Azərbaycanda “yunan böhranı” təkrarlanacaq? - Ekspertlər həyəcan təbili çalər...

04.02.2016 10:25     A-reaksiya     2392

Beynəlxalq reytinq agentlikləri Azərbaycan Respublikasının, bir sıra bankların, dövlət şirkətlərinin reytinqini aşağı salıb. Əlbəttə, bunun əsas səbəbi ölkəyə daxil olan gəlirlərin azalması, bankların zərərlərinin yüksəlməsi, iqtisadiyyatda risk faktorlarının artmasıdır.

“Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qzəeti yazır ki, bir müddət əvvəl "Standard and Poors" reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirmişdi. Agentliyin yaydığı son hesabatında buna əsas səbəb kimi neftin ucuzlaşmasının ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Maliyyə Nazirliyi isə hesabatda bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bundan əlavə, "Standard and Poors" "Azərenerji" ASC-nin reytinqini də "VVV-"-dan "VV+"a endirib. Dövlət tərəfindən zəruri maliyyə dəstəyi olmasa, Agentlik reytinqi daha bir neçə pillə endirə bilər.

Ekspertlərin fikrincə, "Azərenerji"dən sonra digər dövlət şirkətlərinin reytinqində də pisləşmə olacaq. Azərbaycanın suveren reytinqi aşağı salındıqdan sonra proses zəncirvari xarakter alacaq və digər dövlət qurumları da mövqelərini itirməli olacaq.

Azərbaycanın reytinqlərdə mövqeyinin aşağı düşməsi onun xaricdən borc və investisiya cəlb etmək imkanlarını məhdudlaşdırır. Hazırda hökumət Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 3-4 milyard dollara yaxın yardım almaq üçün danışıqlar aparır. Ekspertlərin fikrincə, ölkə üzrə iqtisadi risklər artdığına görə həmin maliyyə yardımı ilə bağlı şərtlər ağırlaşa bilər. Bu isə ölkənin bahalı kredit məngənəsində boğulma təhlükəsini yaradır. Bir sözlə, Yunanıstan böhranının Azərbaycanda da yaşana biləcəyi ehtimalı artıb. İqtisadçılar düşünür ki, hökumət xaricdən bahalı borc cəlb etməkdənsə, Dövlət Neft Fondunun aktivlərindən istifadə edə bilər. Lakin Azərbaycan iqtidarı fərqli düşünür. Hökumət maliyyə təşkilatlarından kredit almaq imkanları məhdudlaşacağı təqdirdə, Yaxın Şərq dövlətlərindən borc almaq fikrindədir. Artıq Səudiyyə Ərəbistanından və Birləşmiş Ərəb Əmirliyindən borc alınması üçün müzakirələr getdiyi bildirilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, reytinq maliyyə qurumları, bank sektoru üçün çox mühüm bir faktordur: "Qiymətləndirmə zamanı ölkənin və özəl təşkilatın cari göstəriciləri önə çəkilir, aktivləri və passivləri qiymətləndirilir. Ümumi makroiqtisadi göstəricilər dəyərləndirilir. Əslində, Azərbaycan Respublikasının, dövlət şirkətlərinin və bankların reytinqlərinin aşağı salınacağı gözlənilirdi.

Çox güman ki, "Standard & Poors"dan sonra digər qiymətləndirmə təşkilatları da reytinqlərini aşağı salacaq. Çünki ölkədə iqtisadi böhranın baş verməsi danılmazdır. Ölkənin resurs iqtisadiyyatı üzərində durduğu birmənalı şəkildə üzə çıxıb, qeyri-neft sektoru barəsində indiyədək yaranmış mənzərənin reallığı əks etdirmədiyini göstərdi. Neftin qiymətinin aşağı düşməsi isə Azərbaycanın makroiqtisadi göstəricilərinin sürətlə aşağı düşməsinə gətirib çıxarıb. Bu baxımdan agentliklər ölkəmizin reytinqini aşağı salacaq. Bu məlumatlar investisiya şirkətləri üçün çox vacib bir məsələdir".

