövlət strukturlarının çöküşü ilə üzləşdi (İraq və potensial olaraq Türkiyə), Səudiyyə Ərəbistanı isə Yəməndə zəifləməyə başlayır.

Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı öz ərazilərində “Azad Suriya Ordusu” üçün təlim düşərgələrinin yaradılmasına icazə verdikdə isə, “boş gediş” mənzərəsi yaranır.

Eyni zamanda “İslam Dövləti”nin yaranmasından bəri Qərb mətbuatı bu Türkiyə və Səudiyyə Ərəbistanının mücahidlərə kömək etdiyi barədə məlumatlar yayır. Həmçinin bu terror təşkilatının sponsorları yanında Qətərin və İordaniyadakı bir sıra dairələrin də adı çəkilir.

Ona görə də yenidən “Moskva” koalsiyiyasının yaranmasından sonra mümkün və qeyri-mümkün məsələlər, əvvəlki amerikayönlü koalisiyadan fərqlənmə məqamları barədə suallar ortaya çıxır. İŞİD-lə mübariəzədə vahid cəbhə yoxdur. Qruplaşma ilə Suriya və İraqın dövlət qoşunları, kürd birləşmələri və havadan zərbə endirməklə kifayətlənən koalisiya iştirak edir.

Qərb KİV-inin məlumatlarına görə,  İran da Suriya və İraqda öz varlığını gücləndirib, lakin Suriya qoşunlarına dəstəyi daha çox Livanın şiə  məzhəbli “Hizbulla” təşkilatı tərəfindən göstərir.

Ola bilər ki, məhz buna görə də İranın adı yeni koalisiya təkliflərində səslənmir.

Nəzərə alsaq ki, Moskva Dəməşqə yenə də dəstək göstərmək fikrindədir, yeni koalisiyanın əsas şərti isə Bəşər Əsədi tərəfdaş kimi qəbul etməkdir.

Martda ABŞ dövlət katibi Con Kerri də bəyan etmişdi ki, “İslam dövləti”nə qarşı mübarizədə Əsədlə danışıqlar aparmaq lazım gələcək. Və qeyd etmək lazımdır ki, Putin yuxarıdakı bəyanatdan əvvəl ABŞ prezidenti Barak Obama ilə telefonda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Bu da, diqqəti Moskva ilə Vşainqton arasında hansısa razılaşmanın olmasına çəkir.

Lakin bu fikirlər də var ki, Putin bununla ABŞ-ın diqqətini “Ukrayna məsələsi”ndən yayındırmaq istəyir. Ankara və Moskva arasındakı razılıq ehtimalı isə daha inandırıcı görünür. Türkiyə KİV-inə sızmalar başlayıb ki, Türkiyə Suriyanın şimal ərazilərinə hərbi müdaxiləyə başlaya bilər. Bu məlumatlar prezident, baş nazir və bir sıra yüksək rütbəli hərbçilərin keçirdiyi altı iclasdan sonra daha da aktuallaşıb. Ehtimal olunur ki, Türkiyə 100 kilometr uzunluğunda və 28-33 kilometr enliyi olan bir ərazidə bufer zona yaradacaq. Lakin bu məsələyə öncədən ABŞ tərəfi də etiraz etmişdi.  Əgər Moskva tərəfindən yeni koalisiya təklif olunursa, Ankara da bu planı üçün Dəməşqdən razılıq almalıdır ki, Suriyanın hökumət qoşunları ilə toqquşmadan uzaq olsun.

Ərdoğan Suriya rəhbəri ilə dialoqa girməlidir, bunun üçün də, Suriya XİN başçısı demişkən, “böyük səylər tələb olunur”.  Bir çox ekspertlər bu fikirdədir ki, Putin Ərdoğanla Əsədi barışdıra bilər.

Amma bu da belə asan görünmür, məsələ ondadır ki, Türkiyə qoşunları Suriyanın şimalına girərsə, İŞİD-lə də savaşmaq lazım gələcək.  Bundan başqa, kürd və hökumət qoşunları arasında da razılaşma var ki, kürd birləşmələri ekstremistlərdən azad etdikləri Xaseke rayonlarında öz bayraqlarını qaldıra bilərlər. Bundan sonra isə Ərdoğan bəyanat verdi ki, Türkiyə öz sərhədlərinə dirənən ərazidə yeni kürd dövlətinin yaradılmasına imkan verməyəcək.

Ona görə də, belə ola bilər ki, Türkiyə qoşunları həm İŞİD-in, həm də Suriya kürdlərinin hücumuna məruz qalaraq tələyə düşsün.

Beləliklə, Yaxın Şərqdə vəziyyət yenə də sürətlə dəyişə bilər. Bizi növbəti “sensasion geopolitik sürprizlər” gözləyir.

Şərhlər