R.Həsənov əlavə etdi ki, reytinqlərin aşağı düşməsi ölkəmiz üçün xeyli fəsadlar verəcək: "Xarici mənbələrdən kreditlər götürülən zamanı borclanma faizlərinin yüksəlməsinə gətirib çıxaracaq. Reytinqlərin aşağı salınması onu göstərir ki, ölkəmizdə maliyyə riskləri böyükdür, iqtisadiyyatında daralmalar var və sonrakı dövrlər üçün borcların qaytarılmasında müəyyən problemlər yarana bilər. Risklər artdığına görə borclanma faizləri də yüksələcək. Ölkə istədiyi qədər borc cəlb etməkdə çətinliklə üzləşə bilər. Xarici investisiyaların cəlb olunmasında müəyyən durğunluq müşahidə edilə bilər.

Ölkəmizə xarici investisiyaların gəlməsinin çox vacib olduğu bir dönəmdə reytinqlərin aşağı düşməsi ən böyük maneələrdən biri ola bilər. Digər məqamlardan biri isə, Azərbaycana borc təklif edən təşkilatların əllərindəki rıçaqlar möhkəmlənir. Onlar həmin rıçaqlardan istifadə edərək daha ağır şərtlərdə kreditlər ayıra bilərlər".

Beynəlxalq maliyyə təşkilatlarının yerini xarici dövlətlərdən alınacaq borclarla əvəzləmək olarmı? Donor dövlətlər nə dərəcədə əlverişli şərtlərlə borc verə bilər?

R.Həsənovun sözlərinə görə, istənilən halda reytinq göstəricilərinin aşağı düşməsi qarşı tərəfin mövqeyini danışıqlarda möhkəmləndirir: "Məsələ burasındadır ki, BMT-nin təşəbbüsü ilə yaradılan beynəlxalq maliyyə qurumları maliyyə dəstəkləri zamanı öz tələblərini irəli sürürlər. Yəni burada faiz göstəricilərindən, gəlirlərdən söhbət getmir. Əsas məqsəd ölkə iqtisadiyyatındakı problemlərin aradan qaldırılması üçün maliyyə yardımı ayırmaqdır. Təbii ki, bunun qarşılığında hökumətlərin qarşısında islahatlar aparılmasına dair öhdəliklər dayanır. Onlar həmin kreditləri mərhələli şəkildə təqdim edirlər. Buna Yunanıstan təcrübəsini misal göstərmək olar.

Dövlətlərin verdiyi borclarda maraqlar fərqlidir. Burada dövlətin strateji maraqları naminə və yaxud ölkə başçılarının arasındakı şəxsi münasibətləri prizmasından yanaşaraq bir sıra öhdəliklər irəli sürmür. Əlbəttə, dövlətlərdən borclanma maliyyə təşkilatlarının kreditlərindən daha bahalı olur. Amma bu zaman heç bir tələb irəli sürülmədən, islahatların aparılmasına dair öhdəliklər götürülmədən daha rahat borcu əldə etmək mümkündür".

İqtisadçıya görə, Azərbaycan Yaxın və Uzaq Şərq dövlətlərinin bəzilərindən xarici borc cəlb etməyi düşünür: "Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, hətta Çinin Azərbaycana borc vermək imkanları müzakirə olunur".

İqtisadçının fikrincə, hökumət xarici borclanmadan çox, Neft Fondunun vəsaitlərindən istifadə etməsi daha məqsədəuyğundur: "Düşünürəm ki, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməlidir. Çünki Azərbaycan ən aşağı faizlə kredit götürsə belə, onlar Neft Fondunun aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlərdən daha yüksək olur. Fondun gəlirləri çox aşağı səviyyədədir. Bundan sonra Azərbaycan heç bir halda 1 faizdən aşağı borc əldə edə bilməyəcək. Bu baxımdan Neft Fondunun vəsaitlərinin bir qisminin ölkəyə gətirilməsi daha məqsədəuyğundur. Bununla bağlı dəfələrlə təkliflər səslənib. Hesabatlardan məlum olur ki, Neft Fondunun likvidikliyi cəmi 300 milyon dollardır. Qurumun 5-6 milyard dollarlıq aktivinin nağdlaşdırılmasına ən azı 1 il vaxt gedir. Bu baxımdan həmin vəsaitlərin Azərbaycana gətirilməsi üçün hökumət 1 il öncədən planlaşdırma həyata keçirməli və vəsaitlərin likvidikləşdirilməsi qərarı verilməli idi. Bu gün yaranmış iqtisadi situasiya təcili maliyyə paketi tələb edir. Ona görə də hökumətin 1 il vaxt itirdiyini deyə bilərik".

Şərhlər

Çox oxunanlar